“Cənab Prezidentin Fərəh Əliyevanın səmərəli fəaliyyətini dəyərləndirməsi və ona yüksək etimad göstərməsi bizləri sevindirir”

Prezident İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.


Mayın 5-də Fərəh Əliyevanın səkkiz ildən artıq çalışdığı Mədəniyyət və Turizm Nazirliyində təntənəli şəkildə yeni vəzifəsinə yolasalma mərasimi keçirilmişdir. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəhbər işçiləri iştirak etmişdir.
Nazir Əbülfəs Qarayev çıxış edərək bildirmişdir ki, Fərəh Əliyevanın yeni vəzifəyə təyin edilməsi bütün kollektivin sevincinə səbəb olmuşdur: “Cənab Prezidentin Fərəh xanımın işinə verdiyi qiymət, onun səmərəli fəaliyyətini dəyərləndirməsi və yüksək etimad göstərməsi bizləri sevindirir. Səkkiz illik fəaliyyəti zamanı Fərəh Əliyeva Mədəniyyət və Turizm Nazirliyinin ən böyük şöbələrindən olan İncəsənət şöbəsinə rəhbərlik etmiş, kollektivin hörmətini qazanmışdır. O, təcrübəli kadr kimi hər zaman işin öhdəsindən gəlmiş, bir sıra əhəmiyyətli tədbirlərin həyata keçməsində yaxından iştirak etmiş, təşkilatçı kimi beynəlxalq festivalların uğurla həyata keçməsində xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə görə onun əməyi dövlət tərəfindən yüksək dəyərləndirilmişdir”.
Fərəh Əliyevanı yeni təyinat münasibətilə təbrik edən və ona uğurlar arzulayan Əbülfəs Qarayev bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi gələcək fəaliyyətində ona dəstək olacaqdır: “Mədəniyyət və İncəsənət Universiteti Təhsil Nazirliyinin balansında olsa da, bu tədris müəssisənin hazırladığı kadrlar mədəniyyət və incəsənətimizə xidmət edirlər. Düşünürəm ki, Fərəh Əliyevanın bu təhsil ocağına rəhbər təyin edilməsi qarşılıqlı əlaqələrimizi daha da möhkəmləndirəcək. Fərəh Əliyevanın burada qazandığı təcrübə həm bizim üçün, həm də Mədəniyyət və İncəsənət Universiteti üçün səmərəli olacaq”.
Nazirliyin kollektivi Fərəh Əliyevaya yeni fəaliyyətində uğurlar arzulamışdır.
Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Hazırda kafedranın professoru vəzifəsində çalışır.
1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərinin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Tədqiqatçı kimi XX əsr Azərbaycan musiqisi, bəstəkar yaradıcılığı, müasir musiqi problemlərində ixtisaslaşmışdır. «Azərbaycan musiqisində üslub axtarışları» monoqrafiyasının, dərsliklərin, görkəmli bəstəkar və ifaçılar haqda onlarla elmi, elmi-populyar məqalələrin müəllifidir. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının “Musiqişünaslıq və incəsənət” bölməsinin üzvü və elmi katibidir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar