Dahi şairin əsərlərində Azərbaycanla bağlı motivlər daha əhatəli araşdırılacaq
Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə qurumun rəyasət heyətinin növbəti iclası keçirilib.
İclasda akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli “Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq” mövzusunda məruzə edib.
Məruzədə böyük şair və mütəfəkkir Nizami Gəncəvini öz doğma Vətəni və etnosu ilə bağlayan məsələlər ədibin yaradıcılığı əsasında sistemli şəkildə təqdim edilib.
Bildirilib ki, bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblər üzündən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf etmək olar. Bu səbəbdən fars dilində yazdığına görə Nizamini və orta əsr Azərbaycan poeziya məktəbinin digər nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil.
Məruzəçi Nizaminin Azərbaycan şairi olduğunu sübut edən bir sıra arqumentlərin olduğunu vurğulayıb. Həm şairin özü, həm də onun haqqında yazmış bütün orta əsr qaynaqları Nizaminin 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncədə doğulduğunu, ömrü boyu Azərbaycanda yaşayıb-yaratdığını birmənalı şəkildə təsdiq edir. Nizaminin dilində çoxlu türk sözləri işlənib.
Məruzədə daha sonra qeyd olunub ki, bu və digər arqumentlər Nizami yaradıcılığında azərbaycançılıq ideologiyasının güclü olduğunu, şairin öz doğma vətəninə və xalqına məhəbbətini sübut edir.
İclasda bu sahədə araşdırmaların davam etdirilməsi vacib hesab edilib. Bildirilib ki, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar daha əhatəli şəkildə araşdırılacaq. AMEA rəyasət heyətinin qərarına əsasən, Nizami irsi ilə bağlı Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərinə ezamiyyətlər həyata keçiriləcək.