Mayın 6-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb.
Baş katib mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qazax bəstəkarı, Qazaxıstanın Dövlət mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası münasibətilə paytaxtımıza gəlib. Opera türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində təqdim olunub.
Qonağı salamlayan nazir Əbülfəs Qarayev ölkəmizin TÜRKSOY-la əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, türkdilli ölkələrlə qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. Azərbaycan opera sənətinin şah əsəri olan “Koroğlu” operasının türkdilli ölkələrdə səhnəyə qoyulmasının əhəmiyyətini qeyd edən nazir dahi Üzeyir Hacıbəylinin bu ölməz əsərinin İtaliya səhnəsində də oynanılması üçün təşəbbüs göstərildiyini diqqətə çatdırıb.
Nazir bu təşəbbüslərin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirərək, türkdilli ölkələr arasında mədəni layihələrlə yanaşı, turizm əlaqələrini də inkişaf etdirməyin vacibliyini qeyd edib.
May ayının sonunda Bakıda keçiriləcək İkinci Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonağa məlumat verən Əbülfəs Qarayev onu tədbirdə iştiraka dəvət edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qazax bəstəkarının operasının Bakı premyerasının uğurla gerçəkləşməsindən məmnunluğunu ifadə edib: “Operanın premyerasının Bakıda keçirilməsi böyük bir hadisədir. Təəssüf ki, əsərin müəllifi bu yaxınlarda dünyasını dəyişdi və belə beynəlxalq səviyyəyə layiq təşkil olunan tamaşanı görməyə ömrü vəfa etmədi. Premyeranın uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinə, Mədəniyyət və Turizm Nazirliyinə, Opera və Balet Teatrının rəhbərliyinə Qazaxıstan rəhbərliyinin və TÜRKSOY-un adından dərin minnətdarlığımı bildirirəm. Belə layihələr xalqlarımızı yaxınlaşdırır və bizləri bir-birimizin mədəniyyəti, musiqisi ilə yaxından tanış edir”.
TÜRKSOY-un baş katibi ümidvar olduğunu bildirib ki, bu yöndə əlaqələrimiz daha da inkişaf edəcək və türkdilli ölkələrin mədəniyyəti qardaş ölkələrdə daima təmsil olunacaq.
Lalə Azəri