Şeirlərinə vurğun kəsiləndən bəri, haqqında bir neçə dəfə yazmışam. Hər dəfə də dilimin əzbəri olan misraların ilə poetik dünyana açar tapmağa çalışmışam. Onu da deyim ki, indən belə də sənin poeziyandan yüz dəfə yazsam, yenə heyrətimi gizlətməyəcəm ki, qardaş, sən bu fikri necə tapmısan?

Bəxtəvər ipəkqurdları -
ölür evinin içində...

Bu dəfə sənə bir etirazım var. Sinəsi söz ocağı olan, Əbülfət! Axı, ipəkqurdunu hansı həmcinsi incidib yuvasından perik salır ki?! İnsandı insana zülm edən. Bizi də məhz insan adlanan erməni vəhşiləri qoymadılar ki, öz komamızda - bəlkə də daha dürüstü - sarayımızda, mülkümüzdə yaşayaq, sonda da doğma torpağımızın qoynunda haqq dünyasına qovuşaq. Şeirlərinin dərd yükü cızdağımı necə çıxardır, bir bilsəydin. Biz bir ruhun övladlarıyıq. Hərdən bizi doğmalaşdıran dərdə təşəkkür etmək istəyirəm. Unudulmaz Bəxtiyar Vahabzadə haqlı deyirdi ki, əsl şeir dərddən doğulur. Şeir pıçıltıdır, çığırtı yox. Gileyini, zəmanədən şikayətini, səni əzən, rahatlıq verməyən duyğularını sözə büküb misra-misra kağıza naxışlayırsan. Sənin də, mənim də çox sevdiyimiz Məmməd Araz demişkən, anadan, bacıdan gizlətdiyini kağız-qələmdən gizlətməmisən. Əslində, sən çox böyük ustalıqla dərd yuvası olmuş ürəyinin şəkilini çəkmisən. Mənim düşüncəmə görə, söz insanın içinin ətridir. Məhz səni də sözün tanıtdı və sevdirdi. Hər gün “Ədalət” qəzetini ona görə vərəqləyirəm ki, sənin şeirlərini oxuyum, ovqatından xəbər tutum. Bu qəzetin bir məziyyətini də deməyi özümə borc bilirəm: qəlibsizdir. Hər kəsin fərdi üslubu, yazı tərzi özünəməxsusdur.
Ömrünün 55-ci pilləkənindəsən, 100 hələ qarşıdadı. Yaşın bu vədəsinə hansı ərməğanla gəlmisən? Gözəl ailə sahibisən, qeyrətli oğulsan, atasan, babasan, qardaşsan, dostsan... və nəhayət, istedadlı qələm sahibisən. Publisistikanla poeziyan bir harmoniya təşkil etsə də, mən sənin şeirlərini daha çox sevirəm. Sən yazmağında, mən də oxumağımda davam edirik. Özün necə deyirsən - “Qoşulub axmıram selə, ömrümü vermirəm yelə”. Sən könlünü şeirə bağlamısan, elə ömrünü də bu sehrli-sirli “gözəl”in uğrunda əridirsən. Hirsini, hikkəni, nifrətini, sevgini, məhəbbətini, həsrətini, nisgilini, umacağını, dolanışığını söz-söz misralardan çıxarırsan. Çox hallarda da laqeydliyə, etibarsızlığa minmənalı söz atırsan:

Susub qurudum yerimdə,
Ağrıdı canı yerin də!
Qəm etmə, günün birində -
Deyərlər, başın sağ olsun...
Sənin yaradıcılığın sözlərdən süslənmiş gülüstana bənzəyir. Hər çiçəyin öz adı, öz ətri var. Duyğuların ləçək-ləçək bu zərifliyin bağrında çırpınar. Bu döyüntülərin əks-sədaya dönəni də var, gurultular içində səssizlik tapanı da. Harayın eşidilməz, amma sükutun qulaq dələr, ürək parçalayar. Misraların tüstüsü kəsilmiş ocaq kimi qəlbimizi çırta-çırtla yandırar:

Günüm söz oyununda,
Gecəm qələmlə keçdi.
Əlim qaldı qoynumda -
Ömrüm ələmlə keçdi.


Sən dərdə sözdən heykəl ucaltmış şairsən. Doğma Xocavənddən ayrı düşəndən bəri nisgillərin çoxaldı. İşğalda qaralan yurdlarımızın ağrısı ürəyində lövbər saldı. Bakıda yaşasan da, işləsən də axşamlar evə dönəndə bir çaşqınlıq yaşadın. Doğmaca ünvana yox, müvəqqəti məskunlaşdığın evin qapısını döydün. İllərdi bu dərd səni için-için göynədir. Günlərin birində xiffətinin libası biçilmiş bir şeirin mənim də dərdimi tərpətdi:

Bir ev qoyub gəlmişəm, -
açarları cibimdə.
Açarla oynayıram -
çadırların dibində.


Neçə gün özümə gələ bilmədim. Dolmuş ürəyimi göz yaşlarım da soyutmadı. Bir də gördüm ki, sənə şeir yazmışam. Bu, mənim haqsızlığa etirazım, sənə də etirafım idi.

Nə olar, Əbülfət,
Sən şeir yazma!
Yazdıqca dərdlərim
Üzümə durur.
Gedə bilmədiyim
O yollar ki var,
Aşılmaz dağ kimi
Gözümə durur.
Anam da qoynunda
açar gətirdi.
Məni dərdlərinə
naçar gətirdi.
Necə də sevirdi
elin, obasın.
Əlləri hər şeydən
üzülü getdi.
Bəlkə də taledən
küsülü getdi.
Anamdan nişanə
qalan o açar
Qəlbimi talayan
yağıya döndü.
Deyə bilmədiyim
Sirrim, sözüm var,
Sinəmə dərd yığan
ağıya döndü...


Anamla yurdumu qoşa itirdim. Hərdən mənə elə gəlir ki, Uruduma dönə bilsəm, yenə o bəxtəvər günlərimə qovuşaram. Gör, neçə əzizimin gözləri yoldadır...
Əslində, Əbülfət Mədətoğlu şeirlərində Amerika kəşf etməyib. Millətimizin, vətənimizin, torpağımızın başına gələn müsibətləri, soydaşlarımızın üzləşdiyi dəhşətləri, keçirdiyi vahiməni, həyəcanı, pəjmürdəliyi, pərişanlığı, didərginlik, qaçqınlıq, köçkünlük sitəmlərini, ağrı-acımızı sözün qüdrətinə söykənərək təsirli ifadə edə bilib, şeirə gətirmək tərzini tapıb. Onu çoxundan fərqləndirən də məhz budur. Doğru deyiblər ki, şair olmurlar, şair doğulurlar.
Əbülfət Mədətoğlu son illərdə demək olar ki, hər gün oxuduğum qələmdaşımdı. Çalışdığı “Ədalət” qəzetində dərc edilən məqalələri ilə həmahəng şeirləri ürəyimə köz kimi sıxılır. Maraqlıdır ki, ən dərdli şerində də bir ümid işığı yanır:

Bəbəklərim lillənir
Gözlərimin suyundan.
İynə ucu işıq ver -
Tutub çıxım quyudan!

Necə deyiblər, dünya köhnə dünyadır, sevgiləri təzədir. Mənə görə isə, həyatda təzə heç nə yoxdur. Məhəbbət, nifrət, vəfa, xəyanət, etibar, satqınlıq, mərdlik, yaltaqlıq, haqq, şər-bir sözlə, qara və ağ insan var olan gündən mövcuddur. Sadəcə, nəsillər bir-birini əvəzlədikcə hər şey təzə görünür. Mənim şair qardaşımın şeirlərinin əsas mövzusu da məhz həyatımızın bu təzadlarıdır. Di gəl, Əbülfət bu saydığımız sifətləri özünəməxsus şəkildə, çox sadə, amma elə tərzdə mənalandırır ki, qalırsan heyrətdə. Evindən, eşiyindən qovulan, min uçurumdan, qandan, qadadan keçən binəsiblərin qaçqınlıq ağrılarını, əlacsızlığını, görün, necə təsvir edib:

Qaçmırdı o, qovulurdu evindən,
Qovulurdu ellik ilə elindən!
Bir canıydı qopardığı ölümdən -
Bu candan da bezə-bezə gedirdi!


İsti ocağından, rahatlığından, ailəsindən, qohum-qardaşından, elindən-obasından, torpağından zorla ayrılmağın faciəsini ancaq bu dərdlə baş-başa qalan, ürəyini-qəfil gərdişin ocağında yandıranlar daha dərindən anlayarlar. Dərd sahibini tapdığı kimi də yandırar, külünü göyə sovurar, sonrada öz başına tökər. Yurdsuzluq dərdindən betər nə ola bilər ki?! Əbülfət dərdin də dərdinə qalır: “Bir üzü var, bir sifəti, dərd olduğun danmır ki, dərd”.
Mən Əbülfət Mədətoğlunun şeirlərinin bədii siqlətindən, sənətkarlıq xüsusiyyətlərindən danışmadım. Düşünürəm ki, şairin yaradıcılığını artıq ənənəyə çevrilmiş üslubda təhlilə çəkmək sovet ədəbiyyatının başlıca şərti idi. Köhnəlmiş qəlibdir, artıq özünü doğrultmur. Çox hallarda da saxta alimlik adını almaq üçün döyənək qafiyələri, məramı bəlli, çərçivəli, pafoslu, ritorika ilə dolu şeirlərin üzərinə yalançı pərdələr çəkilirdi. Şairin ağlına və qələminə gəlməyənlər bu cür təhlilin predmetinə çevrilirdi. Nəticədə şair ya uduzurdu, ya da dövrünün şöhrət pilləsinə ucaldılırdı. Əsl həqiqəti isə zaman özü imzalayır. Bir vaxtlar guruldayan şairlər olub ki, indi zamanın məhkumuna çevriliblər. Nə oxucunun yadına düşür, nə də tənqidçinin. Gələcəyə gedən şairlər də var ki, həmişə bizimlədir!
Hər bir şeirin oxucu ürəyində öz yozumu var. O şeirdə ki, canlılıq yoxdursa, həyatın özü boylanmırsa... danışmağa dəyməz. Əgər Əbülfət Mədətoğlunun şeirləri oxucusunu düşündürürsə, heyrətə, riqqətə gətirirsə, ürəyindən tikan çıxarırsa, hətta kövrəldirsə... onun bədii və sənətkarlıq məziyyətləri məlum deyilmi?! Qəribə, olduqca sərrast bir misrası var: “Təzad günün siması...”. Həyatın rənglərini anlayan insanlar həssas və bir qədər də yuxa təbiətli olurlar. Mənim şair qardaşım da belədir. Hər kəslə dostluq etməz. Dost dediyinin yolunda isə ölümə də gedər. Haqqı unudub da haqsızlıq etməz. Xeyirdən-şərdən qalmaz. Hər gün iş otağımın qapısını açaraq məni salamlayandan sonra öz işinin arxasınca gedər. Niyə bunları xatırladıram? Söylədiklərim insan mənəviyyatının aynasıdır. Şəxsiyyəti ilə yazdıqları həmahəngdir. Ömrünün 55-ci qışını tamamlayan qardaşıma, nəhayət, bir gün deməliydim ki, mən sənlə qürur duyuram. Ürəksiz kəlmə yazmırsan. Sənin də Azərbaycan poeziyasında öz yolun, öz xidmətin, öz oxucuların var.
Mənim düşüncəmə görə, bu selabların-selliyin içindən, yəni şairciklərin at oynatdığı meydandan çox kənarda Əbülfət Mədətoğlu yaradıcılığı bir bulaq kimi qaynayır: təbii, səmimi, təsiredici, düşündürücü. Bir şair ki, kədərin şirəsini ürəyinə çəkərək yaşamağa üstünlük verirsə, gör, onun şeirləri hansı mətləbə köklənib. Xəyalları gerçəkləşmir, şahlığı göz qırpımında devrilir. Əslində, heç qəmlənməyə də dəyməz, çünki Əbülfətin şeirləri çiçək, sözü ləçək, qəlbi kövrək olan qələm sahibidir. Onu ondan sonra yaşadacaq söz varidatına malik olmaq hər kəsə qismət deyil. Bax, bu sarıdan Əbülfət Mədətoğlu dünyanın ən varlı insanlarından biridir. Şeirlərinin birində deyir:

Dolaşıq düşən günlərin
Kələfin çözmək çətindi...
Dərdin yumruqları altda
Dayanıb dözmək çətindi!

Sənin söz qılıncın çox ovxarlıdır, qardaş! Özün deməmisən ki, dərdlərin sərhədini çoxdan yarmısan! Qoy dərdin özü dərd çəksin ki, bizə sadiqliyi, vəfası ucbatından özü də yaşlaşdı, qocaldı. Məhəbbət ünvanlı şeirlərindən heç danışmadım. Açığı, mən anlamadım ki, sən hansı sevdanın dərdini çəkirsən. Sevdiyin ocağının başında, gözünün önündədi. Bəs bu giley dolu, xiffətli, həsrət yüklü misraların ünvanı niyə naməlum olsun? Yadıma İran müğənnisi, Ququş adı ilə tanınan azərbaycanlı Faiqə Atəşinin oxuduğu məşhur “Ayrılıq” mahnısı düşdü. Əslində, bu bir məhəbbət şərqisi idi. Əvvəllər belə də qəbul etmişdik. Sonra hər şey dəyişdi. Vətən həsrətindən üzülənlərin könül harayına çevrildi. İndi o mahnını eşidən kimi gözlərimizin önündə əlimiz yetməyən, səsimiz çatmayan yurd yerlərimiz canlanır. Düzmü tapdım, qardaş, sən Vətən Məcnunu, Qarabağ sevdalısan! Başqa cür də ola bilməz. Böyük Məmməd Araz demişkən, indi gərək hər anımız Vətən desin, təxminimiz, gümanımız, məhəbbətimiz, həsrətimiz Vətən desin!
Mübarək yaşını doğma yurdunda qeyd edə bilmədin. Bəlkə də heç xatırlamadın ki, ömrünün iki beşi yanaşı dayanıb. Səni sevənlər, dostların bu xiffəti yaşadılar. Günlərin şeirlə açılsın, müjdələrlə qarşılansın. Düşüncələrindən keçənlər, istəklərinə hakim kəsilənlər xəyal yox, gerçək olsun! Bizi Qarabağa - Xocavəndə ad gününə çağırasan. Əvəzində mən də borclu qalmayım, hamınızı ana yurduma - indi erməni əsarətində saralan Uruda dəvət edim. Ürəyim titrədi. Demişdim, ağlamayım, bacarmadım. Yadıma nə vaxtsa yazdığım misralar düşdü:

Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Vətəndə
Qış da bizdən vəfalı.

Flora Xəlilzadə,
Əməkdar jurnalist