Marneuli şəhərində Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin dəstəyi ilə Xalq şairi Məmməd Arazın “80 yaş, 80 şeir” kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan və gürcü dillərində tərtib edilən kitab Tbilisidəki “Universal” nəşriyyatında işıq üzü görüb.
Mədəniyyət Mərkəzi rəhbərinin müavini, şair Mikayıl Mustafayev tədbiri açaraq Məmməd Arazın həyatı və yaradıcılığı barədə məlumat verib. Qeyd edilib ki, Xalq şairinin 80 illik yubileyi ilə əlaqədar Gürcüstanda da tədbirlər planlaşdırılıb.
“80 yaş, 80 şeir” kitabının redaktor-tərtibçisi, tədqiqatçı jurnalist Mirzə Məmmədoğlu kitabın ərsəyə gəlməsində yardımçı olanlara minnətdarlığını ifadə edib, Məmməd Arazla gürcü şair və yazıçılarının dostluğundan, gürcü oxucuları arasında şairin şeirlərinin çox sevilməsindən danışıb.
Şair-tərcüməçi Zezva Medulaşvili Məmməd Arazın böyük mütəfəkkir İlya Çavçavadze haqqında yazdığı “Şöhrətə atılan güllə” şeirini gürcü klassikinə ehtiramın nümunəsi kimi dəyərləndirib. Şairlər Aleko Qabelaia, Bəhram Mehdi, Səyavuş Uyğun və digər çıxış edənlər “80 yaş, 80 şeir” kitabının məziyyətlərindən söhbət açıblar.