Birgə irs, ümumi vəzifələr, davamlı gələcək
II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk plenar sessiyası
Mayın 30-da Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək” mövzusunda birinci plenar sessiya keçirildi. Tədbir Azərbaycanın beynəlxalq nüfuzunu, mədəniyyətini, turizm potensialını əks etdirən videoçarxın nümayişi ilə başladı.
Sessiyanın ilk məruzəçisi Bolqarıstanın sabiq prezidenti Georgi Pırvanov Forumun təşkilatçılarına minnətdarlığını bildirərək, müzakirələrin əhəmiyyətli olacağına əminliyini bildirdi: “Mədəni dəhlizlərin formalaşması uzun tarixə malikdir. Biz bu məsələləri müzakirə etməklə mühüm təşəbbüsləri həyata keçirə bilərik. Bakı Forumu artıq xüsusi bir platformaya çevrilir. Ölkələr arasında dialoqun dövlət və hökumət rəhbərləri səviyyəsində təşəkkül tapması isə çox sevindiricidir”.
Georgi Pırvanov bildirdi ki, regionların mədəni sərvətləri bizi ayırmır, əksinə, daha da yaxınlaşdırır: “Biz hamımız anlayırıq ki, davamlı inkişaf aktiv əməkdaşlıq səviyyəsində mümkün ola bilər. Mədəni dəhlizlər bir sıra oxşar təşəbbüsləri özündə ehtiva edir. Mədəniyyətlərarası, dinlərarası dialoqa təkan verir. Çox istərdim ki, biz bu Forumdan sonra konkret addımlar ataq. Təhlükə altında olan miraslarımızı, dəyərlərimizi qoruya bilək. Mühüm olan məsələlərdən biri də beynəlxalq mütəxəssis şəbəkəsinin formalaşdırılmasıdır. Müxtəlif mədəni təsisatlar arasında daimi və müvəqqəti əməkdaşlıq təşəkkül tapmalıdır. Çünki mədəniyyətlərarası dialoqun formalaşması ölkələr arasında qarşılıqlı etimada səbəb olur”.
Qonaq xüsusi olaraq vurğuladı ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir. Bakı Forumu inkişafa və müxtəlifliyə yardım edir.
Bakıda mədəniyyətlərarası dialoq üzrə Dünya Forumunun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq prezidenti Stefan Mesiç qeyd etdi ki, bu mötəbər tədbirdə humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Müasir dünyada mədəniyyətlərin artan rolunu nəzərə almamaq mümkün deyil. Humanizm qıtlığı yaşanan müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da önəmini xüsusi vurğulamaq lazımdır.
Azərbaycanın hər zaman mehriban qonşuluq, digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasəti yürütdüyünü söyləyən qonaq bunu təqdirəlayiq hal kimi dəyərləndirdi: “Biz deyə bilmərik ki, mədəni dialoq sahəsində problemlər yoxdur. Biz çalışmalıyıq ki, bunlar aradan qalxsın. Hər kəs öz mədəniyyətini inkişaf etdirməklə yanaşı, digər xalqların da mədəni sərvətlərinə hörmətlə yanaşmalıdır”. Sabiq prezident vurğuladı ki, dayanıqlı ekoloji turizm də mədəni əlaqələrin möhkəmlənməsində mühüm amillərdəndir.
Əsrlərlə davam edən etimadsızlığı davamlı dialoq aradan qaldıra bilər
Təmsil etdiyi qurumun son illər həyata keçirdiyi layihələrdən söz açan UNESCO-nun baş direktoru İrina Bokova gənclərin mədəni irsin qorunması prosesinə cəlb olunmasını vacib amil kimi dəyərləndirdi: “Biz “İrs gənc əllərdədir” təşəbbüsünü formalaşdırdıq. Bu, bizim üçün olduqca vacibdir. Gəncləri təşviq edirik ki, onlar bu irsin qorunmasında fəal iştirak etsinlər. Çətinliklərə, maneələrə baxmayaraq biz ümidsiz olmamalıyıq. Mədəni proqramları həyata keçirməliyik. Qəddarlıqla dağıdılmış mədəni abidələri görəndə insan qəlbən ağrıyır. Bunu məhv edənlər anlamalıdırlar ki, bu təkcə hansısa xalqın sərvəti yox, ümumbəşəri dəyərdir. Mədəni irsi qorumaq hər birimizin borcudur. Biz fəaliyyətimizlə birgə məsuliyyət hissinin formalaşmasına nail olmalıyıq. Əsrlərlə davam edən etimadsızlığı məhz davamlı dialoq aradan qaldıra bilər”.
Avropa və Asiyanın qovşağında yerləşən ölkəmizdə əsrlər boyu müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dövlətlər və xalqlar arasında sülhün qorunmasında mədəniyyətin, incəsənətin böyük önəm daşıdığını bildirdi. Qeyd etdi ki, Azərbaycan daima möhtəşəm beynəlxalq tədbirlərin təşəbbüskarı olmuş, nüfuzlu təsisatları beynəlxalq layihələrə cəlb edə bilmişdir. Bakı Forumu müxtəlif ənənələrin, dinlərin, mədəniyyətlərin nümayəndələrini bir araya gətirib: “Azərbaycan Avropa və Asiya arasında təbii körpü rolunu oynayır. Kifayət qədər mədəni və intellektual potensialı ilə seçilir, təcrübəsini paylaşır. Azərbaycan çoxmillətli ölkədir, burada tolerantlıq mühiti hökm sürür”.
Nazir çıxışında Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün acı nəticələrini də diqqətə çatdırdı. Qeyd olundu ki, işğal olunmuş ərazilərdə xalqımıza məxsus mədəniyyət, tarixi, dini abidələrin dağıdılması ümumilikdə bəşəriyyətin mədəni irsinə qarşı qəddarlıqdır.
Nazir bildirdi ki, dialoq ikitərəfli prosesdir. Dialoq hər iki tərəfə töhfə verməli, müxtəlif maraqlar təmin olunmalıdır. Mədəni, elmi, sosial, iqtisadi həyata öz töhfəsini verməli, qarşılıqlı dəyərlər paylaşılmalıdır: “Bizim hamımızın ümumi məsuliyyəti var ki, bu dialoqu ərsəyə gətirə bilək. Qlobal əməkdaşlıq güclənməlidir ki, davamlı və dayanıqlı inkişaf təmin olunsun. Gənclər isə bu prosesdə öz rollarını, perspektivlərini görməlidirlər”.
NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Kolinda Grabar-Kiaroviç təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdən danışdı.
Mədəni dialoqun qurulmasında NATO-nun da maraqlı olduğunu söyləyən qonaq bildirdi ki, belə forumlar çərçivəsində təşkil edilən görüşlər xalqlar arasında mövcud olan dəyərlərin qorunmasına təkan verir: “Bu bir daha göstərir ki, biz təhlükəsizliyimizin təmin olunması naminə birgə addımlar atmalı, birgə qərarlar verməliyik”.
Forum təşkilatçılarına dərin minnətdarlığını bildirən Monteneqronun mədəniyyət naziri Branislav Miçunoviç qeyd etdi ki, bu tədbir mədəniyyət sahəsində əməkdaşlıq etmək üçün unikal bir platformadır: “Bu gün Bakı Şərqlə Qərb arasında mədəni müzakirələrin keçirildiyi gözəl bir məkana çevrilib. Ən azı ona görə ki, bu ölkə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamasını təmin etməklə, həm də digərlərinə bariz nümunədir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər”.
Digər məruzəçilər də mədəniyyətlərarası dialoq prosesində mədəni dəhlizlərin formalaşmasının əhəmiyyətindən söz açdılar.
Ceyhun