Qədim şəhərimizin tarixinə, mədəni irsinə ayna tutan kitab təqdim olundu
Mayın 1-də Atatürk Mərkəzində Əməkdar jurnalist Flora Xəlilzadənin “Ruhumuzun ünvanı Şuşa” adlı kitabının təqdimatı keçirildi. Mərkəzin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov tədbiri açaraq kitab haqqında məlumat verdi.
Bildirdi ki, Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin 9 aprel 2012-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanan kitabda müəllif xalqımızın qədim yurd yeri, Azərbaycanın mədəniyyət və sənət beşiyi olan şəhərin keçmişindən, ədəbi mühitindən, məşhur simalarından və müxtəlif sahələrdə fəaliyyət göstərən istedadlı şəxsiyyətlərindən söz açır.
Kitabda tanınmış yazıçı-jurnalistin 2012-ci ilin aprelindən 2013-cü ilin fevralınadək “Azərbaycan”, “Mədəniyyət” və “Kaspi” qəzetlərində dərc olunmuş 100-ə yaxın məqaləsi yer alıb. On bölmədən ibarət olan nəşrdə müəllif Şuşanın tarixinə ayna tutaraq ictimaiyyətə məlum olmayan məxəzləri araşdırıb, müxtəlif mövzuları sadə və oxunaqlı şirin bir dillə qələmə alıb. Nizami Cəfərovun sözlərinə görə, kitab gözəl bir ensiklopediyadır. Oxuduqca adamda Şuşanın tarixi, mədəni irsi haqqında geniş təsəvvür yaranır.
Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir çıxış edərək bildirdi ki, biz Flora xanımla eyni nəslin nümayəndələriyik, onu çoxdan tanıyıram: “Flora xanım bu kitabı ilə Şuşaya əbədi bir abidə ucaltdı. Kitabda Şuşanın bütün tarixi-memarlıq abidələri və görkəmli şəxsiyyətləri haqqında çox dəyərli məqalələr yer alıb”.
Professor Qəzənfər Paşayev Flora Xəlilzadəni istedadlı qələm sahibi, gözəl ziyalı kimi xarakterizə etdi, təqdim olunan kitabın dəyərli məziyyətlərindən söz açdı: “Kitabda indiyə qədər ictimaiyyətə məlum olmayan məsələlərdən və faktlardan maraqla söhbət açılır. Müəllifin bütün yaradıcılığında çox böyük məntiq və məna vardır. Kitabda toplanan məqalələrin hamısını oxumuşam. Çünki bu məqalələrin hamısı dövri mətbuat səhifələrində dərc olunub”.
Millət vəkili Qənirə Paşayeva bu dəyərli kitaba görə Flora xanımı təbrik etdi: “Flora xanım, doğrudan da, bu kitabı yaşayıb, sonra yazmısınız. Kitabı oxuyarkən hiss edirsən ki, o, Şuşanı, bütövlükdə Qarabağı, doğma kəndi Urudu yuxularında yaşayıb. Kitabda onun sevinci və kədəri yaşayır. Bu, gələcək nəsillərin kitabıdır. Həqiqətən gələcək nəsillər bilməlidir ki, biz nədən Qarabağı - Şuşanı bu qədər sevmişik. Bu müqəddəs yer haqqında bu qədər ağrılar-əziyyətlər çəkmişik. Bu dəyərli əsər gənclər arasında yayılmalıdır”.
Millət vəkili Flora Qasımova bildirdi ki, müəllifin məqalələrinin demək olar ki, hamısını mətbuat səhifələrindən izləyirəm: “Siz bu kitabla dünyasını dəyişmiş bütün şuşalıların ruhunu şad etmisiniz. Gün o gün olsun ki, növbəti kitabınızın təqdimatını Şuşada keçirək”.
Filologiya elmləri doktoru Vilayət Əliyev, millət vəkili, şair Musa Urud, filologiya elmləri doktoru Vaqif Arzumanlı və digər çıxış edənlər kitab haqqında ürək sözlərini bildirdilər, müəllifə gələcək işlərində yaradıcılıq uğurları arzu etdilər.
Sonda Flora Xəlilzadə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov