Dünyada və Azərbaycanda ən çox oxunan kitablar

Hər il dünyanın müxtəlif ölkələrində ən populyar nəşrlərin siyahısı hazırlanır. Azərbaycanda bu sahədə əhatəli statistika aparılmasa da, nəşriyyatlar, kitab mağazaları hər ayın və ilin sonunda daha çox maraq doğuran nəşrlərin siyahısını açıqlayırlar. Biz də dünyada və Azərbaycanda ən çox oxunan kitablar və onların populyarlığının səbəbləri ilə bağlı qısa araşdırma apardıq.

Dünyanın 10 populyar kitabı

“Ginnesin rekordlar kitabı”nın mütəxəssisləri bütün dövrlərin və xalqların 10 ən populyar kitabının siyahısını hazırlayıblar. Onların apardığı araşdırmaya görə, nəşriyyat işi başlanandan bu yana dünyada ən çox işıq üzü görən nəşrlər müqəddəs kitablar - Bibliya və Qurandır. Sözügedən nəşrlərin real tirajı bilinməsə də, bu rəqəm milyonlarla ölçülür. Reytinq cədvəlində ikinci yeri Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun çıxışları əsasında hazırlanmış sitatlar kitabı tutur. Kitab ümumilikdə 900 milyon nəşr olunub. Hərçənd Çin əhalisinin sayı nəzərə alınarsa, bu elə də böyük rəqəm deyil. Digər yandan, bu nəşrin real olaraq nə qədər satıldığını da demək mümkün deyil.

Dini və siyasi-ideoloji kitablardan sonra bədii ədəbiyyat olaraq ən çox satılan nəşrlər sırasında Kristofer Reuel Tolkienin “Üzüklərin hökmdarı”, Noy Vebsterin “Amerika hüsnxət sorğu kitabı”, Uilyam Holmsun “Makqaffi uşaq oxu antologiyası”, Bencamin Spokun “Uşağa qulluq qaydalarının əsasları”, Den Braunun bütün dünyada qalmaqala səbəb olmuş “Da Vinçi kodu”, Elbert Xabbardın “Qarsiyaya məktub” kitabları var. Fransız yazıçısı Antuan Sent de-Ekzüperinin “Balaca şahzadə” əsəri dünyanınn 180 dilinə tərcümə edilərək 500 dəfədən çox nəşr olunub və ümumi tirajı 80 milyona yaxındır. “Ginnesin rekordlar kitabı”nın özü də dünyanın ən populyar 10 nəşri sırasında yer alıb.

Azərbaycanda ən çox oxunan kitablar

Ölkəmizdə ən çox oxunan kitablara gəlincə, kitab evi və nəşriyyatların aylıq statistikası bu barədə müəyyən təsəvvür yaradır. Bu göstəricilərə əsasən deyə bilərik ki, Azərbaycanda ilk onluq və iyirmiliklərdə yer alan kitablar əsasən dünya yazıçılarının əsərləridir, amma bu sırada öz müəlliflərimiz də var. Azərbaycan oxucusunun daha çox müraciət etdiyi ədəbi nümunələr içərisində Den Braunun “Da Vinçi kodu”, Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı”, Paulo Koelyonun “Kimyagər”, Qurban Səidin “Əli və Nino”, Elif Şafakın “Aşk”, Mövlana Cəlaləddin Ruminin “Eşq pərvanəsi” və digərləridir. Əsərləri 30-dək dilə tərcümə olunmuş və dünyada tanınan Xalq yazıçımız Çingiz Abdullayevin kitabları da bu sıradadır. Eyni zamanda, Sultan Məmmədov, Elxan Elatlı, Varis və başqa müəlliflərin əsərləri də çox oxunanlar sırasındadır.

Bundan əlavə, müxtəlif mövzularda kitablar - Jack Harvey, Ernie Jovseyin “Müasir ekonomiks”, N.Qreqori Mankyunun “Ekonomiksin əsasları”, T.M.Xudazarovun “İngilis dilinin qısa kursu”, Osman Gündüzün “Kompüter. İnformasiya texnologiyasının əsasları”, Fərəh Pəhləvinin “Xatirələr”, “Foreks. Maliyyə bazarının əlifbası” kimi kitablar da ilk onluqlarda yer alıb.

Detektiv janra üstünlük verilir

“Akademkitab” mağazasının direktoru Ramiz Səfərov son illər Azərbaycan oxucularının əsasən detektiv janra üstünlük verdiklərini deyir: “Hazırda Çingiz Abdullayevi, Elxan Elatlını çox oxuyurlar. İsmayıl Şıxlının “Dəli Kür” romanı, Vidadi Babanlının kitabları yenə alınır. Rus ədəbiyyatından Dostoyevskiyə, dünya ədəbiyyatından Markes, Umberto Ekoya maraq göstərirlər”.

Ramiz Səfərov Azərbaycan klassiklərinin də əsərlərinə müraciət olunduğunu qeyd edir: “Oxucular bizim klassikləri soruşanda sevinirəm. Nizaminin “Xəmsə”sini istəyəndə məmnun oluram ki, əsrlərin ədəbi yaddaşına hələ də müraciət olunur”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyir ki, oxucular əsasən detektiv ədəbiyyata maraq göstərirlər. Gənclər öz ixtisaslarına uyğun elmi ədəbiyyatlar almağa da üstünlük verirlər.

Kitab mağazalarında satıcılar isə söhbət zamanı bildirdilər ki, son illər oxucuların sayı artıb. Gün ərzində orta hesabla 30-40 kitab satılır. Son zamanlar xarici ədəbiyyat nümunələrinin Azərbaycan dilinə tərcümə edilməsi də alıcıların sayına təsir göstərib. Əsasən də detektiv romanlar satılır. Gənclər bədii fantastikaya üstünlük verirlər. Xalq yazıçısı Çingiz Abdullayev, gənc yazar Qaraqanın kitabları çox alınır. Xarici yazarlardan Xaled Hoseini, Sam Hayes, Anna Gavalda və digərlərinin əsərləri daha çox satılır.

Tərcümə ədəbiyyatına böyük maraq var

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da razılaşır ki, bu gün Azərbaycanda ən çox oxunan tərcümə ədəbiyyatıdır: “Kitaba marağın artmasının bir səbəbi də son vaxtlar xarici ədəbiyyatın daha çox tərcümə olunması ilə bağlıdır. İlk onluqlarda yerli müəlliflərdən Çingiz Abdullayevlə Elxan Elatlının kitabları daha çox yer alır. Ümumilikdə isə dünya klassiklərinin əsərləri daha çox satılır”.

Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar