18 May - Beynəlxalq Muzeylər Günü görkəmli şair, Azərbaycan uşaq dramaturgiyasının banisi Abdulla Şaiqin mənzil-muzeyində maraqlı tədbirlə qeyd olundu.
   
   Balacalar sevimli ədiblərinin mənzilində onun sənət işığına toplaşmışdılar. Muzeyin əməkdaşları əlamətdar gün münasibətilə onlara gözəl hədiyyə - A.Şaiqin “Tülkü həccə gedir” əsəri əsasında kukla tamaşası hazırlamışdı. Tamaşanın bədii tərtibatçısı rəssam Sabir Qasımov, quruluşçu rejissoru isə Elgün Seyidzadədir.
   Musiqi tərtibatında xalq mahnı və rəqslərimizdən istifadə edilib. Tamaşada nağıl qəhrəmanları muzeyin əməkdaşları Ülviyyə Əliyeva (tülkü), Humay Teymurova (xoruz), Həbibə Rəhimli (toyuq), Fidan Kərimova (cücə) tərəfindən səsləndirildi. Tamaşanın aparıcıları isə Səidə İsmayılova və Elminaz Məmmədli idi.
   Tamaşadan sonra A.Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək böyük ədibin nuruna yığışan hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi və bu mənzilin qapılarının şairin balaca dostlarının üzünə daim açıq olduğunu bildirdi. Qeyd etdi ki, kukla tamaşasının səhnələşdirilməsində məqsəd qonaqlara həm A.Şaiq yaradıcılığını, həm də ədibin yaşayıb-yaratdığı ocağını tanıtmaqdır.
   Şairin mənzil-muzeyinin təsərrüfat müdiri Rauf Kərimov bizimlə söhbətində belə tədbirləri tez-tez təşkil etdiklərini bildirdi: “Abdulla Şaiqin evi həmişə ziyarətçilərlə dolu olur. Beynəlxalq Muzeylər Günü ilə əlaqədar muzeyimizdə “açıq qapı” günü elan edilib. Kukla tamaşası gün ərzində bir neçə dəfə balaca tamaşaçılarımız üçün nümayiş etdirilib”.
   Tədbirdə iştirak edən 6 saylı məktəb-lisey kompleksinin şagirdləri, Yasamal rayonu 184 saylı bağçanın uşaqları şairin şeirlərini söylədilər. Sonda bütün qonaqlar ədibin mənzil-muzeyi ilə tanış oldular.
   
   Nigar







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar