Oktyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın 75 illik yubileyi ilə əlaqədar oxucularla görüş keçirilib.
Əvvəlcə Xalq yazıçısının həyat və yaradıcılığından bəhs edən videogörüntü nümayiş olunub.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qoca, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, yazıçı-publisist Mirkazım Seyidov, nasir, dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Xalq artisti Firəngiz Mütəllibova çıxış edərək yubilyarı təbrik ediblər.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tədbirdə çıxış edərək oxucular adından Xalq yazıçısını təbriklərini çatdırıb, ona fəxri diplom və hədiyyə təqdim edib.
Sonda Anarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.