1 İyun - Beynəlxalq Uşaqları Müdafiə Günü mədəniyyət müəssisələrində müxtəlif tədbirlərlə qeyd olundu. 
   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi isə əlamətdar gün münasibətilə Filarmoniya bağında əsl bayram şənliyi təşkil etmişdi. Burada tanınmış estrada ifaçıları, paytaxtın mədəniyyət müəssisələri və uşaq musiqi məktəblərinin kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər.
   Səhər saat 11-dən 17-dək davam edən tədbirdə uşaqların əyləncəsini yüksək səviyyədə təşkil etmək üçün hər bir şey nəzərə alınmışdı. Bayram tədbirinə gələnlərin ard-arası kəsilmirdi. Filarmoniya bağının müxtəlif yerlərində fərqli səhnələr qurulmuşdu. Bir məkanda balacalar rəqs nömrələri ifa edir, digər tərəfdə sehrbaz müxtəlif nömrələr göstərir, müxtəlif nağıl qəhrəmanları uşaqlarla şəkil çəkdirir və oyunlar təşkil edirdilər.
   Bağda uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmişdi. Qızların daha çox marağına səbəb olacaq rəngli daş-qaşlardan hazırlanmış qolbaqlar, boyunbağılar, suvenirlər və müxtəlif bəzək əşyaları da satışa çıxarılmışdı. Kitab mağazaları uşaqlar üçün endirimli qiymətlərlə nəşrlər təklif edirdilər. Bağın bir hissəsində isə rəsmlər çəkən balacalar toplaşmışdı. Onlar həm çəkdiklərini sərgiləyir, həm də bağa toplaşanlar üçün yeni rəsmlər çəkirdilər.
   Tədbirdə Bakı Estrada, Uşaq, Folklor teatrlarının, “Cırtdan” kukla teatrının, mədəniyyət müəssisələri kollektivlərinin tamaşaları da nümayiş olunurdu. İncəsənət məktəbləri şagirdlərinin dekorativ sənət nümunələrindən ibarət sərgi-yarmarkası da maraqla qarşılandı.
   Konsertdə şən klounlar, nağıl personajları da tez-tez gözə dəyirdi. Müxtəlif nağıl qəhrəmanları uşaqlarla şəkil çəkdirir, şənliyin ovqatına əlavə rəng qatırdılar. Bayramda müxtəlif viktorinalar, oyunlar da təşkil edilmişdi. Qaliblər isə xüsusi hədiyyələrlə mükafatlandırılırdılar. Tədbirdə həmçinin Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda festivalın qaliblərinin təltif olunma mərasimi və iştirakçıların əl işlərinin nümayişi də oldu. Şux rəqslər və musiqilər, rəngarəng tədbirlər, tamaşalar uşaqlara əsl bayram sevinci yaşatdı.
   
   N.İxtiyarqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar