Yaradıcı ziyalıların Abşeron rayon sakinləri ilə görüşündə ulu öndərin tarixi xidmətlərindən söz açıldı
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi müxtəlif tədbirlərlə geniş qeyd edilir. Mayın 2-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xırdalan şəhərində yaradıcı ziyalıların Abşeron rayon sakinləri ilə görüşü də əlamətdar yubileyə həsr olunmuşdu.
Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İradə Gülməmmədova, nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu, İnformasiya və reklam sektorunun məsləhətçisi Faiq Xudanlı, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edirdi.
Əvvəlcə iştirakçılar Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildirdilər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzinə baş çəkdilər. Yaradıcı ziyalılar rayon Mədəniyyət evində yubileylə bağlı keçirilən kitab bayramı çərçivəsində təşkil olunmuş sərgi ilə də tanış oldular.
İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova iştirakçıları salamlayaraq tanınmış ziyalıların dahi öndərin 90 illik yubileyi və Abşeron rayonunun yaranmasının 50 illiyi ərəfəsində sakinlərlə görüşünü yüksək qiymətləndirdi.
Tədbirin aparıcısı, tanınmış şair Çingiz Əlioğlu siyasi və dövlətçilik fəaliyyəti ilə Azərbaycanın tarixində dərin iz qoymuş dahi rəhbərin yubileyi münasibətilə ziyalılarla ictimaiyyətin bu cür görüşlərini təqdirəlayiq hal adlandırdı. Bildirdi ki, ulu öndər zəngin həyat və fəaliyyəti ilə hər kəsə örnəkdir: “Abşeron rayon sakinləri ilə görüşə gəlmiş ziyalılar ulu öndərlə bağlı öz fikirlərini, xatirə və təəssüratlarını bölüşəcək, şeirlərini səsləndirəcəklər”. Çingiz Əlioğlu rayonun yaranmasının 50 illiyi münasibətilə təbriklərini də çatdırdı.
Millət vəkili Hüseynbala Mirələmov çıxışında Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söz açdı. Vurğulandı ki, böyük liderin zəngin ömür yolunun zirvələrini xronikal qaydada xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Ulu öndərin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət onun siyasi portretindən gedirsə, bircə tezislə kifayətlənmək olar. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirən lider idi.
AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da fikirlərini bölüşdü: “Bizim yazıçılarımız həmişə həqiqi liderlərini sevib və hörmət ediblər. Heydər Əliyev ideyalarından Azərbaycan bu gün də bəhrələnir, sabah da bəhrələnəcək. Azərbaycanın tarixində böyük ideyalar müəllifləri olub, böyük siyasi xadimlər olub. Amma əsl lider, siyasi xadim odur ki, qalib gəlmiş olsun. Heydər Əliyevin özünəqədərki siyasətçilərdən fərqi odur ki, o xalqın tarixində qalib gəldi. Siyasətçinin məğlub olması, xalqının məğlub olması deməkdir. Nə qədər böyük layihələr, ideyalar irəli sürülsə, nə qədər böyük mətləblərdən danışılsa da, əgər həyata keçmirsə, nə lider əsl lider olur, nə də millət əsl millət. Xalq isə həmişə arzularla yaşayır. Bu mənada böyük öndəri Şah İsmayıl Xətai ilə müqayisə etmək olar. O, azərbaycançılıq ideologiyasını formalaşdırdı. Bütün dünyaya sübut elədi ki, azərbaycanlılar heç bir xalqdan geri deyil. Yazıçılarımızın, şairlərimizin, alimlərimizin Heydər Əliyevin xatirəsi qarşısında, gördüyü işlər qarşısında bir qiymətləndirmə borcları var. Və bu borc bizim ziyalıların üzərindədir”.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ümummilli liderin Azərbaycan mətbuatının inkişafına göstərdiyi qayğıdan danışdı. Qeyd olundu ki, ulu öndər mətbuatın problemləri ilə daima maraqlanardı. Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirir, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirdi. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da Heydər Əliyev tərəfindən imzalanıb. Həmin fərmanla milli mətbuatımızın 125 illiyi təntənəli şəkildə qeyd olundu. Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb”. Mətbuatla daim təmasda, jurnalistlərin yanında olan, mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən Heydər Əliyev 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul etdi, bu sahədə mövcud problemləri müzakirə etdi. Həmin görüşdən sonra bir sıra məsələlər operativ həllini tapdı. Dövlət başçısının mətbuata bu cür dost münasibəti media mənsubları tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü”.
Şairlərdən Elxan Zal Qaraxanlı, Ramiz Məmmədzadə çıxışlarında ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açaraq, vətən, torpaq haqqında şeirlərini söylədilər.
Sonda incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu. 2011-ci ildə keçirilən II Respublika muğam müsabiqəsinin qalibi xanəndə Aytən Məhərrəmovanın, “Avrasiya səsləri” müsabiqəsinin qalibləri Ədalət Behbudovun (tar), Pərviz Fərhadovun (kamança) ifasında musiqi nömrələri alqışlarla qarşılandı.
Ceyhun Zərbəliyev