Forum çərçivəsində “JW Marriott Absheron” hotelində tarixçilər və elm adamlarından ibarət Qlobal Şəbəkənin görüşü keçirildi.
   
   Tədbirdə çıxış edən Avropa Şurası Şimal-Cənub Mərkəzinin icraçı direktorunun müavini Roman Çlapak Bakı Forumunun əhəmiyyətindən, tarixin tədrisində qazanılmış təcrübə və uğurların mübadiləsinin zəruriliyindən söz açdı. Bildirdi ki, tarixçiləri və elm adamlarını bir araya gətirən Qlobal Şəbəkənin görüşü mayın 30-da keçirilmiş tarixin tədrisinə dair işçi sessiyanın davamıdır.
   Tədbirin moderatoru, Avropa Tarix Müəllimləri Assosiasiyasının baş direktoru Stiven Stegers Qlobal Şəbəkə haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, qurum 2009-cu ildə Avropa Şurasının Şimal-Cənub Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Şəbəkənin dünyanın müxtəlif ölkələrində tarixi faktların təhrif olunmasına qarşı səmərəli iş apardığını deyən moderator dünyanın bir sıra ölkələrindən olan tarixçi və elm adamlarını öz sıralarında birləşdirdiklərini və geniş müzakirələr apardıqlarını bildirdi. Baş direktor görüşdə qurumun gələcək fəaliyyəti barədə dəyərli fikirlərin səslənəcəyinə ümidvar olduğunu bildirdi.
   Sonra müzakirələr müxtəlif ölkələrdən olan tarixçi professorların iştirakı ilə kiçik qruplar şəklində davam etdirildi. Müzakirələr bu formatda təşkilində məqsəd tarixçi və elm adamları arasında birbaşa ünsiyyətə nail olmaq, şəxsi əlaqələr qurmalarına yardımçı olmaqla onların təcrübə mübadiləsini Forumdan sonra da davam etdirmələrinə şərait yaratmaq idi.
   Müzakirələrdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan XİN-in əməkdaşı Cavanşir Məmmədov, Avropa Tarix Müəllimləri Assosiasiyasının icraçı direktoru xanım Yok van der Lyu-Rod, Avropa Şurasının eksperti Brayan Karvell, Livandakı Adyan Fondunun sədri Fadi Daou, Fələstinin “Betlehem” Universitetinin professoru Sami Advan, Ukrayna Tarix və Sosial Tədqiqatlar Assosiasiyasının nümayəndəsi Polina Verbitska, mərakeşli professor Mustafa Həsəni İdrisi, Berlində fəaliyyət göstərən “Humboldt” Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Maria Aux və başqaları iştirak edirdilər. Çıxış edənlər tarix fənninin düzgün tədrisi, faktların bilərəkdən və ya bilməyərəkdən təhrifi, milli, dini, irqi ədavətin qızışdırılmasında tarixi həqiqətlərin yanlış çatdırılması kimi vacib məsələlər barədə fikir mübadiləsi apardılar.
   Qrup müzakirələrindən sonra tədbir bütün zalın iştirakı ilə davam etdirildi. Çıxışçılar öz qrupları daxilində qaldırdıqları məsələlərə toxundular və müvafiq həll yollarını göstərməyə çalışdılar. Məruzələrdə tarixin tədrisində faktların təhrif olunması, milli, dini, irqi üstünlüyün aşılanması, xalqlar, mədəniyyətlər və dinlər arasında ədavət yaratmaq məqsədilə tarixdən vasitə kimi istifadə edilməsi kimi məsələlər birmənalı olaraq pislənildi, bu istiqamətdə tarixçilərin və elm adamlarının birgə səyinin vacibliyi vurğulandı.
   Daha sonra Bakı Forumunda müzakirə olunan mövzuların əhəmiyyətindən danışıldı, bu möhtəşəm tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olundu.
   Çıxış edənlər əminliklə bildirdilər ki, artıq ikinci dəfə baş tutan Forum mütəmadi xarakter alacaq və mədəniyyətlərarası dialoqun genişlənməsinə öz töhfəsini verəcək.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar