Görkəmli şairənin 900 illiyi UNESCO-da qeyd olunub
Mayın 16-da Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında görkəmli Azərbaycan şairəsi və mütəfəkkiri Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO yanında ölkəmizin müvəqqəti işlər vəkili Anar Kərimov, UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev Məhsəti Gəncəvinin şəxsiyyətinin və istedadının miqyasından söz açaraq bildirib ki, dünya korifeyləri Dante, Rable, Füzuli, Şekspir, Servantes, Volter və Tolstoy kimi, Məhsəti Gəncəvi də yalnız öz ölkəsinə deyil, bütün bəşəriyyətə məxsusdur. Məhsəti Gəncəvi Azərbaycanın gözəl guşəsində, o dövrdə bütün Şərqin böyük mədəniyyət mərkəzi hesab olunan Gəncədə doğulub, orada yaşayıb-yaradıb. Şairənin əsasən rübai janrında yazdığını vurğulayan E.Əfəndiyev rübainin yalnız Azərbaycan poeziyasında deyil, Şərq ədəbiyyatında dörd misradan ibarət maraqlı bir janr olduğunu vurğulayıb: “Məhsətinin dörd misraya sığışdırdığı böyük fəlsəfi fikirlər onu müasirləri olan dünya miqyaslı şairlər - Nizaminin, Xaqaninin yaradıcılığı ilə bir səviyyəyə yüksəltmişdir”.
Baş nazirin müavini daha sonra deyib: “Bu gün bütün dünyada gender problemi ən ciddi problemlərdən biri hesab olunur. Amma Məhsəti Gəncəvi hələ doqquz əsr bundan əvvəl gender ideyalarını təbliğ etməklə yanaşı, bu ideyaları öz yaradıcılığında əməli şəkildə tətbiq edirdi. Doğma xalqı bu böyük şairəni unutmayıb və heç vaxt unutmayacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Məhsəti Gəncəvinin 900 illiyi ilə bağlı sərəncamı bir tərəfdən Azərbaycanda Məhsətinin irsinə, Məhsətinin şəxsiyyətinə verilən qiymətdirsə, digər tərəfdən ölkəmizdə mədəniyyətə və sənətə göstərilən diqqətdən xəbər verir”.
M.Gəncəvinin yubileyinin UNESCO səviyyəsində qeyd edilməsindən bir Azərbaycan vətəndaşı kimi böyük qürur hissi keçirdiyini diqqətə çəkən baş nazirin müavini ölkəmizlə qurum arasında işgüzar münasibətlərin inkişaf etməsində Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çox böyük rolu olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tang çıxışında Azərbaycanın dünya mədəniyyətinin inkişafında xüsusi rola malik olduğunu, həmin irsin zənginləşməsinə bu gün də töhfələr verdiyini qeyd edib. Məhsətinin dünya ədəbiyyatının nadir simalarından olduğunu vurğulayan natiqin sözlərinə görə, Məhsəti Gəncəvi feminist ideyaları ədəbiyyatda bütün parlaqlığı ilə əks etdirən qüdrətli sənətkardır.
AMEA-nın müxbir üzvü, millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı Rafael Hüseynovun çıxışı da maraqla qarşılanıb: “XII əsrdən indiyədək həm Şərqdə, həm Qərbdə onlarla, yüzlərlə şöhrətli, qüdrətli xanımlar olub. Amma Məhsəti məhz yaratdığı irsin, tərənnüm etdiyi duyğuların və parlaq şəxsiyyətinin sayəsində bu günədək ən böyük xanım olaraq qalır. Çünki o, birinci olub, yol açıb, çünki o, daim sevilən bir nümunə yaradıb. O, yüzillər öncə ana dilində - türkcə danışmış, o dövrün məşhur şeir və sənət dillərində - farsca, ərəbcə yazıb-yaratmışdır. Məhsəti bu gün dünyanın ən müxtəlif ölkələrində, ən müxtəlif dillərdə - almanla almanca, italyanla italyanca, fransızla fransızca, farsla farsca, ingilislə ingiliscə danışır”.
Sonda Azərbaycan incəsənət ustalarının Məhsəti Gəncəvinin rübailəri əsasında hazırladığı musiqili kompozisiya səslənib. Qədim Musiqi Alətləri Ansamblının ifa etdiyi rəngarəng melodiyalar, rəqs və xor elementləri ekranda nümayiş etdirilən miniatürlər, Məhsətinin şeirlərinə çəkilmiş illüstrasiyalarla müşayiət olunub.
Tədbirdə Rafael Hüseynovun şairə haqqında tədqiqat əsərinin 20 dildə nəşr edilmiş nüsxələrindən ibarət sərgi təşkil olunub, müxtəlif dillərdə kitablar qonaqlara hədiyyə edilib.