Hər kəsin müxtəlif mədəniyyətləri dərindən öyrənə biləcəyi bir cəmiyyət olmalıdır
   
   Mayın 31-də II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində «Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?» mövzusunda plenar sessiya keçirildi.
   
   Sessiyanın moderatoru, İngiltərənin Koventri Universitetinin Sülh və Barışıq Araşdırmaları Mərkəzinin rəhbəri, professor Alparslan Özərdəm açılış nitqində mədəni müxtəliflik üçün ictimai dəstəyin qurulması yolları barədə danışdı. Bildirildi ki, mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaq, zənginləşdirmək, eyni zamanda universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək əsas məqsəddir.
   BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktor müavini Jin Kristofer Bas mədəni müxtəliflik üçün ictimai dəstəyə töhfə verən bir cəmiyyətin yaradılmasının vacibliyini vurğuladı: «Bu, hər kəsin müxtəlif mədəniyyətləri dərindən öyrənə biləcəyi bir cəmiyyət olmalıdır. Çünki belə olarsa, cəmiyyətdə sülh və əmin-amanlıq bərqərar edilər».
   NATO baş katibinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Mari Skor belə mötəbər tədbirin təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdıraraq ümidvar olduğunu bildirdi ki, Forum bir çox ciddi məsələlərin həllinə öz töhfəsini verəcək. Mövzu ilə bağlı fikirlərini bölüşən M.Skor qadınların cəmiyyətdəki rolundan danışdı, onların beynəlxalq təşkilatlarda daha aktiv olmasının vacibliyini vurğuladı.
   Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam çıxışında mədəniyyətin müxtəlifliyini zənginlik kimi dəyərləndirdi. Qeyd etdi ki, mədəni müxtəlifliyə ictimai dəstəyi əldə etmək üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruridir: «Mədəni müxtəliflik bizi ayırmaq əvəzinə birləşdirməlidir. Hər kəs başqa mədəniyyətlərə hörmətlə yanaşmağı bacarmalıdır».
   Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor Hafiz Paşayev Bakı Forumunun əhəmiyyətindən danışaraq bildirdi ki, mədəniyyətlərarası dialoq zəngin mədəniyyətə malik xalqlar arasında əlaqələrin genişlənməsinə kömək edir. Hafiz Paşayev ölkəmizdə tarixən tolerantlıq mühitinin mövcud olduğunu, müxtəlif icma və dini təriqətlərin nümayəndələrinin daim sülh şəraitində yaşadıqlarını diqqətə çatdırdı. ADA-da mədəniyyətin müxtəlifliyinin qorunub saxlanması istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən rektor təhsil ocaqlarında bu istiqamətdə işlərin görülməsinin vacibliyini vurğuladı.
   Ərəb Dövlətləri Liqasının mədəniyyət və sivilizasiyalararası dialoq şöbəsinin müdiri Samia Bibers mədəni müxtəlifliyi cəmiyyəti zənginləşdirən əsas amillərdən biri adlandırdı. O, QHT nümayəndələrini mədəniyyətin müxtəlifliyinin təşviqi istiqamətində fəallıq göstərməyə çağırdı.
   Çinin «Shinework» şirkətinin baş direktoru Jonatan Şen də sessiyada müzakirə olunan mövzunun əhəmiyyətini qeyd etdi. Bildirdi ki, mədəniyyətin müxtəlifliyi bu gün bütün dünyada müzakirə olunmalı aktual məsələdir. Sonda mövzu ilə bağlı müzakirələr aparıldı. Məruzəçilər sessiya iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar