Görkəmli ədəbiyyatşünas-yazıçının “Seçilmiş əsərləri”nin təqdimatı keçirildi

Aprelin 30-da Milli Kitabxanada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimat mərasimi keçirildi. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdi.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq yazıçının Azərbaycan ədəbiyyatında yerindən, zəngin yaradıcılıq yolundan danışdı.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mir Cəlal Paşayevi XX əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, böyük yazıçı və alim kimi xarakterizə etdi. Bildirdi ki, ötən əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və özünəməxsus yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, Mir Cəlal 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. Sonradan ailəsi Gəncəyə köçüb və o, uşaqlıq çağını, ibtidai təhsilini burada başa vurub. Yazıçı sovet dövründə yaşayıb-yaratmasına baxmayaraq, onun əsərlərində həmin dövrün ideologiyası təbliğ olunmayıb. O, ədəbi aləmdə “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım” romanları ilə tanınıb. Eyni zamanda gerçək həyatda baş verən müxtəlif hadisələri ustalıqla ədəbiyyata gətirən, ümumiləşdirən və mənalandıran gözəl hekayələr müəllifi olub. Əsərlərində təsvir olunan hadisələr həyatiliyinə, doğruluğuna, inandırıcılıq keyfiyyətinə görə həmişə sevilib və yüksək qiymətləndirilib. Mir Cəlal 1978-ci ildə vəfat edib.
Azərbaycan Atatürk Mərkəzinin direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirdi ki, Mir Cəlal yaradıcılığı boyu, özünün dediyi kimi, “kağız korlamamış” bir sənətkar, ədəbi ictimaiyyətin diqqətini cəlb edən tərbiyəçi kimi yaddaşlarda qalıb. O, ədəbiyyatımıza yeni və maraqlı insan surətləri gətirib, yeniliyin köhnəlik üzərindəki qələbəsini məharətlə açıb göstərib. “Xarici naxoşluq”, “Yad adam”, “Yalan yeriməz” və s. hekayələrində daha çox mənfilik, köhnəliyin təzahürləri, özündən razılıq kimi hallar kəskin tənqid edilib.
Bakı Dövlət Universitetinin professoru Xalid Əlimirzəyev qeyd etdi ki, yığcam və ibrətli hekayələr müəllifi kimi Mir Cəlal eyni zamanda Azərbaycan romanlarının məzmun və formaca zənginləşməsində xüsusi xidmətlər göstərib. Yazıçı “Yolumuz hayanadır” romanında XX əsrin əvvəllərində məktəb, maarif, mədəniyyət məsələlərini əsas götürərək böyük şair Mirzə Ələkbər Sabirin fəaliyyətinin xarakterik cəhətlərini ümumiləşdirib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çox erkən çağlarından Mir Cəlalın ailəsini tanıdığını bildirdi: “Şadam ki, belə bir ailə ilə çox yaxın ünsiyyətdə olmuşam. Süfrələrinin başında oturub onlarla birlikdə çörək kəsmişəm. Bu ailədə gördüyüm səmimiliyə, sadəliyə və müdrikliyə heç yerdə rast gəlmədim. Bu sözlər daha böyük auditoriyalarda gənclərə deyilsəydi və aşılansaydı, daha yaxşı olardı. Gənclərdə mədəni həyata baxışlar dəyişərdi”.
Akademik Vasim Məmmədəliyev bildirdi ki, ustad Mirzə Cəlildən və Əbdürrəhim bəy Haqverdiyevdən sonra hekayə janrında bir boşluq yaranmışdı: “Mir Cəlal bu boşluğu doldurdu. O, hərtərəfli bir ziyalı idi”.
BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov orta məktəb illərindən Mir Cəlalın yaradıcılığının vurğunu olduğunu dedi: “Bu görkəmli sənətkarın əsərləri çox sadə, anlaşıqlı yazıldığından yaxşı qavranılırdı. Ona görə də Mir Cəlal yaradıcılığı bizə doğma idi”.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev qeyd etdi ki, böyük yazıçını xalqına sevdirən və yaşadan çox dəyərli əsərləridir. O, bu gün də, gələcəkdə də xalqın qəlbində yaşayacaq.
Professor Qəzənfər Paşayev çıxışında Mir Cəlalı xüsusi üsluba malik, heç kəsə bənzəməyən duyğu və düşüncə tərzi ilə seçilən bir sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, xalq yaradıcılığı və folklorumuza bağlılıq ədibin əsərlərində daim özünü göstərir. Hadisənin mahiyyətini açmaqda onlardan tutarlı bədii vasitə kimi istifadə etmək, harada, nə məqsədlə, necə yararlanmaq ədibin xüsusi yaradıcılıq məharətinin göstəricisidir.
Tədbirdə çıxış edən professorlar Təhsin Mütəllimov, Nizaməddin Şəmsizadə, Şirindil Alışanov ədibin eyni zamanda fədakar alim və ədəbi tənqidçi olduğunu diqqətə çatdırdılar, elmi-pedaqoji fəaliyyətindən söz açdılar, xatirələrini bölüşdülər.
Sonda görkəmli sənətkarın nəvəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətlərinin Mir Cəlalın adı ilə bağlı olduğunu bildirdi: “O, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində layiqli və şərəfli yer tutub. Hər bir xalqın bədii ədəbiyyatı onun taleyini və tarixini tam dəqiqliyi ilə özündə təcəssüm etdirən bədii abidələrdən ibarətdir. Bütün varlığı ilə xalqına bağlı olan Mir Cəlalın yaradıcılığında xalqımızın yarıməsrlik tarixinin müxtəlif mərhələlərindəki ictimai-iqtisadi və mənəvi-psixoloji vəziyyəti, taleyi zəngin həyati faktlar, vüsətli bədii təxəyyül hesabına məharətlə təcəssüm etdirilib”.
Professor Nərgiz Paşayeva təqdimat mərasimin iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar