Aprelin 9-da “Park İnn” hotelinin Nəsimi zalında görkəmli maarifçi, yazıçı-publisist və ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirildi.

“Azərbaycan mədəniyyətində Əli bəy Hüseynzadə fenomeni” mövzusunda tədbir Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən təşkil olunmuşdu.
Mərkəzin direktoru, professor Vilayət İsmayılov tədbiri açaraq Əli bəy Hüseynzadənin ədəbiyyatımıza və ictimai fikir tariximizə verdiyi töhfələrdən danışdı, Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən onun yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirdi. Qeyd etdi ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan və digər türk xalqlarının istiqlal yolunu işıqlandıran dəyərli əsərlər yaradıb.
“Ədəbiyyat qəzeti” baş redaktorunun müavini, Əməkdar mədəniyyət işçisi Azər Turan “Əli bəy Hüseynzadə və milli kimlik məsələsi” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Ə.Hüseynzadə türk millətinə milli kimliyini aşılayan ilk böyük şəxsiyyətlərdəndir. O, “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsi ilə türk xalqlarının etnoqrafik xəritəsini cızıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub, Əhməd bəy Ağaoğlu ilə birlikdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi sayəsində “Həyat” qəzetinin nəşrinə başlayıb. “Həyat” qəzetində, eləcə də baş redaktoru olduğu “Füyuzat” jurnalında Azərbaycan ədəbiyyatının və jurnalistikasının görkəmli nümayəndələrini ətrafında birləşdirməyə nail olub. Məruzəçi Ə.Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışının bilavasitə maarifçi dünyagörüşündən qaynaqlandığını vurğuladı.
Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova “Əli bəy Hüseynzadə və Azərbaycan teatrı” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, Ə.Hüseynzadə hansı sahədə fəaliyyət göstərməsinə baxmayaraq, həmişə ilklərə, yeniliklərə imza atıb. Dünya ədəbiyyatının bir neçə qiymətli əsərini yüksək bədii zövqlə Azərbaycan dilinə tərcümə edib.
Dəyirmi masada Ə.Hüseynzadənin zəngin həyat və yaradıcılığı haqqında müzakirələr aparıldı. Ədibin qardaşı nəvəsi Cəmilə Hüseynzadənin kövrək və səmimi söhbəti tədbirə xüsusi ahəng qatdı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar