Təqdimatlar, təltiflər, mükafatlar

Aprelin 18-də Milli İncəsənət Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Mərasim Mədəniyyət və Turizm Nazirliyinin və «PAŞA Həyat Sığorta» ASC-nin təşkilatçılığı, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə gerçəkləşdi.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin «Milli irs mükafatı»nın 2014-cü il üzrə nominantlarının mükafatlandırılması, həmçinin nazirliyin və «PAŞA Həyat Sığorta» ASC-nin dəstəyi ilə «İrs» Nəşriyyat Evinin layihəsi əsasında işıq üzü görən «Qobustan - minilliklərin kitabı» və «Qədim qalanın yuxuları» kitablarının təqdimatı da baş tutdu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Bakıda keçirilən bu tədbirdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) prezidenti Qustavo Araozun başçılıq etdiyi nümayəndə heyətinin iştirakını əlamətdar hadisə kimi qiymətləndirdi: «Bu o deməkdir ki, Azərbaycanda qədim tariximizə, mədəni irsimizə göstərilən qayğı, bu istiqamətdə aparılan dövlət siyasəti beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Bu sahədə əldə olunan nailiyyətlərlə öyünməyə haqqımız var. Gənc müstəqil dövlət olan Azərbaycan qısa müddətdə bəşəriyyətin mədəniyyət xəzinəsinə öz irsinin ən gözəl nümunələrini daxil etməyə müvəffəq olub. Bu nümunələr bizə zəngin tarixə malik ölkəmizi dünyaya tanıtdırmağa imkan verir. Keçmişi dərk etməyən, bilməyən millət gələcəyə nikbinliklə baxa bilməz».
Ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası istiqamətində görülən işlərdən söhbət açan nazir «Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə dövlət başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın əhəmiyyətini xüsusi vurğuladı: “Bu gün Azərbaycan təkcə ölkəmizdə deyil, eyni zamanda müxtəlif ölkələrdə mədəni irsin qorunub saxlanmasına, bərpasına xüsusi əhəmiyyət verir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır».
Nazirin çıxışından sonra ölkəmizdə tarixi və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və təbliği sahəsində görülmüş işlər haqqında sənədli film nümayiş etdirildi.
Daha sonra çıxış edən İCOMOS-un prezidenti Qustavo Araoz Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Qonaq tarixi irsin qorunması sahəsində Azərbaycanın dövlət qurumları ilə yanaşı, yerli icmaların, biznes strukturlarının fəal mövqeyini yüksək qiymətləndirdi: “Bu əlamətdar gündə İCOMOS rəhbərliyinin Azərbaycanda olması ölkədə mədəni irsə göstərilən münasibətin nəticəsidir. Etiraf edim ki, İCOMOS olaraq bizim də sizdən öyrənməli olduğumuz məqamlar var. Eyni zamanda Azərbaycana mədəni irsin qorunması və mühafizəsi sahəsində lazımi köməyi göstərməyə hazırıq».
* * *
Çıxışlardan sonra Mədəniyyət və Turizm Nazirliyi və «PAŞA Həyat Sığorta»nın dəstəyi ilə reallaşan «İrs» silsiləsindən kitablar təqdim edildi. «İrs» Nəşriyyat Evinin çap etdirdiyi ilk iki kitab UNESCO-nun dünya irs siyahısına daxil olan abidələrimizə - İçərişəhərə və Qobustana həsr olunub. Nəşrlər Azərbaycan və ingilis dillərindədir.
Layihənin müəllifi və nəşrlərin baş redaktoru Mustafa Mərcanlı «Qobustan - minilliklərin kitabı» və «Qədim qalanın yuxuları» kitabları haqqında danışaraq bildirdi ki, «İrs» beynəlxalq jurnalı 10 ildən çoxdur ki, Azərbaycandan kənarda ölkəmizin mədəni irsinin təbliği ilə məşğuldur: «Amma bu istiqamətdə jurnal çıxarmaq azdır. Ona görə də qərara gəldik ki, Azərbaycanın mədəni irsinə həsr olunmuş silsilə kitablar hazırlayaq. «PAŞA Həyat Sığorta» və Mədəniyyət və Turizm Nazirliyi bizim layihəyə dəstək verdilər. Hər iki qurumun rəhbərliyinə təşəkkürlərimi bildirirəm».
Kitabların ingilis versiyasının redaktoru Yan Pirt də nəşrlərin Azərbaycan mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyətini qeyd etdi və bildirdi ki, bu cür layihələr gələcəkdə də davam etdiriləcək.
* * *
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə təsis etdiyi “Milli irs mükafatı”nın 2014-cü il üzrə qalibləri də elan olundu. «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, «PAŞA Həyat Sığorta» ASC və «İrs» beynəlxalq jurnalının redaksiyası Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə «Milli irs» mükafatı ilə təltif edildi.
Bundan əlavə, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin kollektivi, Mədəniyyət və Turizm Nazirliyi Mədəni irs şöbəsinin əməkdaşı Əsnayə Şükürova, Zaqatala rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunun kollektivi, «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun memarı Çingiz Hüseynov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron ekspedisiyasının rəisi İdris Əliyev Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri diplomu” ilə mükafatlandırıldı. Tədbir konsert proqramı ilə başa çatdı.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar