Aprelin 24-də Milli Kitabxanada görkəmli şair və tərcüməçi, ictimai xadim, Dövlət mükafatı laureatı Teymur Elçinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə dövlət rəsmiləri, elm və mədəniyyət xadimləri, ədəbi ictimaiyyətin nümayəndələri iştirak edirdi. Yubiley mərasimində əvvəlcə Teymur Elçinin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirildi.
Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq görkəmli ədib və ictimai xadimin ömür yolundan danışdı. Onun Azərbaycanın ədəbi, mədəni həyatında xüsusi rolu olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, Milli Kitabxana tərəfindən böyük ziyalının yubileyinə töhfə olaraq “Teymur Elçin. Biblioqrafiya” nəşri hazırlanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Teymur Elçinin həyat və yaradıcılığından söz açdı, onu mübariz, bütün varlığı ilə vətəninə bağlı şəxsiyyət kimi xarakterizə etdi. Prezident İlham Əliyevin Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti tarixində böyük rol oynamış şəxsiyyətlərin yubileylərinin keçirilməsi haqqında sərəncamlarını xatırladan nazir bildirdi ki, respublikamızın mədəni həyatında xüsusi yeri olan şəxslərə həmişə diqqət, xatirəsinə dərin hörmət var: “Teymur Elçin böyük şair, ictimai xadim, gözəl tərcüməçi idi. Onun yaradıcılığı həmişə gələcəyə ünvanlanırdı. Çünki o, uşaqlar üçün yazıb-yaradırdı. O, dünya ədəbiyyatının bir çox gözəl nümunələrini doğma dilimizə tərcümə etmişdir. Onun böyük xidmətlərindən biri də Azərbaycan dilinin saflığı, qorunması və inkişafı uğrunda yorulmadan çalışması idi”.
Uşaq yazıçısı, professor Zahid Xəlil Teymur Elçinin yaradıcılığından bəhs edərək onun zəngin ədəbi irsindən maraqlı faktları dilə gətirdi. Bildirdi ki, görkəmli ədib uşaq ədəbiyyatını, uşaq psixologiyasını dərindən bilirdi.
Yazıçı-publisist Flora Xəlilzadə bildirdi ki, sovet dövründə yazıb-yaradan bir çox yazıçıların, şairlərin əsərləri o dövrdən bu dövrə keçə bilmədi. Çünki o əsərlər milli dəyərlərdən, milli məfkurədən uzaq idi: “Amma Teymur Elçinin yazdığı əsərlər bir dövrə sığacaq əsərlər deyildi. Ona görə də onun əsərləri bu gün də var, gələcəkdə də olacaq”.
Xalq yazıçısı Elçin tədbirdə çıxış edərək böyük ədibin şəxsiyyətindən söz açdı, onun yaradıcılığından həmişə bəhrələndiyini vurğuladı: “O həm dövlət xadimi kimi, həm də şair, tərcüməçi kimi Azərbaycan mədəniyyətinin, dilinin inkişafına çalışmışdır. Onun əsərləri ana dilinin saflığını, vətənə, millətə sevgini tərənnüm edir”.
Xalq şairi Fikrət Qoca, Xalq artisti Fərhad Bədəlbəyli, şair İlyas Tapdıq, professor Qəzənfər Paşayev və digər çıxış edənlər Teymur Elçinin yaradıcılığını yüksək qiymətləndirərək onun ölkəmizin ədəbi, ictimai həyatında xüsusi yeri olan şəxsiyyət kimi xarakterizə etdilər. Onun uşaqlar üçün yazdığı şeirlərin dilinin sadə, təbii olduğu, tez yadda qaldığı mühüm məziyyət kimi qeyd edildi. Teymur Elçinin şeirlərinə yazılmış mahnıların bu gün də uşaqlar tərəfindən sevilməsi onun poeziyasının həmişəyaşar olmasından xəbər verir. Şairin müxtəlif xalqların uşaq yazıçılarının əsərlərini də böyük ustalıqla dilimizə tərcümə etməsi bir daha diqqətə çatdırıldı.
Şairin ailəsi adından çıxış edən oğlu Yaşar Əliyev atasına, onun yaradıcılığına göstərilən diqqətə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
Tədbirdə Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanmış “Teymur Elçin. Biblioqrafiya” kitabı da təqdim edildi. Ədibin irsini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə tərtib olunmuş biblioqrafiya 1938-ci ildən 2014-cü ilədək olan dövrü əhatə edir. Biblioqrafiyada Teymur Elçinin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş mahnıların not əlyazmaları, şeirlərinə yazılmış musiqi əsərləri, filmoqrafiyası, haqqında internet mənbələri əksini tapıb. Şairin sağlığında 15-ə yaxın şeir kitabı işıq üzü görüb, şeirlərinə mahnılar bəstələnib, mənzum pyesləri səhnələşdirilib. Kitabda Teymur Elçinin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də yer alıb. Həmçinin “Teymur Elçin-90” adlı elektron məlumat bazası və şairin şeirlərinə bəstələnmiş mahnılardan ibarət disk təqdim olundu.
Fariz Hüseynov