II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində işgüzar görüşlər keçirilib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-da Bakıda işə başlayan “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbirin yüksək səviyyəli qonaqları ilə görüşlərində Bakı Forumunun əhəmiyyəti bir daha vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
   
   Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib
   
   Mayın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun əsas tərəfdaşlarından biri olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilə görüşdü. Qonağı salamlayan nazir BMT-nin Sivilizasiyalar Alyansının tədbirə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizdə həyata keçirilən ən böyük mədəniyyət layihələrindəndir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə artıq ikinci dəfə gerçəkləşən tədbirə dünyanın 100-dək ölkəsindən nümayəndələr qatılıb.
   Mədəniyyət və Turizm Nazirliyinin bir sıra beynəlxalq təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq qurduğunu vurğulayan Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansı ilə əlaqələrin də uğurla inkişaf etdiyini dedi. Nazir ümidvar olduğunu bildirdi ki, qurumun rəhbərinin Forumda şəxsən iştirak etməsi birgə müzakirələr baxımından da əhəmiyyətli olacaq.
   BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir səmimi qarşılanmaya görə nazirə təşəkkürünü bildirdi: “Azərbaycan paytaxtı artıq böyük beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bakının ikinci dəfə ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumunda iştirakımızdan məmnun olduğumuzu və bu cür beynəlxalq tədbirləri dəstəklədiyimizi bir daha vurğulamaq istəyirəm. Bu gün xalqlar arasında sülhün qorunmasında mədəniyyətin, incəsənətin böyük əhəmiyyəti var”.
   Görüşdə Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq məsələləri müzakirə olundu.
   
   Azərbaycan-Fransa əməkdaşlığında mədəniyyətin xüsusi yeri var
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fransalı deputatlarla görüşündə ikitərəfli münasibətlərdən söz açıldı. Nazir Azərbaycanla Fransanın müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, bu əlaqələrdə mədəniyyətin xüsusi yeri olduğunu vurğuladı.
   Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərləri, iki ölkə arasında imzalanan sazişlər əməkdaşlığa mühüm zəmin yaradır. Bu sənədlərin bir qismi mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutur. Fransa ilə Azərbaycan arasında mədəni əlaqələr yüksək səviyyədə qurulub.
   Nazir xüsusi qeyd etdi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlər Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafına böyük təkan verib. Azərbaycan musiqiçilərinin, sənət ustalarının Fransanın müxtəlif şəhərlərində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş silsilə tədbirlərdə iştirakı artıq ənənəyə çevrilib.
   İki ölkə arasında turizm sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini deyən Əbülfəs Qarayev qarşılıqlı infoturların təşkil edilməsini yüksək qiymətləndirdi və bildirdi ki, görkəmli yazıçı Aleksandr Dümanın Qafqaza səyahət qeydləri əsasında yaradılmış turizm marşrutu fransalı turistlər tərəfindən maraqla qarşılanacaq: “Hesab edirəm ki, Azərbaycan fransalı turistlər üçün cəlbedici ölkə ola bilər. Bunun üçün biz hər cür əməkdaşlığa hazırıq. İki ölkə bu sahədə də maraqlı layihələr icra edə bilər. Aleksandr Dümanın oxucuları Azərbaycanı gəzməklə onun vaxtilə Qafqaza səfər yolu ilə tanış ola bilərlər”.
   Qeyd olundu ki, Azərbaycan şirkətləri Fransada, Fransa şirkətləri isə Azərbaycanda keçirilən turizm sərgilərində fəal iştirak edirlər.
   
   Qarşılıqlı əlaqələrin təməli atılmalıdır
   
   Mayın 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Bakıya gəlmiş Mozambikin mədəniyyət naziri Armando Artur Joaonun rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul etdi.
   Həmkarını salamlayan Əbülfəs Qarayev bildirdi ki, bu səfər Azərbaycan-Mozambik əlaqələrinin təşəkkül tapmasına zəmin ola bilər: "Ölkələrimiz arasında mədəniyyət əlaqələri hələlik qurulmayıb. Ümid edirəm ki, səfəriniz bu əlaqələrin yaranmasına və inkişafına təkan verəcək. Milli mədəniyyətlərimizin qarşılıqlı surətdə xalqlarımıza tanıdılması olduqca vacibdir”.
   Mozambik xalqının zəngin mədəniyyətə sahib olduğunu deyən nazir qeyd etdi ki, Azərbaycanda bu mədəniyyət nümunələrinin təqdim olunması maraqla qarşılanar.
   Əbülfəs Qarayev eyni zamanda mozambikli musiqiçiləri ölkəmizdə təşkil olunan beynəlxalq festivallarda iştirak etməyə dəvət etdi və vurğuladı ki, belə bir təklif olarsa nazirlik hər cür dəstək verməyə hazırdır.
   Mozambikin mədəniyyət naziri Armando Artur Joao isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirdi və qeyd etdi ki, ölkəsi Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlıdır: “Mən ilk dəfədir ki, Azərbaycana gəlmişəm. Paytaxtınız çox gözəldir. Burada böyük mədəniyyət tədbirlərinin yüksək səviyyədə təşkil edildiyini, Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu bilirdim. Bu səfər mənə bütün bunları öz gözlərimlə görməyə imkan verdi. Belə bir imkanı yaratdığınız üçün sizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əlaqələrimiz genişlənəcək. Gələcəkdə sizi də Mozambikdə görməyimizə çox şad olarıq".
   
   Mədəniyyət günləri ölkələrarası münasibətlərə töhfədir
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət nazirinin birinci müavini Abdullah əl-Cəssurla görüşündə də ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər diqqətə alındı. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında sıx əlaqələr yarandığını vurğulayan Əbülfəs Qarayev bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirmək üçün geniş imkanların olduğunu bildirdi.
   Forumda iştiraka görə Səudiyyə Ərəbistanı nümayəndələrinə təşəkkür edən nazir vurğuladı ki, Azərbaycan dost müsəlman ölkəsi ilə mədəniyyətlərarası dialoqu daha da genişləndirmək niyyətindədir. Bu, xalqlarımızın bir-birinin mədəniyyətini, incəsənətini daha da yaxından tanımasına böyük təkan verə bilər.
   Səudiyyə Ərəbistanı mədəniyyət nazirinin birinci müavini bu fikri dəstəkləyərək öz növbəsində əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini təklif etdi. Bildirdi ki, bu tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsində, ziyalılar, ədəbiyyat adamları, mədəniyyət və incəsənət xadimləri arasında yaxın münasibətlərin yaranmasında böyük rol oynaya bilər. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı dinlər və mədəniyyətlər arasında əlaqələri gücləndirməkdə öz səylərini əsirgəmir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də ölkələrarası münasibətlərdə mədəniyyətin mühüm rol oynadığını bildirərək Səudiyyə Ərəbistanı ilə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı təklifin nəzərdən keçiriləcəyini dedi. Bir müddət əvvəl bu ölkənin Mədinə şəhərində mədəniyyət sahəsinə həsr olunmuş tədbirdə iştirak etdiyini və bundan böyük zövq aldığını vurğulayan nazir Azərbaycanın Səudiyyə Ərəbistanı ilə həm mədəniyyət, həm də turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
   
   Sadiq Musa,
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar