Mayın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə muzey işçilərinin respublika müşavirəsi keçirildi. Ölkədə fəaliyyət göstərən bütün muzeylərin rəhbərlərinin iştirak etdiyi müşavirə “Heydər Əliyev və muzeylərimiz” adlı videoslaydın nümayişi ilə başlandı.
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzey işçilərini qarşıdan gələn peşə bayramları - 18 may “Beynəlxalq muzeylər günü” münasibətilə təbrik edərək müşavirənin əlamətdar bir tarixdə - ulu öndərin 90 illiyi ərəfəsində keçirildiyini vurğuladı: “Ümummilli lider mədəniyyətin digər sahələri kimi, muzey işinə də hər zaman diqqət göstərirdi. Şəxsən muzeylərin fəaliyyəti ilə tanış olur, onların açılışında iştirak edir, muzey işçiləri ilə fikir mübadiləsi aparırdı. O, böyük şəxsiyyətlərin fəaliyyəti ilə maraqlanır, onların ev-muzeylərinin açılmasına şərait yaradırdı. Eyni zamanda, bu muzeylərdə dahi şəxsiyyətlərin fəaliyyətlərinin necə əks olunacağına diqqət göstərirdi. Regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılmasına böyük önəm verirdi. Bu gün həmin siyasət davam etdirilir. Ulu öndərin davamçısı Prezident İlham Əliyev tərəfindən 2007 və 2009-cu illərdə muzey işinin təkmilləşməsinə dair iki fərman imzalanmışdır. Bu sənədlərdə yer alan müddəaların bir qismi həllini tapsa da, muzey işi sahəsində hələ də bəzi problemlər qalmaqdadır. Son dövrlərdə muzey işi sahəsində ciddi irəliləyişlər olub, yeni muzey binaları inşa edilib, təzə ekspozisiyalar yaradılıb. Bir neçə muzeyin fəaliyyəti təkmilləşib və bu proses indi də davam edir. Azərbaycan muzeyləri artıq dünya miqyasında tanınmağa başlayıblar”.
   Qeyd olundu ki, bu yaxınlarda Xalça Muzeyinin yeni binası istifadəyə veriləcək, Milli İncəsənət Muzeyinin keçid korpusu tikilib və yaxınlarda açılışı olacaq: “Beynəlxalq muzeylər günü” münasibətilə Belçikada xüsusi tədbir keçiriləcək və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Avropanın qabaqcıl qoruqları siyahısına daxil olacaq. Bundan əlavə, bir neçə regionda arxeoloji qazıntıların aparıldığı yerlərdə tarixi irsin nümayişi üçün xüsusi qorunan, mühafizə olunan məkanlar yaradılıb ki, bu da bizə turizmin inkişafı üçün yeni imkanlar yaradır. Regionlarda bir çox qiymətli eksponatların qorunduğu Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə muzey işi sahəsindən danışılarkən biz müasir muzey işinin qurulmasına daha çox diqqət yetirməliyik. Bu günün gənc nəslində muzeylərə nə cür maraq yaratmaq olar və əhalinin muzeylərlə əlaqələri necə qurulmalıdır - indi bu suallar aktualdır. Hər bir regionun özünəməxsus tələbatı var və muzeylər də işlərini tələbata uyğun qurmağı bacarmalıdır. Çalışmalıyıq ki, bu problemləri həll edib muzey işini müasir günün tələblərinə uyğun qura bilək. İşimiz təkcə eksponatları qorumaqdan ibarət olmamalıdır. Bu sahədə də müasir yeniliklər, interaktivlik tətbiq edilməlidir”.
   Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr muzey işinin inkişafında mühüm mərhələ olub: “Ulu öndər deyirdi ki, öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz. Onun muzey işinə böyük diqqəti sayəsində ölkəmizdə muzey şəbəkəsinin inkişafı, müxtəlif profilli muzeylərin yaradılması sahəsində böyük işlər görülüb. Məhz ulu öndərin təşəbbüsü ilə incəsənət, elm və ədəbiyyat xadimlərimizin muzeyləri yaradılıb. 1980-ci illərdə ölkənin bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başlayıb. Bu siyasət bu gün də uğurla davam etdirilir. Son illərdə respublikamızda onlarla yeni muzey yaradılıb, bir çoxları əsaslı təmir edilib. Müasir dövrdə muzeylər mədəni - maarifləndirici mərkəzlərə çevrilir. Hazırda nazirliyin sistemində 212 muzey fəaliyyət göstərir. Bunlardan 13-ü incəsənət, 7-si ədəbiyyat, 13 tarix, 68-i tarix-diyarşünaslıq və digərləri ev-muzeyləri profillidir. Bu gün fəaliyyətdə olan muzeylərimiz işlərini dünya standartlarına uyğun qurmaq üçün daim axtarışlar və elmi araşdırmalar aparır, təlimatlarla tanış olurlar”.
   Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Sumqayıt Şəhər Tarix Muzeyinin direktoru Olya İslamova muzey işçiləri qarşısında duran vəzifələrdən və problemlərdən söz açdılar. Çıxışlarda Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchiz olunmasına dair fikirlər irəli sürüldü.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar