Mayın 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış gürcü rejissoru, məşhur “Əsgər atası” filminin müəllifi Rezo Çxeidze və filmin yeni rəngli versiyasının yaradıcı heyəti ilə görüşüb.
   
   Görüşdə iki ölkə arasında mədəni əlaqələrdən, o cümlədən kino sahəsində əməkdaşlıqdan söz açıldı. Bu yaxınlarda Gürcüstanda səfərdə olduğunu qeyd edən nazir iki qonşu və dost ölkənin münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi.
   Görkəmli rejissor Rezo Çxeidze ilə görüşməkdən məmnunluğunu vurğulayan Əbülfəs Qarayev onu müasir kino sənətinin canlı klassiki adlandırdı: “İllər öncə çəkdiyiniz “Əsgər atası” filmi hələ də populyarlığını itirməyib və insanların sevə-sevə izlədiyi ekran əsəridir. Filmdə təsvir olunan hadisələr o zaman əksər azərbaycanlı ailəsinin, övladı cəbhədə olan atanın başına gələ bilən hadisələrdir. Bu səbəbdən də film insanlara bu qədər yaxındır. Müharibə insanlara hər zaman ölüm və faciə gətirir. Ona görə də “Əsgər atası” kimi ekran əsərləri müharibəyə nifrət yaradır. Son illər bizdə də Qarabağ müharibəsinə həsr edilmiş filmlər çəkilir. Biz belə filmlərin sayının daha çox olmasına çalışırıq”.
   Rezo Çxeidze görüşə görə nazirə təşəkkür edərək bildirdi ki, “Əsgər atası” filmi hələ 1965-ci ildə Bakıda nümayiş olunub: “Bakı ilə məni çox şey birləşdirir. Sonrakı filmlərimin bir çox epizodlarını məhz burada çəkmişəm. Filmin rəngli variantının ilk təqdimatı Qələbə günü ərəfəsində Moskvada oldu, ikinci təqdimat isə mayın 20-də Bakıda keçirildi”.
   “Əsgər atası” filminin çəkilişləri barədə danışan rejissor bildirdi ki, filmin ssenari müəllifi Suliko Jqenti özü müharibədə döyüşüb və onun bütün dəhşətlərini öz gözləri ilə görüb: “O, filmin qəhrəmanı Georgi Maxaraşvili kimi yaralanaraq hospitalda yatıb və atası ona baş çəkib. Sonra biz onunla Moskvada bir yerdə oxuduq, o, ssenarist idi, mən isə rejissorluq şöbəsində oxuyurdum. Beləliklə, biz onun xatirələri əsasında film çəkməyi qərara aldıq. Qəribə də olsa, film ümumittifaq ekranına çətinliklə çıxdı. Ssenariyə, baş rolun ifaçısı Serqo Zakariadzeyə etirazlar oldu. Lakin sonra filmin nəinki Sovet İttifaqının, hətta bütün dünya ekranlarına zəfər yürüşü başlandı. Uzun illər keçməsinə baxmayaraq, film indi də böyük maraq doğurur. Bu marağı nəzərə alaraq filmin rəngli versiyasını hazırladıq”.
   Rejissor qeyd etdi ki, yaşının çox olmasına baxmayaraq, yaradıcılıq axtarışlarını davam etdirir. Bu yaxınlarda yeni film üzərində işə başlamağa hazırlaşır.
   Nazir qocaman kinorejissora və gürcü kinematoqrafçılarına gələcək işlərində yaradıcılıq uğurları arzuladı.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar