Mayın 6-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev. Vətənə qayıdış” mövzusunda fotosərgi açıldı. Muzeyin direktoru Fəridə Şəmsi əvvəlcə tədbirin mövzusundan söz açdı. Qeyd etdi ki, sərgidə ilk dəfə olaraq ulu öndərin həyat və fəaliyyətinin çox mühüm bir mərhələsini - Naxçıvan dövrünü işıqlandıran fotoşəkillər nümayiş olunur. Həmin fotolar muzeyə operator və fotoreportyor Aftandil Qurbanov tərəfindən təqdim edilib.
Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, şair İlyas Tapdıq, “Azərbaycan Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədr müavini Asif Şirinov və başqa çıxış edənlər ulu öndərin zəngin siyasi və dövlətçilik fəaliyyətdən danışdılar. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin zəkası və qətiyyəti sayəsində Azərbaycan dövləti dağılmaq, parçalanmaq təhlükəsindən xilas olub. Dahi rəhbərin əsasını qoyduğu dövlətçilik siyasəti və inkişaf strategiyası bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulandı ki, xilaskar rəhbərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Sərgidə Yasamal rayon 24 nömrəli uşaq yaradıcılıq mərkəzinin şagirdləri tərəfindən bədii-musiqili kompozisiya təqdim olundu.
Ceyhun