Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin özbək dilində nəşr olunmuş “Sirlər xəzinəsi” poemasının təqdimatı keçirilib. Kitab mərkəzin təşəbbüsü və maliyyə dəstəyi ilə tərcümə və nəşr olunub. Əsəri özbək dilinə Olimcon Buriyev tərcümə edib. “Ön söz”ün müəllifi akademik Əziz Kayumovdur.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, paytaxtdakı ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Mərkəzin direktoru Samir Abbasov dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı məruzə edib, böyük söz ustadının əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunduğunu diqqətə çatdırıb. O əmin olduğunu bildirib ki, özbək dilinə Nizaminin yenidən tərcümə edilmiş bu ölməz əsəri ədəbi əlaqələrimizin daha da inkişafına təkan verəcək.
Akademiklər Əziz Kayumov və Bori Raximov, professor Xamidcon Xamidi, şair Bəhrəm Rözimuxammad, alim Mahkam Maxmud və başqaları dahi Azərbaycan şairinin “Xəmsə”si haqqında ətraflı söhbət açıb, bu əsərləri Şərq ədəbiyyatının incisi adlandırıblar. Nizami Gəncəvi yaradıcılığının Şərq, xüsusən də özbək ədəbiyyatına təsiri haqqında məlumat verilib. Bildirilib ki, bir çox klassik şairlər, o cümlədən böyük özbək şairi Əlişir Nəvai Şeyx Nizamini özünün ustadı hesab edib.
Sonra dahi şairin həyat və yaradıcılığı ilə bağlı sənədli film, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər nümayiş etdirilib.
Kitab Özbəkistanın kitabxanalarına, elm-tədqiqat və təhsil müəssisələrinə təqdim olunacaq.