Qarşılıqlı film həftələrinin, birgə kino layihələrinin təşkili müzakirə olunub
   
   Mayın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiyanın tanınmış kinoaktyoru Lazar Ristovski və rejissor Yovan Markoviçi qəbul edib.
   
   Serbiyalı kino xadimləri görkəmli rejissor, Xalq artisti Vaqif Mustafayevin dəvəti ilə ölkəmizə səfərə gəliblər. Kinorejissor Vaqif Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç, nazirliyin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun da iştirak etdiyi görüşdə maraqlı fikir mübadiləsi aparılıb.
   Azərbaycanda kino sənətinin hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Əbülfəs Qarayev ölkələrimiz arasında kino əlaqələrinin inkişaf etdirilməsinin, kino qurumlarımızın əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd olunub ki, payız aylarında ölkəmizdə serb kinematoqrafının seçilmiş nümunələri nümayiş olunacaq. Eyni zamanda, Azərbaycan və Serbiya kinematoqrafçıları tərəfindən “Yol” adlı sənədli film lentə alınacaq.
   Rejissor Yovan Markoviç bildirib ki, film Serbiyada çalışan azərbaycanlılar və Azərbaycanda yaşayan serblərdən bəhs edəcək.
   Görüşdə iki ölkənin qarşılıqlı film həftələrini təşkil etmək barədə irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb.
   2012-ci ilin oktyabr ayında Bakıda keçirilən I Beynəlxalq İdman Filmləri Festivalının münsiflər heyətinə başçılıq etmiş rejissor Yovan Markoviç paytaxtımızın ötən müddətdə daha da gözəlləşdiyini deyib. O, azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək istədiyini bildirib.
   İlk dəfə ölkəmizdə səfərdə olan Lazar Ristovski burada gördüyü mehribanlıq və qonaqpərvərlikdən danışıb. Azərbaycan və serb xalqlarının bir-birinə çox bənzədiyini vurğulayıb.
   Sonda mədəniyyət və turizm naziri bu görüşü kino sahəsində əlaqələrimizin inkişafına yardım edəcək addım kimi qiymətləndirib. Əbülfəs Qarayev “Space” televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.
   Qeyd edək ki, səfər çərçivəsində serbiyalı qonaqlar Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunda da olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar