Əlimərdan bəy Topçubaşov - 150
      
   
   Mayın 23-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçirildi. 

   Tədbiri muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq tədbirin Prezident İlham Əliyevin Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi ilə bağlı sərəncamına uyğun olaraq keçirildiyini vurğuladı. Qeyd olundu ki, XX əsrin əvvəllərində Azərbaycan xalqının müstəqilliyi uğrunda yorulmaz mübarizə aparan bu böyük şəxsiyyətin gördüyü işlər, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyəti, ilk Azərbaycan Parlamentinin yaradılması sahəsində səyləri tariximizin qürur duyulacaq səhifələridir.
   Sonra tarix elmləri doktoru, professor, Əlimərdan bəy Topçubaşov irsindən bəhs edən “Tarixi şəxsiyyətin tarixi” kitabının müəllifi Cəmil Həsənli məruzə ilə çıxış etdi. Ə.Topçubaşovun tərcümeyi-halından söz açan alim onun 1863-cü ildə Tiflisdə tanınmış zadəgan ailəsində anadan olduğunu, gimnaziyanı bitirdikdən sonra təhsilini Sankt-Peterburq Universitetində davam etdirdiyini, 1894-cü ildə Bakıya köçdüyünü, həmin il görkəmli maarifçi Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurduğunu nəzərə çatdırdı.
   Bildirildi ki, XX əsrin əvvəlində yaranan tarixi şərait, həmin dövrün qabaqcıl ideyalarının təsiri Ə.Topçubaşovun həyatının əsas istiqamətlərini müəyyənləşdirir. O, müsəlman dünyasında islahatların aparılması, İslam dəyərləri əsasında yeni təfəkkürün formalaşması, Azərbaycan cəmiyyətinin avropalaşdırılmasının tərəfdarına çevrilir. Ə.Topçubaşov hələ redaktoru olduğu “Kaspi” qəzetində dərc etdirdiyi yazılarında niyyətini açıq şəkildə bəyan edirdi.
   Onun mühüm xidmətlərindən biri də 1901-ci ildə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə müsəlman qızlar məktəbinin açılışında fəal şəkildə iştirak etməsidir. 1906-cı ildə Rusiya Dövlət Dumasının deputatı kimi Rusiya müsəlmanlarının hüquqları uğrunda, sonrakı dövrdə Bakı Dumasının qlasnısı qismində Əhməd bəy Ağayev və Fərrux bəy Vəzirovla birgə türk-müsəlman əhalisinin şəhərin iqtisadi və mədəni həyatında daha aktiv təmsil olunması üçün çalışır.
   1917-ci ildə çarizmin süqutundan sonra Ə.Topçubaşov Müəssislər Məclisinin üzvü seçilir, məclis buraxıldıqdan sonra Zaqafqaziya Seymində müsəlman fraksiyasının rəhbərlərindən biri olur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra o, müstəqil dövlətimizin ilk səfiri olur. Diplomatik missiyasını əvvəlcə Gürcüstanda, daha sonra isə Türkiyədə davam etdirir. 1918-ci ilin dekabrında Xalq Cümhuriyyəti Parlamentinin sədri seçilir. Yüksək səviyyəli təhsil aldığına və peşəkar hazırlığa malik olduğuna görə Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik missiyasının rəhbəri kimi Paris sülh konfransına göndərilir. Ə.Topçubaşovun müstəqil Azərbaycan dövlətinin dünya ictimaiyyəti tərəfindən tanınmasına yönəlmiş fəaliyyəti 1920-ci ilin yanvar ayında dövlətimizin Antanta Ali Şurası tərəfindən de-fakto tanınması ilə nəticələnir.
   1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra mühacirət həyatı yaşayan Əlimərdan bəy Azərbaycanın sovet Rusiyası tərəfindən anneksiyası faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması uğrunda fəaliyyətini davam etdirib. O, 1934-cü ildə Parisdə ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib, Sen-Klo məzarlığında dəfn olunub.
   Məruzədən sonra muzeyin xəritələr sektorunun müdiri Fikrət Bağırov görkəmli dövlət xadiminə aid eksponatların, sənədlərin Ə.Topçubaşovun həyat və fəaliyyətinin öyrənilməsində rolundan bəhs etdi. Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin Azərbaycandan xaricdə təbliğinin vacibliyindən və “İrs-Nasledie” beynəlxalq jurnalının bu istiqamətdə gördüyü işlərdən danışdı. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı.
   
   Savalan Fərəcov 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar