Dekabrın 18-də Səbail rayon MKS-nin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatının laureatı, şair-publisist Taleh Həmidlə görüş keçirildi. Kitabxananın foyesində şairin kitablarından ibarət “Nə yaxşı dünyada şair yarandım” adlı sərgi təşkil olunmuşdu.
Görüşdə çıxış edən şair İlyas Tapdıq həmkarını xalqımızın adət-ənənəsini, folklorunu gözəl bilən, onu yaradıcılığında layiqincə təbliğ etməyi bacaran qələm əhli kimi dəyərləndirdi. Onun əsərlərinin əsas qayəsinin vətənsevərlik olduğunu dedi.
Xalq artisti Yasin Qarayev gənc yaşlarından tanıdığı Taleh Həmidi vətənpərvər şair kimi xarakterizə etdi, əsərlərini həzin, mənalı sənət nümunəsi adlandıraraq bir neçəsini səsləndirdi.
Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, tarix elmləri üzrə fəlsəfə doktoru Anar Əliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Məti Osmanoğlu, jurnalist Ələsgər Qurbanlı çıxış edərək şairin ömür yolundan və yaradıcılığından danışdılar. Qeyd olundu ki, Taleh Həmid bacarıqlı jurnalist, publisist, şair olmaqla yanaşı, həm də vətən sevdalısıdır.
Sonra Taleh Həmid qonaqlara və kitabxananın kollektivinə öz dərin təşəkkürünü bildirdi.
Tədbirin sonunda Əməkdar artist Gülər Əhmədova, Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbababəyov şairin “Dəniz”, “Bənövşə”, “Sevgi nəğmələri”, “Bakı” və digər şeirlərini səsləndirdilər.

Fariz