Mədəniyyət və turizm şöbələrinin müdirləri üçün ixtisasartırma kursları təşkil olunub

Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyinin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən şəhər və rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri üçün kurslar təşkil olunub. On gün davam edən kurslar şöbə rəhbərlərinin nəzəri və praktik biliklərinin artırılması məqsədi daşıyır.

Aprelin 14-də M.F.Axundzadə adına Milli Kitabxanada kursların dinləyiciləri üçün seminar keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun məruzəsi dinlənildi. Məruzədə şəhər və rayonlarda mədəniyyət və turizm şöbələrinin işinin günün müasir tələbləri səviyyəsində qurulması üçün vacib olan faktorlar diqqətə çatdırıldı. Yerlərdə mədəniyyət və turizmin inkişafı üçün müvafiq tədbirləri müəyyən etmək üçün kitabxanalarda, muzeylərdə monitorinqlərin keçirilməsinin vacibliyi vurğulandı: “Regionlarımız maraqlı adət-ənənələri, mətbəxi, folkloru ilə zəngindir. Bunu ortaya çıxarıb həm ölkəmizə, həm də dünyaya tanıtmaq lazımdır”. Bildirildi ki, bu addımlar regionlara investisiyaların qoyulması üçün əlavə imkanlar yaradar, eyni zamanda turistlərin bölgələrə cəlb olunmasına müsbət təsir edər.
Tarixi abidələrin xəritələrinin hazırlanması və onların qorunmasına diqqət çəkən Firudin Qurbanov bu işdə ixtisaslı kadrlara böyük ehtiyac olduğunu dedi: “Hər bir rayonun mədəniyyət və turizm şöbəsi istirahət məkanları, tarixi abidələri əhatə edən turizm marşrutları hazırlamalı və bunu öz internet saytlarında yerləşdirməlidir. Çünki ölkəmizin ümumi inkişafı üçün regionların tərəqqisi çox vacibdir. Son illərdə bu sahədə böyük uğurlar əldə olunub. Yerlərdə əhalinin asudə vaxtının səmərəli təşkili və turizmin inkişafı üçün addımlar atılır. Bu işdə rayon mədəniyyət və turizm şöbələrinin üzərinə də böyük məsuliyyət düşür”.
Aparat rəhbəri regionlarda kinoteatrların işinin yaxşılaşdırılması üçün də müəyyən tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin rəhbəri Ramazan Şabanov kursların əhəmiyyətindən danışdı: “İxtisasartırma kursu mədəniyyət və turizm şöbələri rəhbərlərinin nəzəri və praktik biliklərinin artırılması, öz aralarında işbirliyi, təcrübə mübadiləsinin aparılması, nazirliyin məsul işçiləri ilə görüşlərin təşkili məqsədi daşıyırdı. Bu müddət ərzində bir sıra səmərəli görüşlər təşkil olunub. Eyni zamanda rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri ilə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna ekskursiya təşkil etdik, Qafqaz Universitetində görüşlər keçirdik”.
Aprelin 15-də kurs dinləyiciləri üçün Heydər Əliyev Mərkəzi ilə tanışlığın da əhəmiyyətli olacağını deyən R.Şabanov ümumilikdə qarşıya qoyulan məqsədə nail olunduğunu, 10 günlük kursun səmərəli keçdiyini bildirdi.
* * *
Seminardan sonra iştirakçıların bir neçəsinin təəssüratlarını öyrəndik. Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev kursun təşkilini yüksək qiymətləndirdi: “Düşünürəm ki, idarəetmədə yeni metodların, mədəniyyət və turizm sahəsində yeniliklərin tətbiqi, dövlət siyasətinin həyata keçirilməsi, rəhbər kadrların öz işlərini günün tələblərinə uyğun təşkil etməsi üçün belə tədbirlərin böyük əhəmiyyəti var. Bu həm də digər rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri ilə təcrübə mübadiləsi aparmağımıza imkan verdi, yeni normativ aktlarla tanış olduq”.
Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova da kursun səmərəli keçdiyini bildirdi: “2011-ci ildə də bu kurslarda iştirak etmişdim. Düşünürəm ki, tədbir müddətində işimizin səmərəli təşkili üçün lazım olan bir çox məsələlərdən danışıldı. Tədbiri əhəmiyyətli edən səbəblərdən biri də Mədəniyyət və Turizm Nazirliyinin müvafiq struktur bölmələri üzrə cavabdeh olan məsul şəxslərlə görüşlərin təşkilidir. Bu görüşlərdə nazirlik əməkdaşları öz sahələrinə aid yeniliklər barədə bizə ətraflı məlumat verdilər”.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar