XVII yüzillikdə Füzuli ədəbi məktəbinin davam və inkişaf etdirilməsində Saib Təbrizinin böyük xidmətləri olub. Əsərlərini Azərbaycan və fars dillərində qələmə alan şair ədəbi mühitdə “Əsrinin Füzulisi” adlandırılıb, eyni zamanda təzkirəçi kimi də tanınıb.

Məhəmmədəli Saib 1601-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Atası Mirzə Əbdülrəhim tacir, əmisi Şəmsəddin Sani isə gözəl xəttat olub. O, gənclik illərini öz doğma şəhəri Təbrizdə keçirir. Bu, Azərbaycanın həyatında ağır və kəşməkəşli bir dövr idi. I Şah Təhmasibin hakimiyyəti (1524-1576) dövründən başlayan və I Şah Abbasın (1587-1629) hökmran olduğu illər boyu davam edən müharibələr ölkəyə böyük məhrumiyyətlər gətirir. Müharibələr zamanı Azərbaycanın bir çox şəhərləri dəfələrlə əldən-ələ keçir, ölkənin xeyli hissəsi xarabalığa çevrilir. Azərbaycan tarixçisi İsgəndər Münşi yazır ki, Səfəvi-Osmanlı müharibələri zamanı Təbriz şəhəri daha çox zərbə almışdı. Əldən-ələ keçdikcə xarabalığa çevrilən Təbrizin əhalisi Şah Abbasın əmri ilə dəstə-dəstə ölkənin daxilinə köçürülür. Köçürülənlərin böyük hissəsi İsfahanın yaxınlığında salınan Abbasabada gətirilir. Sonralar burada yaşayan əhaliyə uzun müddət “Abbasabad təbrizliləri” deyilir.
Saib də Təbrizdən İsfahana köçərkən sənət aləminə öz səsi və nəfəsi ilə qədəm qoyan gənc bir şair idi. O, burada dövrünün tanınmış alimlərindən olan Kaşi və Şəfainin yanında təhsilini davam etdirir. Mükəmməl təhsil alan şair, az sonra özü də elm və mərifət sahibi kimi tanınır. Bir müddət sonra Ərəbistana-Məkkə və Mədinəyə səfərə çıxır. Oradan Türkiyəyə gedir və yenidən İsfahana qayıdır. Səfər zamanı alim, şair və qabaqcıl fikir adamları ilə görüşür. Bu görüşlər gənc Saibin yaradıcılığına müsbət təsir göstərir. Hələ səfərdə ikən saraya yaxın olan bəzi bədxahlar və məddah şairlər onu Şah Abbasın gözündən salmaq üçün çox canfəşanlıq göstərirlər. İsfahana qayıdan şair sarayın ona qarşı laqeydliyini və ədəbi mühitin qeyri-səmimiliyini hiss edir. Yenidən İsfahanı tərk etmək məcburiyyətində qalır. 1625-ci ildə Hindistana səfər edir. Yola düşməzdən əvvəl yazdığı bir qəzəlində öz narazılığını belə ifadə edir:

Qiyamət qopsa dünyada o insafsız xəbər tutmaz,
Ona təsir edərmi heç bu qəlbin etdiyi əfqan?..

Nə ləl vardı, nə də gövhər gedəndə İsfahandan sən,
Özünlə şeir apar, Saib, bəzənsin sözlə Hindistan.


O, İsfahandan Herata, oradan da Kabilə gedir. O zaman Kabil şəhərində hökmdar Mirzə Əhsənullah Nəvvab (Zəfərxan) idi. “Əhsən” imzası ilə şeirlər də yazırdı. O, Saibi böyük hörmətlə qəbul edir və sarayında qonaq saxlayır. Şair Kabildə yazdığı qəsidələrində onu şeir-sənət adamı və ədalətli hökmdar kimi göstərib. Zəfərxan da öz qəzəllərində Saib üslubunda şeirlər yazdığını və ondan bəhrələndiyini etiraf edib. 1630-cu ildə Zəfərxan şah Cahanı təbrik etmək üçün Dəkənə gedərkən Saibi də özü ilə aparır. Şah Cahan şairi hörmətlə qəbul edir, ona ənam verir.
Şair Zəfərxanla Hanpurda olduqları vaxt atasının onun ardınca Əkbərabada gəldiyini eşidir. Hökmdardan ona atası ilə birlikdə İsfahana qayıtmasına icazə verməsini xahiş edir. Şairin şəxsiyyətinə və sənətinə sonsuz hörmət bəsləyən Zəfərxan ondan ayrılmaq istəmir. Bu dövrdə, 1633-cü ildə Zəfərxan Kəşmir hökmdarı təyin olunur. Bu zaman o, istər-istəməz şairin vətənə dönməsinə icazə verir.
Saib Hindistanda olarkən yazdığı şeirlərdə ona bəslənən sonsuz hörmət və qayğıdan, eyni zamanda qürbətin şair qəlbini sıxan əzablardan və vətən həsrətindən ürək yanğısı ilə söhbət açır:

Gözüm qalan deyildir mülki-malında Hindin,
Toz-torpağa bələndim mən ki, yolunda Hindin.

Ey sürmələr diyarı, fəryadıma haray ver,
Sümüyüm oldu sürmə qeyli-qalında Hindin.


O, İrana qayıdandan sonra yenidən səfərə çıxır, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil və Təbriz şəhərlərini gəzir. Türk səyyahı Övliya Çələbi ilə görüşüb tanış olur. İsfahana qayıdanda II Şah Abbas (1642-1666) tərəfindən hörmətlə qarşılanır, saraya dəvət olunur və məliküş-şüəra təyin edilir. O, bu vaxt özünün hikmətamiz və fəlsəfi yaradıcılığına diqqət yetirir, lirik şeirlər, qəsidələr, “Qəndəharnamə” poeması və “Mahmud və Ayaz” adlı əsərini yazır.
Onun sarayda yüksək mövqe tutmasını gözü götürməyənlər yenidən baş qaldırır. Bədxahlar onu şah Süleymanın (1666-1694) yanında hörmətdən salmağa çalışırlar. Şair şah tərəfindən sənətinə etinasızlıq hiss edir. Ona görə də əsərlərini nizama salmaqla məşğul olur. Müxtəlif divanlarda toplanmış şeirlərini mövzu üzrə seçərək ayrı-ayrı adlar altında tərtib edir. Gözəllərin vəsfinə həsr etdiyi məhəbbət lirikasına “Miratül-cəmal”, ziynət və mədhdən bəhs edən şeirlərinə “Arayişe-nigar”, təkbeyt, qitə, rübai və müxtəlif şeir parçaları toplanan müntəxəbata “Vacibül-hifz” adı verir.
Ömrünü şeirə, sənətə həsr edən Saib Təbrizi 1676-cı ildə İsfahanda vəfat edib, məşhur “Saib təkyəsi”ndə dəfn olunub.

Savalan Fərəcov