Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Prezident təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadə 2014-cü il mayın 3-də ömrünün 77-ci ilində vəfat edib. Mayın 4-də Bakı Musiqi Akademiyasında vida mərasimi keçirilib.
Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Aqşin Əlizadənin həyat və yaradıcılıq fəaliyyətindən danışıb. Bildirilib ki, Aqşin Əlizadə milli musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb. Onun fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir.
1937-ci il mayın 22-də Bakıda anadan olan A.Əlizadə Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddətdə çoxlu sayda dəyərli əsərlər ərsəyə gətirib.
Sənətkarın müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri ona şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib. Bəstəkarın yaradıcılığında film və tamaşalar üçün yazdığı musiqilər də xüsusi yer tutur. A.Əlizadə ayrı-ayrı illərdə ali məktəblərdə müəllimlik edərək gənc musiqiçilər nəslinin yetişdirilməsinə və peşəkar musiqiçi kadrların hazırlanmasına töhfələr verib.
Musiqiçi eyni zamanda çoxşaxəli ictimai fəaliyyət göstərib. Uzun illər ərzində Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunub, respublika Ali Sovetinə deputat seçilib, cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirib. Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində A.Əlizadənin xidmətləri yüksək qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında bildirib ki, Aqşin Əlizadənin əsərləri nəinki ölkəmizdə, eləcə də respublikamızdan kənarda da sevilə-sevilə səslənir. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkar Cövdət Hacıyevin sinfində təhsil alması, əməksevərliyi böyük rol oynayıb.
Mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkar Xalq artisti Musa Mirzəyev, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov vurğulayıblar ki, Aqşin Əlizadə sənətinin başlıca qayəsi xalqın qəhrəmanlıq dolu keçmişinin, vətənə məhəbbətin, humanizmin, həyata inamın və insanın mənəvi ucalığının tərənnümündən ibarətdir. Təbiət lövhələrinin canlılığı, parlaq obrazlılıq və melodizm, xüsusən milli muğamlardan qaynaqlanan cəhətlər onun əsərləri üçün xarakterikdir. Aqşin Əlizadənin musiqi irsi öz gücünü Azərbaycan xalq musiqisinin dərin qatlarından alıb. Müasir kompozisiya üsullarından da uğurla istifadə edən sənətkar milli musiqi mədəniyyətimizi zənginləşdirib. O, Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçılarından biridir. Onun musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir. Görkəmli bəstəkar, pedaqoq, ziyalı və gözəl insan Aqşın Əlizadənin işıqlı xatirəsi xalqımızın qəlbində yaşayacaq, onun əsərləri heç zaman unudulmayacaq.
Aqşin Əlizadənin oğlu Əli Əlizadə çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, o cümlədən mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Görkəmli bəstəkar Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.