Xalqı böyük dayaq bilmiş, özü böyük oyaq olmuş milli Mirzə İbrahimov

Ədəbiyyat tariximizdə - adları başqa-başqa olsa da, - “milli mirzə”lik görəvlilərimiz az olmayıb: Şəfi, Fətəli, Ələkbər, Cəlil və b. Bu yazıda sözügedən yazıçımız isə belə də Mirzə, elə də Mirzə. Bunlardan “belə”ni ona 1911-ci il oktyabrın 28-də valideyni verib, “elə”ni isə iyirmi-otuz il sonra xalqı...

Sonrakı “mirzə”liyi qazanmağın çox çətin mətləb olduğu hamıya çox yaxşı bəlli olsa da, onun buna “iyirmi-otuz il sonra nail olduğunu” qeyd edərkən bir qədər əl saxlayıb duruxduğumu da bildirməliyəm. Onun “ilk qələm təcrübəsi”nin 19 yaşda ikən baş verməsi üstündən sükutla da keçmək olardı. Nədən ki, belə müstəsnalıqlar dünya ədəbiyyatında az olmayıb və bizim bu adı Mirzə yazıçımızın şair sələfi Ələkbərin bu rekordu hələ yeddi yaşında qırması faktı da məlum. Amma bütün ələm-aləmilə İslam ölkəsində doğulub, yeddi yaşında Bakıya köçmüş bir müsəlmanın “beşillik”lərin nəhəng tikintilərini vəsf etmək, sosialist sənayesinin inkişaf sürətini öyrənib təbliğat-təşviqatlamaq üçün iyirmi bir yaşında Ukraynaya - Donbas şaxtalarına, Dnepropetrovsk müəssisələrinə ezam edilməsinin (və bir il sonra onun “Giqantlar ölkəsində” adlı oçerklər kitabı yazmasının) özü də bir giqantlıq idi. İyirmi iki yaşında isə o, dövrün Naxçıvan Maşın-Traktor Stansiyası kimi iqtisadi və çox siyasi bir ünvanına - “Sürət” qəzetinin redaktorluğuna göndərilir. Daha iki il ötmüş SSRİ Elmlər Akademiyası Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. Ardınca - bütün ömrü uzunu yaradıcılığına, milli əxlaq-əqidəsinə, şəxsiyyətinə vurğunluğunu bildirdiyi, vaxtaşırı dönə-dönə bəhs etdiyi, təkrar-təkrar söhbət açdığı zirvə Mirzəmizin - Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. Otuz bir yaşında Azərbaycan SSR maarif naziri təyin edilir, otuz dördündə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir...

Bütün bunlar...

Bütün bunlara o əsl iş-peşəsindən - ədəbi-bədii yaradıcılıqdan ayrılmadan nail olurdu. Bəs bunların hansı hansının fonunda, “filial”lığında əmələ gəlirdi? Bu sualın cavabı xeyli suallar doğurardı, zənnimcə. Çünki - araşdırıb-bələdləndikcə görürsən ki, bu gəncin elmi, siyasi təfəkkürü, ictimai xadimlik enerjisi ədiblik istedadı ilə əkizlik-alternativlik dərəcəsində imiş. Bunlardan 1937-ci ildə qələmə aldığı (və uzun illər həm səhnələrdən, həm də ədəbiyyat dərsliklərindən düşməyən) “Həyat” pyesini, 1939-cu ildə nəşr etdirdiyi “Böyük demokrat” monoqrafiyasını xatırlatmaq yetər. Onun publisistik yazılarını, elmi-populyar məqalələrini, fundamental monoqrafiyalarını oxuduqca, radio-televiziya, məclis-mərəkə çıxışlarını xatırladıqca göz önündə tək elə energetik amplualı canlı fenomenlər yox, həm də gecə-gündüz işıq verən enerji stansiyaları da canlanır. Şəxsən mənə görə Mirzə İbrahimov məşhur operalardan birindəki eyniadlı bədii obrazın sənədli prototipini xatırladır: “Fiqaro tam, Fiqaro tut, Fiqaro - vezde!..” Hardasa bir az “oxşama”ya da bənzəyən bu oxşatmaya (bəzətməyə) təəccüblənməməkçün bu ədibin təkcə bədii yaradıcılığına yox, onun şəxsiyyət, ictimai-milli xadimlik aləminə də dərindən bələd olmaq gərək. Həmin aləmdə “nələr yoxdur” kimi suallar ritorik səslənə bilər, amma həm də onların hamısından bəhs etmək qeyri-mümkün (bütün yazı boyu bunların yarısını xatırlada biləm, ya yox).
İkinci Dünya müharibəsi başlananda Mirzə əsgər yaşını keçmişdisə də, hələ döyüşçülər qarşısında ahıl-ağsaqqallıq etmək dövrü də deyildi. Amma o, həmin illərdə istər ədəbi əsərləri, istər alovlu publisistik yazıları və istərsə də odlu çıxışlarıyla haralarda tanınmır, çıxışlar etmirdi! Hər birində də - sözünün-söhbətinin “əzəl mübtədası” düşmənə nifrət, qələbəyə inam! Dünən səsi Uzaq Şərqdə, Xabarovsk, Vladivostok və s. hərbi dairələrində eşidilən bu gənc natiq, sabah sovet ordusu sıralarında Cənubi Azərbaycanda milli azadlıq ruhlu çıxışlar edir, “iki daşın arasında” macal tapıb, bölünmüş iki vətən arasında mənəvi körpü kimi gördüyü “Vətən yolunda” qəzetinə redaktorluq edirdi. İnsanların gündəlik hərəkət və hərəkatına axar verən analitik məqalələr, publisistik yazılarla bərabər, “Qorxulu səs”, “Zəhra”, “Yol ayrıcında”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsində hekayələr yazır, “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərinin, “Gələcək gün”, “Pərvanə”, “Böyük dayaq” romanlarının, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyeslərinin bətn-mətn bünövrələrini qoyurdu.
Hələ onu dünya klassiklərinin biri-birindən gözəl, maraqlı əsərlərini dilimizə çevirmə missiyası da gözləyirdi. Həmin əsərlər ki, tərcümə edildikcə nəinki təkcə tamaşaçılarımız, həm də Azərbaycan dramaturqları çox şey əxz edirdilər. Teatr bilicilərinin rəyinə görə, Azərbaycan səhnəsində dəfələrlə (müxtəlif illər və traktovkalarda) qoyulmuş “Kral Lir” (V.Şekspir), “Quduz pullar” (A.N.Ostrovski), “Üç bacı” (A.P.Çexov), “Don Juan” (J.B.Molyer) və başqa bir neçə pyeslər Mirzə İbrahimovun tərcümələrində orijinaldakı qədər həyati, koloritli səslənib. Azərbaycan oxucuları N.Q.Çernışevskinin “Nə etməli?” əsərilə də Mirzə İbrahimovun tərcüməsində tanış olublar.
Onun təltifləri, mükafatları da əməlləri qədər çox, lakin bu yazı üçün o qədər də önəmli olmayan...
Və bu çox böyük ədib çox yüksək, çox milli -

Məqam-mənsəblərdə...

Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954, on il sonra isə düz on il birinci katibi), elə həmin illər həmin müddətdə SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini işləmiş, daha neçə-neçə yüksək vəzifələrin daşıyıcısı olmuş bu energetik-ensiklopedik şəxsiyyət xalqın ən ali, ən milli məhəbbətinə 1956-cı ildə nail oldu. Belə ki, 1954-cü ildən işlədiyi yüksək postda - Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədrliyində ikən onun bir az leqal, bir az qeyri-leqal fəaliyyəti, əvəzsiz səyləri nəticəsində o vaxtadək xəyala gətirilməsi belə qorxulu olan bir qanun qəbul edildi: “Azərbaycan SSR-nin dövlət dili haqqında Azərbaycan SSR-nin Konstitusiyasına maddə əlavə edilməsi haqqında”! Bəli, həmin 20 avqust 1956-cı il tarixçəsi Azərbaycan tarixinə qızıl hərflərlə düşən sətir-sənədlərdən idi və bu, bizim milli-siyasi tərcümeyi-halımıza əsasən Mirzə İbrahimovun cəsarəti, obrazlı desək, mənəvi qanı ilə yazılmış bir sənəd kimi düşdü.
Bu rəsmi qanunun rüşeymləri nə “qonşudangəlmə” düşüncələrdən idi, nə də - onun hazırlanması işi ətraf-əshabələrdən. O, bu məsələnin ilk siyasi notlarını özünün qələmə aldığı “Azərbaycan dili dövlət idarələrində” adlı mükəmməl məqaləsində səsləndirib, “qorxuluğu” müəyyən qədər aradan götürmüşdü. Mətləbin kökləri isə onun doğulduğu, mənsub olduğu xalq torpağında atılmış, südü-şirəsi Vətənin ana qucağında əmilmişdi. Cəmisi yeddi yaşınadək yaşadığı o tay Azərbaycanımızdakı uşaqlıq dostlarından birinin həm müstəqim, həm məcazi adıyla adlandırdığı (1949-cu ildə çap etdirdiyi) “Azad” hekayəsindəki yüzlərlə “olabilən” hadisələrdən “olan” kimi verdiyi əhvalatdan rişələnmişdi bu qanun. Gümanımca, həmin hekayədəki Azad da Mirzə İbrahimovun özüdür, Fərda da. O hekayədə aldığı yaralardan ölməkdə olan Azad (Mirzə) Fərdaya (Mirzəyə) və milli azadlıq uğrunda döyüşən başqa yoldaşlarına deyir: “Yadındamı, Fərda, beş il əvvəl Təbrizdə, dərzi dükanında sən məndən “Nə üçün yaşayırıq, həyatın mənası nədir?” - deyə soruşdun. Onda mən sənə cavab verməmiş, susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək, acıqlanıb getmişdin. O zaman mən danışa bilməmişdim... Çünki danışmaqda bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda, sizə deyirəm, qardaşlarım (o azca boylanıb fədailəri gözdən keçirdi), bəli, sizə deyirəm: bizim hamımızın səadəti, bax, bu alçaq daxmaların azadlığında, bu doğma yurdun, bu ana torpağın istiqlaliyyətindədir...
O, azca udqundu. Yenidən ahəstə-ahəstə davam etdi:
Anam, yurdum, doğma Azərbaycan, məni bağışla... Sənə az fayda verdim, az yaşadım, tez öldüm! - deyib qalxdı və fərşin ucunu qaldıraraq torpağı öpdü.
Öpünüz, səcdəyə qapanıb hamınız bu torpağı öpünüz! Bizim əzəli və əbədi beşiyimiz... Budur həyatın mənası. Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah... Bu, şərəfli bir ölümdür...”

Bütün bunlardan əvvəl...

Bütün bunlardan - bu yazının ilk abzaslarında, ortalarında və aşağısındakılardan əvvəl də, sonra da bu fenomenal adam hər şeydən öncə yazıçıdır, axı. Elə bir nəhəng ədib ki, haqqında saysız-hesabsız yüksək fikirlər işlənib, çox təşbehlər, sevgi-öygülər bildirilib. Bunlardan birini də hələ tələbə ikən mən işlətmişəm. Onu “insafsız yazıçı” adlandırmışam; “Gələcək gün” romanında öz istedadı, təxəyyül-təhkiyə “ədava”ları ilə Musa kişinin başına gətirdiyi mür-müsibətlər bolluğuna görə...
Bu böyük ədibimizi başqa yazıçılarımızdan fərqləndirən bir cəhəti də deyim. Bu tökmə-cılxa yazıçının öz əsərlərini hamıdan fərqli başlamasını deyirəm. Bu element, zənnimcə, ədibliyin ali əlifbası, oxucu ilə uzun, bəzən çox uzun çəkəsi söhbətin dadlı təam timsallı ilk təması, salamməlikidir. Buna nail olan iki-üç yazıçımızdan biridir Mirzə İbrahimov. Necə ki, M.S.Ordubadinin “Qılınc və qələm”indəki ilk sətirlər (“Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi...”) o qalın romanın sonunadək adamın fikrini məşğul edir, “Gələcək gün”ün başlanğıcı da eləcə: “Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı. Onun şüalarını əks edən üfüqlərə yatmış ala-tala buludlar pul kimi qızarmış ocaq daşlarını xatırladırdı. Yavaş-yavaş onlar soyuyan təndir kimi qaralmağa başlayır və qara ərəb çadırlarına oxşayan bir cənub qaranlığı kəndi bürüyürdü. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. Başı qarlı Savalan dağından əsən meh gecənin ayaz olacağını xəbər verirdi.
Firidun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. O, isti gün və ağır zəhmətdən sonra gözünü mavi boşluqlara dikib düşünürdü. Dumduru bir dənizi andıran göy tabağı, orada parlayan ilk ulduzlar, uzaq Savalandan əsən həzin meh gəncin yorğun, əzgin vücuduna dinclik gətirir, xəyalını uzaq və xoş bir aləmə uçururdu. Səadət həsrəti və şirin arzuların yaratdığı bu xəyali aləmdə hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona baxıb gülümsəyirdi. Bu, bəlkə də bir təsəvvür deyil, bir röya idi. Bəlkə də, bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya! İnsan bütün varlığın ağasıdır, hakimidir. Üzlər səadət işığı ilə parlayır. Hər kəs sönməz bir həvəslə yaşamaq və yaratmaq istəyir! Nə aclıq, nə ehtiyac, nə də ümidsizlikdən qaralmış batıq gözlər var!”
Bu sətirlər hələ qarşıda çox “gələcək əsr” yaşayası gözəl yazıçımızın “Gələcək gün”ündən bir damla təbiət, bir həmlə bəşəriyyət təsviridir, əziz oxucular! Burdan beləsi sizlikdir...

Tahir Abbaslı