Fikir sərkərdəmiz, milli əyilməzimiz - Hüseyn Cavid əfəndimiz...

Hər şeyi, hər “nüktə”ni görən gözlümüz. Hər şeyi görsə də, bilsə də “İblisəmi uymuş bəşəriyyət?!” deyibən suallanıb-söylənənimiz. “Nə eşq olaydı, nə aşiq” desə də, başdan-başa Aşiqimiz. “...Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” söyləyib, “kultura”dan dəm vuranlar tərəfindən sürgün edilən zəriflik, incəlik, müqəddəslik mücəssəməmiz...

Şəxsiyyəti, milli və bəşəri mədəniyyəti, ədəb-ərkanı ilə də poeziya idi Cavid əfəndi. Tək elə gözəlliklər Məcnunu deyildi, həm də gözəllik, məcnunluq, əsl insanlıq aləmindən bixəbərləri ədəb-irfan mərtəbələrinə çağırış Aşiqi idi. Özgə haqqına toxunmadan millətinə özgürlük hayqıran milli müştaq idi. O, “yer üzünün əşrəfi”nə məxsus ən “məxfi” hiss və duyğuları - ana təbiətdən də geniş və mürəkkəb insan təbiətindəki cəncəl-cəngəllikləri də “durnanı gözündən” məharətilə görürdü.
Onun bəsirət gözü bəşərdəki bioloji gözlərin kəmiyyət faizinə yox, keyfiyyət alisinə aid idi. O, bir şair kimi təbii gözəllikləri, insani özəllikləri vəsf etməli, rəngarəng lirizmlərlə məşğul olmalı ikən, qismətinə ictimai-siyasi kataklizmlər düşmüş ümumxalq mirzə-əfəndiliyi də etdi. “Kəndisini” gözgörəti alovlara atmaqdan “sakındıra” bilmədi. Sevgili qəlblər timsallı uca könlünü, qəlbi qələmini “politik” vurhavura cəlb etmək istəyənlərə “ura!” demədi. Elə keçənəklərdə düşmən üstünə yürüyən babalarının “vurha!” kəlməsindən gəlişmiş bu “ura”nı gələnəklərə daşımaqda bulundu. “Bulundu” demişkən, öz yaradıcılığındakı çalı-çabaları, cəhdləri, dil-üslub elementlərilə ümumturan ortaqlığımızın - sonralar formatlaşan “işdə birlik, əməldə birlik, dildə birlik” ideyasının bünövrəsini qoydu. “Politik” inqilabi çaxnaşmalardan çaş-baş qalmış Azərbaycan kütlələrində poetik inqilab yaratmaq istəyən bu əfəndimiz təkcə öz çağının yox, bütün gələcəyin irfan tufanı kimi çağladı.

Bu mərd fərdin dərdi...

Heç birinə heç bir fərq qoymadan bütün canlılarını yaşatmaqdan başqa bir “dərd”i olmayan ana təbiətin fəsilləri cəmi-cümlətanı dörd. Həmin canlıları vəsf etmək, heyvanatına mərhəmət, insanatına məhəbbət aşılamağa, haqq yolundan sapmamağa çalışan ədiblərin dərdi isə saysız-hesabsız. Dövlətlər, hökumətlər cəmiyyətləri vur-tut bir qanun kitabıyla idarə edir, onlar isə - formaca təbdən-təbə düşsələr də - məzmun-mahiyyətcə min-min arzu-xitablarla.
Hüseyn Cavid əfəndimizin təbiəti “təbiət və cəmadət” lövhələrilə ləbaləb! Onun təbiətindəki hissi temperaturlar, ədəbi-bədii temperamentlər müsbətin ən ulu və uca dağı, mənfinin ən dərin dərəsi! Düşüncə püskürtülərinin birində:

İblis nədir? - Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis!..


- deyə kükrəyən bu canlı Vulkan başqa bir məqamda - yad bir çocuqla baba-bala mükaliməsində könüllərə xoşşırran bir şəlalə, polifonik ladlı çay kimi axarlanır. Poetik monoloq kimi səslənən həmin dialoqda neçə-neçə digər şeir və poemalarında nəhəng fikirlər söyləyən, qeyri-adi psixoloji problemlər çözən şair insanın uşaqlıq yaşı əlifbasında necə də qocafəndi, müdrik gəzişmələr edir!

- Quzum, yavrum! Adın nədir?
- Gülbahar.
- Pəki, sənin anan, baban varmı?
- Var.


Bu şeirin bura qədəri bayatılarımızın ilk iki misraları timsalında - yəni “noolsun?” laqeydliyilə qarşılana biləsi sözlər. Amma sonrakı misralar bütöv bir həyat şəkli:

- Nasıl, zənginmidir baban?
- Əvət, zəngin, bəyzadə...
- Öylə isə, geydiyin geyim niçin böylə sadə?
Yoqmu sənin incilərin, altın bilərziklərin?
Söylə, yavrum! Hiç sıqılma...
- Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yoq qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti...

Sonrasıyca düşünürsən; bu qədər ciddi “mən”ə malik, bütün fikir-zikir ömrünü “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” kimi tarixi dramatizmliklərə, təsəvvürlərin təsvirinə həsr etmiş düşüncələrini yazılı arxivləri, xəyali-ehtimali “tör-töküntü”ləri yararlılaşdırmağa yönəltmiş, könlünü millətə verib, eşqini mədəni-mənəvi intibaha, siyasi istiqlala sərf etmiş bu hikmət ağsaqqalı hamıya məxsus aşiqlik də edə bilərmişmi? Və edərdisə, “eldən dışarı” alınmazdımı, ərəbin sözündə “dəvədə buynuz”, əcəmin gözündə “palazda çeşni” kimi görünməzdimi? Yox, qare əfəndi, bu Aşiq-ədibin “məşuqə”si də eləcə mərifət-ədəbanədir, həyayi-ağbirçəkyanədir. Buyurun, elələrindən birindən bir bənd:

Səhər vaqtı, ya Rəb, nə gördüm ki, canan
Gəlir şadü xəndan, xuraman-xuraman.
O məstanə gözlər süzüldükcə hər an
Alır can, dökür qan, xuraman-xuraman.


Bu zəriflik bəndindən sonra verəcəyim sərtlik (və qəriblik) bəndi arasında bir abzaslıq -

Publisistik elegiya

Bütün şüurlu ömrünü şərəfli millətinə, bəşəri ideyasına həsr, Vətənə fəda etmiş bu fədayi-Vətən sonda cəlayi-vətən oldu. 1882-ci il 24 oktyabrda Naxçıvanda doğuldu, 1941-ci il 5 dekabrda adlarından da buz yağan ünvanda (İrkutsk vilayəti, Tayşet rayonu, Şevçenko kəndi) öldü. Bilirəm, yaxşı bilirəm ki, bu ad-sanlı şəxsiyyətin, şanlı İsmin, böyük milli Mübtədanın dünyadəyişimini “öldü” xəbərilə ifadə etməzlər. Amma o, dünyasını neçə il əvvəl Bakıdan ayrı saldırılanda dəyişmişdi. Oradakı sıradanbir adamlar, siyasi münasibətlər, qurama düşüncələr içərisində dünyasını dəyişmək, vəfat etmək mümkün idimi? Yox, orada yalnız ölmək (!) olardı. Təsəvvür edin;

Ey odlu şəhpərilə saçan zəhri-intiqam!
Ey hərb ilahı! Ey sırıtan kinli əjdəha!
Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!
Endir də bir qədər nəfəs alsın bəni-bəşər.

- deyən bir kamil zat zatıqırıq bir yefreytorun süngüsü altında hər səhər xəndək qazmağa, şpal daşımağa gedir və hər saatı bir il kimi keçən gecələr ailə-uşağı, xalqı, Türk-Turanı ilə bağlı xəyallara dalır. Hələ “heç nə” yox ikən:

Ya Rəb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəb, bu nə vəhşət, nə zəlalət?
Yoq kimsədə insafü mürüvvət,
İblisəmi uymuş bəşəriyyət!?


- yazmış bir mütəfəkkir gözləri önündə cərəyan edən o barbar “var”lar içrə ikən nələr yazırmış könlündə?!
Hələ bu da var ki, bu incə qəlbli kişi ruhani ailəsində doğulmuş, ibtidai təhsilini molla məktəbində almışdı. Yaxşı ki, orta təhsili M.T.Sidqinin yeni üsullu məktəbində (“Məktəbi-tərbiyə”) keçmişdi, yoxsa, insanlığın “bolşevik” anti-insanlığı yeniliklərinə mənən heç dözə bilməzdi...
Tale onu son mənzildən əvvəl çox mənzillərə ürcah etmişdi. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, təhsilini Təbrizin “Talibiyyə” mədrəsəsində davam etdirmişdi. Altı il sonra İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirən Hüseyn əfəndi bir müddət Naxçıvanda, Gəncədə, Tiflisdə, 1915-ci ildən həbsinədək isə Bakıda müəllimlik etmişdir.
Sənəti janr və forma cəhətdən çox zəngin idi Cavidin. Fəlsəfəsi isə ixtisasca filosof olanların görüb-göstərə bildiklərindən daha geniş, daha əngin idi. O, etno-monoqrafların hələ bu gün də əl-ətəyini bir yerə yığa bilmədikləri mütərəqqi romantizmin banilərindən idi. Gözəl, dərin lirik şeirlərin, xeyli dərəcədə qeyri-ənənəvi lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin, faciə-dramların müəllifidir. Əsrin əvvəllərində “Cavid teatrı” deyə səciyyələndirilən bu müəllif dövrün ümumbəşəri, böyük ictimai-siyasi, mədəni-mənəvi problemlərinə Azərbaycan təfəkkürü prizmasından yanaşma iddiası ilə çıxış edir və səsi çatan məkanlarda bunun ustad əks-sədaçısı kimi də qəbul edilirdi. Böyük mütəfəkkir-ədib 1918-ci ildə tamamladığı “İblis” mənzum faciəsində həm bilavasitə öz çağının, həm də dolayısıyla bütün dövrlərin mürtəce qüvvələrinin tipik obrazlarını yaratmışdır. Şairin bu lirik-epik fəlsəfəsində “insan insana qurddur” - deyə düşünənlər, “mədəni vəhşilər” iblis surətində ümumiləşdirilmiş, hər motivli savaşlara, xüsusən işğalçı müharibələrə sənətin qələm-qılıncı ilə “yox!” zərbələri yağdırılmışdır.

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.


- deyən şair bəzən elə məqamlara da toxunur ki, iblislik insanlığın yanında “toya getməli” libasda görünür:

Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər...

Dünyaları mənən dolaşıb, olayların yaxşısıyla yollaşıb, yamanıyla naqolaylaşan şair hərdən zərif mövzulara, əbədi obrazlara da toxunub, “bəzmi-istirahət”lərdə bulunur:

Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalq! Uyuyan
Oyan, ətrafını seyr et də, düşün!
Bütün evladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bulur ruha qida.
Ana evladını bəslər, böyütür,
Anasız millət, əvət, öksüzdür.

Bu ulu şairin poetik müraciətləri, nida sədalı xitabları bir daha əyan edir ki, onu mənən zəngin bir ana doğmuşdur. Bu misralar bəyan edir ki, onun vəfalı qadını Müşkünaz xanım, ata yolunu gözləyə-gözləyə, ata əqidəsini izləyə-izləyə qız qarıyıb dünyadan köçmüş Turan xanım məhz həmin uca xitabların canlı ünvanları olmuşlar.

Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Oluyor iştə hüququn pamal,
Çalış, öyrən, ara, bul, haqqını al!
Pərdeyi-zülmət içindən sıyırıl!
Qəhrəmanlar kibi qavğaya atıl!


Möhtərəmlik... möhtəşəmlik

Birinci ifadə onun özünə, öz qədrinə aiddir, ikinci isə onun şöhrət qədrinə, qədirbilənlərin həyata keçirdiyi işlərə. 100 illik yubileyi ərəfəsində ümummilli əfəndimizin cənazəsinin qalıqları ümummilli liderimizin səyi ilə Vətənimizə gətirildi. Naxçıvanda ev-muzeyi yaradıldı. Haqqında “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı” kimi gözəl deyimlər deyildi. Öz sənət idealına bir misra belə dönük çıxmayan bu ölməzimiz əzəldən milli və bəşəri sevgidən, ümumqəlb aləmindən yazan şair kimi necə tanınmışdısa, eləcə də getdi bu dünyadan.

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü!..

- dedi və bu ada qələmlə nail oldu. Qaldı bu məsələnin ağıl, tədbir nailiyyəti ki, dahiliyin, Nobelliyin bu nominasiyasına doğru irəli, cənab bəşər!..

Tahir Abbaslı