AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nizami Muradoğlunun (Məmmədov) “Sözün Məmməd Araz zirvəsi” (Şair və xalq yaradıcılığı problemi) adlı kitabı çapdan çıxıb. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri professor Maarifə Hacıyeva və dosent Ağaverdi Xəlildir.
Üç fəsildən ibarət kitabda müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məmməd Arazın yaradıcılığında əsas yer tutan milli-mənəvi dəyərlərin inikası, şairin xalq yaradıcılığı qaynaqlarından bəhrələndiyi motivlər ətraflı təhlil olunub.
Birinci fəsildə şairin bədii irsində əfsanə süjet və motivlərinin təcəssümü, ilkin mifoloji obrazların transformasiyası, Dağ, Ağac, Araz (su) obrazları tədqiq edilib. İkinci fəsildə Məmməd Arazın milli-mənəvi dəyərlərə münasibəti, onun yaradıcılığında Dünya obrazı və “Anamın kitabı” poemasında folklorizm məsələlərindən bəhs edilir. Məmməd Araz poeziyasında xalq şeiri şəkillərindən istifadə üsulları və paremioloji vahidlər kitabın sonuncu fəslində tədqiqat obyektinə çevrilib.
Nəşrdə həmçinin Məmməd Arazın “Dədəm Qorqud səsləməsi” poeması və üç qəzəli ilk dəfə oxuculara təqdim olunur.

Fariz Yunisli