“Heydər Əliyev və mədəni irs” kitabının təqdimatı keçirildi
Mayın 7-də Muzey Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəfis şəkildə nəşr edilən “Heydər Əliyev və mədəni irs” kitabının təqdimatı keçirildi. Nəşrin ideya müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, layihənin rəhbəri nazirin birinci müavini Vaqif Əliyevdir.
Mədəniyyət və elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri nazir Əbülfəs Qarayev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan danışdı: “Hər il may ayında ənənəvi olaraq baxışlarımızı keçmişə və gələcəyə yönəldirik. Ümummilli liderin qayğı ilə yanaşdığı, bərpa etdiyi, yaratdığı və ucaltdığı memarlıq abidələrimiz göz önünə gəlir. Bu gün təqdimatına toplaşdığımız kitabda da ulu öndərin himayəsi ilə qurulan, bərpa olunan tarixi və müasir memarlıq abidələrindən geniş söhbət açılır. Görkəmli şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövrlərdə şəhərlərimizin bərpası və qorunması istiqamətində böyük işlər görülüb. Buna görə də Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlının qəlbində şərəf hissi oyadır”.
Nazir bildirdi ki, ulu öndərin təşəbbüsü ilə görkəmli mədəniyyət və incəsənət xadimlərinin şərəfinə ucaldılan heykəllər bu gün çox möhtəşəm görünür: “Bu heykəllər milli-mədəni şüurumuzun qorunub saxlanılmasına xidmət etməklə yanaşı, həm də milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib”.
Vurğulandı ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mədəni irsin qorunması və zənginləşməsi istiqamətində böyük işlər görürlər. Son vaxtlar ölkə başçısı tərəfindən bu istiqamətdə bir sıra sərəncamlar imzalanıb.
Əbülfəs Qarayev kitabın hazırlanmasına verdikləri dəstəyə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) və Milli Arxiv İdarəsinə öz minnətdarlığını bildirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov təqdim olunan kitabın mədəniyyət siyasətimizə xidmət etdiyini, burada tarixi abidələrimizə ulu öndər Heydər Əliyevin münasibətinin əks olunduğunu dedi. Bildirildi ki, ulu öndərin hakimiyyəti dövründə N.Nərimanov, İ.Nəsimi, C.Cabbarlı, H.Cavid və bir çox elm, mədəniyyət xadimlərinə heykəllər ucaldılıb. Ümummilli lider görkəmli şəxsiyyətlərimizə təkcə heykəllər qoymurdu, həm də tarixi bərpa edirdi. Dahi siyasətçinin qoyub getdiyi bənzərsiz ənənələr, xüsusilə milli-mənəvi dəyərlər, mədəni irsə göstərdiyi münasibət bütün türk dünyasında öyrənilməlidir.
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli “Heydər Əliyev və mədəni irs” kitabını ümummilli liderin xatirəsinə layiqli töhfə kimi xarakterizə etdi, nəşri ulu öndərin mədəniyyət siyasətinin salnaməsi adlandırdı.
AzərTAc-ın baş redaktoru Yaşar Quluzadə bildirdi ki, ümummilli lider dünya mədəniyyətini, o cümlədən Qərb mədəniyyətini gözəl bilirdi. Ona görə də Azərbaycanın bənzərsiz tarixi və müasir memarlıq nümunələrini dünya mədəniyyəti konteksində dəyərləndirirdi.
Xalq rəssamı, akademik Ömər Eldarov və AMEA-nın müxbir üzvü Vəli Əliyev ulu öndərin mədəniyyətimizə verdiyi töhfələrdən danışdılar. Kitabın tədqiqatçılar üçün dəyərli mənbə olduğunu bildirdilər.
Sonda ümummilli liderin mədəniyyət siyasətindən bəhs edən “Azərbaycan mədəniyyətinin hamisi” adlı film nümayiş olundu.
Savalan Fərəcov