Prezident İlham Əliyevin Avstriyaya səfəri çərçivəsində mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Mərasimdə çıxış edən dövlətimizin başçısı dünya mədəniyyəti paytaxtlarından sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirib.
   
   Səfər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə Avstriya dövlətinin başçısı ilə ətraflı fikir mübadiləsi apardıqlarını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın da uğurla davam etdirildiyini vurğulayıb.
   Bakıda Qız qalasının bərpasını, həmçinin respublikamızın paytaxtında müasir Xalça Muzeyinin inşasını avstriyalı mütəxəssislərin həyata keçirdiklərini diqqətə çatdıran dövlət başçısı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.
   Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etməkdən şərəf duyduğunu deyən Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauer ölkələrimiz arasında dostluq münasibətlərindən söz açıb, mədəni əlaqələrin xalqların bir-birinə yaxınlaşmasına kömək etdiyini deyib.
   Mərasimdə diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr Mədəniyyət Mərkəzinin ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirərək dövlət başçısına minnətdarlıq ediblər. Bildirilib ki, Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyəti böyükdür.
   Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında yaradılıb. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün zəngin mədəniyyətimiz, incəsənətimiz və turizm imkanlarımız barədə müxtəlif tədbirlərin təşkili nəzərdə tutulub. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək də daxildir. Buradakı kitabxanada qonaqlar Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Füzuli və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi və muğamlarımızı, görkəmli bəstəkarlarımızın əsərlərini dinləmək imkanı əldə edəcəklər. Mədəniyyət Mərkəzində təşkil olunacaq sərgilərdə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və xalq tətbiqi sənətinin ən maraqlı nümunələri təqdim olunacaq.
   Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə verməkdir.
   Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni mədəniyyət ocağı da bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar