Aprelin 29-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kitabxanaçıların ümumrespublika müşavirəsi keçirildi. İştirakçılar əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdilər, məzarı üzərinə gül dəstələri qoydular.
Müşavirədən öncə Milli Kitabxananın zalında ölkə kitabxanalarının fəaliyyətinə həsr olunmuş foto və kitab sərgilərinə baxış keçirildi.
«Azərbaycan gerçəkliyi və kitabxanalar: yekunlar - gələcəyə baxış» mövzusunda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son 7 ildə ölkənin mədəniyyət sahəsində bir çox yeniliklər, islahatlar həyata keçirilib: «Bu işlərin həyata keçməsinə görə biz cənab Prezidentə təşəkkürlərimizi bildirməliyik. Onun diqqət və qayğısı sayəsində mədəniyyətin bütün sahələri inkişaf edir, müvafiq dövlət proqramları, qanunlar qəbul olunur”.
Nazir kitabxana sahəsinin də daim diqqət mərkəzində olduğunu dedi. Vaxtilə kitabxanalar bilik, informasiya almağın yeganə məkanı idi, nə indiki informasiya vasitələri, nə də internet vardı. Bu gün isə elektron informasiya imkanlarının geniş yayıldığı dövrdə artıq insanların saatlarla kitabxanalarda oturub məlumat əldə etməyə vaxtı yoxdur. Belə olan halda kitabxanaların da dövrün tələblərinə uyğunlaşması, oxucu auditoriyasını özündə saxlayan müasir tipli kitabxanaların yaradılması aktuallaşır. Buna görə də ilk qəbul olunmuş proqramlardan biri kitabxana şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı oldu. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə» Dövlət Proqramı başa çatdı. Amma, gəlin, görək bu proqram çərçivəsində görülən işlərlə kitabxanaların insanlara müasir bilikləri çatdırmasına nə dərəcədə nail olmuşuq? Təəssüf ki, bu istiqamətdə işlər hələ istədiyimiz səviyyəyə çatmayıb. Çünki müasir texnologiyalar bizi qabaqlayır. Kitabxanaların bu texnoloji vasitələrlə ayaqlaşması üçün külli miqdarda vəsait lazımdır. Uzunmüddətli bir proqram hazırlanmalı, daha konkret məqsədləri və niyyətləri müəyyənləşdirən bir sənəd olmalıdır».
Yeni proqramda dövrün çağırışları nəzərə alınmalıdır
Nazir bildirdi ki, yeni proqram tərtib olunarkən yalnız texniki məsələlər deyil, eyni zamanda insanların yeniliklərə hazır olması, kitabxana formatının müəyyənləşdirilməsi haqda düşünmək lazımdır: «Biz islahatlar apararkən bir sıra uğurlu nailiyyətlər də əldə etmişik. Proqram çərçivəsində kitabxana sistemləri kitabxana informasiya mərkəzlərinə çevrilib. Bu, böyük uğurdur. Amma kitabxana informasiya mərkəzləri bir-biri ilə əlaqəli işləmirlər. Milli Kitabxanada son 3-4 il müddətində görülmüş işlər bizə əsas verir deyək ki, bütün informasiya bazası burada cəmlənməlidir. Kitabxanalar şəbəkəsində vahid və müstəqil sistem qurulmalıdır. Bu sistem dünya şəbəkəsinə qoşulmalıdır, amma bir şərtlə ki, bunlar milli proqramla həyata keçirilsin. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalı, elektron oxucu şəbəkəsi formalaşdırılmalıdır. Azərbaycan dövləti mədəniyyət və turizm sahəsində olduqca böyük layihələr gerçəkləşdirir. Amma onların haqqında təkcə özümüz bilirik. Xüsusilə rayonlarda keçirilən tədbirlərlə bağlı şəbəkədə heç bir məlumat olmur. Bəs onda bu şəbəkə nə üçündür? İnformasiya şəbəkəsinin formalaşdırılması tək kompyuterdən və rəqəmsal daşıyıcılara keçirilmiş kitablar, qəzetlər, elektron kataloqlardan ibarət deyil. Şəbəkə o zaman dolğun olur ki, onun istifadəçiləri var və onların arasında mütəmadi ünsiyyət mövcuddur. Ona görə də biz ikinci proqramda şəbəkənin fəaliyyətinin hansı formatda göstərilməsini təmin etməliyik”.
Nazir qeyd etdi ki, rayonlardan tez-tez turizm informasiya mərkəzlərinin yaradılması ilə bağlı müraciətlər alınır: “2007-ci ildə eksperiment üçün Ənvər Məmmədxanlı adına kitabxananı kitabxana-turizm informasiya mərkəzinə çevirdik. Bu kitabxana bir turizm şirkətinin yanında yerləşir. İndi turistlər həmin şirkətə gəldikləri zaman istədikləri məlumatları da turizm informasiya mərkəzindən ala bilirlər. Rayonlarda onlarla kitabxana var. Bu halda yeni bir turizm informasiya mərkəzi yaratmağa nə lüzum var? Olmazmı, elə mərkəzdə yerləşən kitabxanalardan birini “kitabxana - turizm informasiya mərkəzi” edəsiniz? Yeni düşüncə tərzi gəlməlidir. Əgər yerlərdə kitabxanalarda işləyən insanlar öz işlərini qura bilməsələr, yeniliklərlə ayaqlaşmasalar, onda bu kitabxanalar öz əhəmiyyətini itirəcək”.
Qeyd olunanlarla yanaşı, nazir vurğuladı ki, “Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə» Dövlət Proqramı çərçivəsində çox işlər görülüb. Bu sənəd kitabxana işini yeni səviyyəyə qaldırmağa imkan yaradıb: “Məqsədimiz odur ki, kitabxanalar insanlara bilik, yenilik, informasiya təqdim etsin. Ona görə də yeni proqramda biz yeni tələblərə cavab olaraq bu meyarları müəyyənləşdirməliyik».
Kitabxanalara sərbəstlik verilməlidir
Tədbirdə iştirak edən Rusiya Federasiyası Milli Kitabxanasının direktoru Anton Lixomanov kitabxana sahəsində tətbiq olunan yeniliklərdən danışdı və bu sahədə mövcud təcrübəni paylaşmanın vacibliyini bildirdi.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli «Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə» Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verdi. Onun sözlərinə görə, Dövlət Proqramının icrasının nəticəsi olaraq ölkənin kitabxana-informasiya şəbəkəsində islahatlar aparılıb, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradılıb: «Ümumiyyətlə, son 10 il ərzində kitabxanaların maddi-texniki bazası, eləcə də kitabxana fondları etibarlı şəkildə qorunub saxlanılıb, kitab fondları kəmiyyət və keyfiyyət baxımından dövrün tələbləri səviyyəsinə qaldırılıb. Kitabxanaların kitabla təminatı üçün nazirlik hər il təqribən 70-80 adda kitab çap etdirərək kitabxanalara göndərir. Ötən il Bakıda keçirilən beynəlxalq kitab sərgisi göstərdi ki, ölkədə 100-dən artıq kitab nəşri ilə məşğul olan təşkilat var. Fikrimizcə, bu və ya digər baxımdan dəyəri olan bütün nəşrlər, çap materialları kitabxanalarda yer almalıdır. Bunun üçün də ilk növbədə kitab təminatı məsələsi ilə oxucu rəyi nəzərə alınmalı, kitabxanalara vəsait və sərbəstlik verilməlidir. Kitabxana kollektoru da bu sahədə səmərəli fəaliyyət göstərməli, yeni iş metodlarından istifadə etməlidir».
Müşavirədə «Kənd Kitabxana-İnformasiya Mərkəzi» pilot layihəsinin və Milli Kitabxanada tətbiq olunan «ALİSA» proqramının təqdimatı keçirildi.
Milli Kitabxananın direktoru Kərim Tahirov, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev, Zərdab rayon MKS-nin şöbə müdiri Nisə Əliyeva çıxış edərək dövlət proqramının əhəmiyyətindən və kitabxana sahəsində görülən işlərdən danışdılar.
Tədbir Milli Kitabxanada, F.Köçərli adına Uşaq və C.Cabbarlı adına Gənclər kitabxanalarında seksiyalar üzrə davam etdirildi.
Fəxriyyə Abdullayeva