Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
   
   Mayın 1-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının və Zərdabi Mətbuat Mərkəzinin birgə reallaşdırdığı “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri, dövlət strukturlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib.
   
   Tədbirdə icrasına bu ilin yanvarından başlanılmış layihə çərçivəsində Mətbuat Şurası və Zərdabi Mətbuat Mərkəzinin təşkilatçılığı, Azərbaycan Ağsaqqallar Şurasının dəstəyi ilə keçirilmiş “Heydər Əliyev və türk dünyası” mövzusunda yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi də olub.
   Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirdiyini, layihənin də bu qəbildən olduğunu bildirib.
   Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə çərçivəsində Azərbaycan mediasında türkdilli ölkə və toplumların həyatının işıqlandırılması ilə bağlı bu ilin fevral-aprel ayları üzrə monitorinq keçirildiyini bildirib və onun nəticələrinə görə də diplomların təqdim olunacağını diqqətə çatdırıb.
   Qeyd olunub ki, ümumilikdə müsabiqəyə 50 iş təqdim edilib. Birinci yerə bir, 2-ci yerə iki, 3-cü yerə üç nəfər layiq görülüb, həmçinin 17 iştirakçıya isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb.
   Müsabiqədə 1-ci yerə AzərTAc agentliyinin mədəniyyət, incəsənət və turizm xəbərləri redaksiyasının müdiri Əhməd Məmmədov layiq görülüb. 2-ci yerə “Mədəniyyət” (Vüqar Əliyev) və “Türk dünyası ağsaqqalları” (Akif Azalp) qəzetlərinin əməkdaşları sahib olublar. 3-cü yeri “İki sahil” (Sevinc Azadi), “Bakı Xəbər” (Vaqif Cəliloğlu) və Yevlaxda nəşr edilən “Kür” (Afaq Bayramova) qəzetlərinin əməkdaşları tutub. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.
   Azərbaycan mediasında türkdilli ölkə və toplumların həyatının işıqlandırılması vəziyyətini müəyyənləşdirmək məqsədilə keçirilən monitorinqin nəticələrinə əsasən, qəzetlər arasında “Xalq Cəbhəsi” birinci, “Olaylar” və “Zaman Azərbaycan” qəzetləri müvafiq olaraq ikinci və üçüncü, informasiya agentlikləri arasında isə APA birinci, “Trend” ikinci, “Səs” isə üçüncü yerlərə layiq görülüb.
   Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş müsabiqədə fərqlənən, ümumiyyətlə, ölkədə gedən prosesləri operativ işıqlandıran, ömrünü bu peşəyə həsr edən qələm sahiblərini təbrik edib. Bildirib ki, ölkəmizin müstəqilliyə qovuşması, qüdrətinin gündən-günə artması, dünya dövlətləri arasında söz sahibinə çevrilməsi Azərbaycanın müstəqillik möhürünü vuran, xalqımızın ümummilli lideri Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Hazırda ulu öndərin Azərbaycanın hərtərəfli tərəqqisi siyasəti onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun bu günlərdə Azərbaycanda olduğu kimi, Türkiyədə də adı hörmətlə yad edilən ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin böyük təntənə ilə qeyd olunduğunu söyləyib. Diplomat ümummilli lider Heydər Əliyevin adının türk xalqının böyük öndəri Mustafa Kamal Atatürklə eyni sırada çəkildiyini vurğulayaraq hər iki dahi şəxsiyyətin nurlu ideyalarının layiqincə həyata keçirildiyini diqqətə çatdırıb.
   Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı “Heydər Əliyev və türk dünyası” mövzusunun çox geniş mövzu olduğunu, ulu öndərin bu sahədə çox böyük işlər gördüyünü bildirib. Qeyd etmişdir ki, dahi rəhbər Azərbaycanın türk dünyasında vacib rolunu, inkişaf istiqamətlərini müəyyən edib. Onun hakimiyyətə gəlişi ilə türk dövlətləri və xalqlarının inteqrasiyası yeni vüsət alıb, Azərbaycan ilə digər türk dövlətləri arasında geniş və hərtərəfli əməkdaşlıq, dostluq əlaqələri inkişaf edib.
   Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov, Mirkazım Kazımov, Fəzail İbrahimli çıxış edərək ulu öndərin müasir Azərbaycan tarixində silinməz izlər qoyduğunu bildirib, dahi liderin yubileyinə həsr olunmuş müsabiqədə qalib gəlmiş KİV nümayəndələrini təbrik ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar