Ən yaxşı təcrübələr və çətinliklər
   
   Mayın 30-da “JW Marriott Absheron” hotelində II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər” mövzusunda birinci işçi sessiya keçirildi. Avropa Şurası Şimal-Cənub Mərkəzinin icraçı direktorunun müavini Roman Çlapakın moderatorluğu ilə keçən sessiya maraqlı çıxışlarla yadda qaldı.
   
   Roman Çlapak çıxışında bildirdi ki, tarix və tarixin tədrisi həmişə Avropa Şurasının təhsil sahəsində fəaliyyətinin əsasını təşkil edib: «Tarix mədəniyyətlərarası dialoqu dəstəkləyən bir alətdir. Bu mövzu hər zaman Avropa Şurasının diqqətindədir. İnanıram ki, bu sessiya tarixin tədrisində qazanılmış təcrübələrin və uğurların mübadiləsində böyük rol oynayacaq və bu sahədə qarşıya çıxan çətinliklərin birgə araşdırılmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə təkan verəcək».
   Sessiyada çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov qeyd etdi ki, bir sıra ölkələrin və millətlərin tarixin tədrisindən özlərinin müəyyən mənafelərinə nail olmaq üçün istifadə etməsi artıq adət halını alıb. Bu isə dünyanın bir çox yerlərində münaqişələrin yaranmasına səbəb olur, onların ədalətli həlli yolunda maneələr yaradır: «Bir çox hallarda tarixin tədrisindən faktları birtərəfli və qərəzli şəkildə təqdim etmək üçün istifadə edilir. Təəssüflər olsun ki, bizim regionumuz da bu cür hallardan xali deyil. Tarix xalqlar arasında körpüləri birləşdirməli, maneələr yaratmamalıdır. Bu fənnin gözəl, düzgün tədrisi üçün bu işə daha məsuliyyətlə yanaşmalıyıq».
   Artıq 20 ildən çoxdur ki, Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını deyən nazir diqqətə çatdırdı ki, iki ölkə arasında münaqişə erməni milli ekstremist qüvvələri tərəfindən başlanıb: “Mədəniyyətlərarası uzlaşma qarşılıqlı hörmət və anlaşmadan irəli gəlir. İnsanlar arasında ədavət, nifrət, düşmənçilik toxumlarının səpilməsinin qarşısını almaq üçün tarixin tədrisi sahəsində xüsusi mexanizmlərin yaradılması, bu istiqamətdə gənclərin potensialından istifadə edilməsi zəruridir. Çünki dünyada baş verən təbii fəlakətlərin, qlobal proseslərin fonunda bu gün insanların birləşmələrinə daha çox ehtiyac var».
   Türkiyənin İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Mərkəzinin baş direktoru Halit Eren təmsil etdiyi qurumun Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrdən danışdı. Forumun əhəmiyyətindən söz açan H.Eren bildirdi ki, mədəniyyətlərarası dialoq zəngin mədəni irsə malik xalqlar arasında əlaqələrin genişlənməsinə kömək edir. Bu həm də tarixin tədrisi ilə bağlı bir məsələdir: «Bu baxımdan beynəlxalq təşkilatlar arasında tərəfdaşlıq böyük önəm kəsb edir. Tarix ictimaiyyətə açıq olmalıdır. Beynəlxalq əməkdaşlıq tarixin tədrisi sahəsində yeni kurrikulumun işlənib hazırlanmasına kömək edə bilər. Əminəm ki, burada tarixin tədrisi sahəsində bilik və təcrübələrin mübadiləsi mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsini verəcək. Fürsətdən istifadə edərək, Azərbaycan hökumətinə, təşkilatçı qurumlara təşəkkürümü bildirirəm».
   Sessiyada Avropa Tarix Müəllimləri Assosiasiyasının təmsilçisi xanım Yok van der Lyu-Rod, Avropa Şurasının eksperti Brayan Karvel, Livandakı Adyan Fondunun sədri Fadi Daou, Fələstinin Betlehem Universitetinin professoru Sami Advan, Ukrayna Tarix və Sosial Tədqiqatlar Assosiasiyasının nümayəndəsi Polina Verbitska, mərakeşli professor Mustafa Həsəni İdrisi və başqaları çıxış edərək Bakı Forumunun əhəmiyyətindən danışdılar, müasir dövr üçün belə vacib tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
   Sessiyada mövzu ətrafında müzakirələr aparıldı, sonda məruzəçilər iştirakçıların suallarını cavablandırdılar.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar