Mayın 7-də çövkən üzrə final oyunu ilə festivala yekun vurulacaq

Xəbər verdiyimiz kimi, mayın 3-də Mədəniyyət və Turizm Nazirliyinin Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Bakı, Şəki, Yevlax şəhərlərini, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağcabədi, Ağdam, Ağstafa, Goranboy, Laçın və Xaçmaz rayonlarını təmsil edən 16 komanda iştirak edir. Bakı şəhəri festivalda «Sərhədçi» və «Polad» komandaları ilə təmsil olunur.
Festivalın təntənəli açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edib. Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 2006-cı ildə yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, eləcə də hər ilin dekabrında «Prezident Kuboku» uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Bu tədbirlər xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin bərpası, habelə ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Milli atüstü oyunlarına maraq getdikcə daha kütləvi xarakter alır, yarışların coğrafiyası ildən-ilə genişlənir. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbərinin müavini, festivalın keçirilməsi üzrə təşkilat komitəsinin üzvü Cavanşir Cəfərovun bildirdiyinə görə, ilk vaxtlar bu tədbirlərdə 6-8 komanda iştirak edirdisə, builki festivalda komandaların sayı 16-ya çatıb: “Ötən ilin dekabrında «Prezident Kuboku» uğrunda keçirilən çövkən milli oyunu üzrə yarışlarda 20 komanda yarışıb. Bu komandalar ölkəmizin əksər bölgələrini təmsil edir. Gələcəkdə bölgələrdə tədbirə maraq davam edərsə, festivalı öncə regionlar üzrə təşkil edib, final mərhələsini Şəkidə keçirmək olar”.
Tədbirdə o da bildirilib ki, festival çərçivəsində iştirakçılar üçün çövkən oyunu üzrə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.
Açılış mərasimində musiqi nömrələrinin səslənməsindən sonra iştirakçı komandalar cəngi sədaları altında meydana daxil olublar. Qeyd edək ki, builki milli atüstü oyunlar festivalı çövkən, sürpapaq, papaq və yaylıq oyunları üzrə keçirilir.
Əvvəlcə tamaşaçılar çövkən milli oyunu üzrə Şəki və Ağcabədi komandalarının oyununu izləyiblər. Maraqlı keçən oyun Ağcabədi komandasının qələbəsi ilə başa çatıb. Çövkən oyunları ertəsi günlərdə davam edib. Həmçinin sürpapaq, papaq və yaylıq oyunları keçirilib.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirovdan aldığımız məlumata görə, artıq sürpapaq, papaq və yaylıq oyunları üzrə yarışlar yekunlaşıb. Mayın 5-də papaq oyunu üzrə Oğuz və İsmayıllı komandaları arasında final oyunu keçirilib. İsmayıllı komandası 7:0 hesabı ilə qalib gəlib. Qax və Yevlax rayonları arasında 3-cü yer uğrunda oyun 1:0 hesabı ilə Qax komandasının xeyrinə başa çatıb.
Sürpapaq oyununda Ağdam və Şəki komandaları yarışıb. 1:0 hesabı ilə Ağdam komandası qalib gəlib. Laçın və Ağstafa komandaları arasında oyunda isə 3:2 hesabı ilə Ağstafa təmsilçiləri qələbə çalıb. Beləliklə, sürpapaq oyunu üzrə birinci yer uğrunda Ağdam və Ağstafa komandaları üz-üzə gəlib və 7:3 hesabı ilə Ağstafa komandası qalibiyyət qazanıb. Üçüncü yer uğrunda Laçın-Şəki oyunu 6:0 hesabı ilə nəticələnib.
Yaylıq oyunu üzrə Xaçmaz 1-ci, Goranboy 2-ci, Qəbələ 3-cü, Zaqatala 4-cü yerin sahibi olub.
Çövkən üzrə yarımfinalda Ağcabədi və Balakən komandaları arasında oyun 2:1 hesabı ilə nəticələnib. Bakının «Sərhədçi» və «Polad» komandaları arasında oyunda birinci 2:0 hesabı ilə qalib gəlib.
Mayın 6-da çövkən üzrə 3-cü yer uğrunda Balakən təmsilçiləri və «Polad» komandası arasında oyun keçirilib. «Polad» komandası 2:0 hesabı ilə qələbə qazanıb.
Mayın 7-də isə Ağcabədi rayonunun və Bakının «Sərhədçi» komandası finalda üz-üzə gələcək. Final oyunundan sonra festivalın təntənəli bağlanış mərasimi olacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar