Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunmuş görkəmli incəsənət xadimlərinə ordenlər təqdim olundu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan musiqisinin, təsviri sənətinin inkişafında böyük xidmətləri olan görkəmli sənət adamları - heykəltəraş, Xalq rəssamı Tokay Məmmədov, bəstəkar, Xalq artisti Musa Mirzəyev, dirijor, Xalq artisti Rauf Abdullayev “Şərəf”, qaboy ifaçısı, Xalq artisti Kamil Cəlilov “Şöhrət” ordeni ilə təltif olunub.
Mayın 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinə mühüm töhfələr vermiş ustad sənətkarlara ordenləri təqdim etdi.
Təqdimat mərasimində çıxış edən nazir ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini bildirdi. Nazir sənət adamlarına yüksək dövlət təltiflərinin ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində təqdim edilməsinin təsadüfi olmadığını vurğuladı: “Çünki sizin hamınızın fəaliyyəti Heydər Əliyevin yaşayıb-yaratdığı dövrdə başlamış, bu dövrdə böyük sənət nailiyyətləri əldə etmisiniz. Sizin hamınızın əməyi ümummilli lider tərəfindən çox yüksək qiymətləndirilmişdir. Biz düşündük ki, məhz Heydər Əliyevin 90 illiyi ərəfəsində onunla bir dövrdə çalışmış, Azərbaycan xalqının mədəniyyətini ucaltmış, xalqın incəsənətinə böyük töhfələr vermiş sənətkarlara bu yüksək mükafatları təqdim edək”.
Mədəniyyət sahəsində çalışan insanlara dövlət qayğısı ənənəsinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayan nazir ölkə başçısının mayın 1-də imzaladığı sərəncamla 130 nəfər incəsənət xadiminin Azərbaycan Respublikası Prezidentinin mükafatı ilə təltif olunduğunu bildirdi. Nazir Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən irimiqyaslı və uğurlu layihələrdən danışdı, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada təbliğ olunmasında, tanıdılmasında böyük işlər görüldüyünü diqqətə çatdırdı.
Sonra Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş incəsənət xadimlərinə - Xalq rəssamı Tokay Məmmədova, Xalq artistləri Musa Mirzəyevə və Rauf Abdullayevə “Şərəf”, Xalq artisti Kamil Cəlilova “Şöhrət” ordenini təqdim etdi.
Nazir təltif olunan mədəniyyət və incəsənət xadimlərinin əməyinin hər zaman yüksək qiymətləndirildiyini bildirərək onlara yeni yaradıcılıq uğurları, cansağlığı arzuladı.
Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.
Tədbirdən sonra təltif olunan sənətkarlardan bir neçəsi ürək sözlərini bizimlə bölüşdü.
Xalq artisti, bəstəkar Musa Mirzəyev:
- Bu, sənətimizə verilən yüksək qiymətdir. İstedadlı adamlar hamısı eyni olmurlar. Onların istedadlarının rəngləri var. O rənglərə hökumət tərəfindən qiymət verilməsi çox təqdirəlayiqdir. Ona görə mən möhtərəm Prezidentə, Mədəniyyət və Turizm Nazirliyinə, musiqi ictimaiyyətimizə öz minnətdarlığımı bildirirəm.
Xalq artisti Rauf Abdullayev:
- Çox həyəcanlıyam. Mən bu mükafatı təkcə özümə götürmürəm, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin rəhbəri kimi bu mükafatı bütün kollektivlə bölüşürəm. Hörmətli Prezidentimizə dərin təşəkkürümü bildirirəm.
Xalq artisti Kamil Cəlilov:
- Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirəm ki, incəsənətə həmişə qayğı göstərir, böyük öndər Heydər Əliyevin yolunu davam etdirir. Bu bizi çox sevindirir. Bu yüksək təltif məni çox kövrəltdi, bir daha minnətdarlığımı bildirirəm. Dövlətimizdən çox razıyam, bundan sonra da öz sənətimlə xalqımıza, mədəniyyətimizə xidmət edəcəyəm.
Təranə Vahid