Mayın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Əbədi gənc Bakı” adlı tədbir keçirildi.

Tədbir “İçərişəhər” Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdu. Muzeyin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi nümayiş etdirilirdi.
Tədbirdə çıxış edən “İçərişəhər” Tarixi Muzeyinin baş mütəxəssisi Fidan Seyidova ümummilli liderin tarixi-mədəni irsimizə, o cümlədən İçərişəhərə verdiyi qiymətdən, bu qədim yaşayış məkanı haqqında söylədiyi fikirlərdən, onun qorunması istiqamətində gördüyü işlərdən söz açdı. Bildirdi ki, Bakının bu qədim, əsrarəngiz guşəsinin adı tarixi mənbələrdə qeyd edilir. Bakı tarixən Azərbaycan ərazisində mövcud olmuş bir sıra dövlətlərin paytaxtı olmaqla böyük inkişaf yolu keçib və bugünkü müasir görkəmi ilə əbədi gənc şəhərə çevrilib.
”İçərişəhər” Tarixi-Memarlıq Qoruğunun 2000-ci ildə Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına salındığını qeyd edən Fidan Seyidova bu hadisənin Azərbaycan tarixinin, memarlığının dünyaya tanıdılması yolunda mühüm addım olduğunu vurğuladı.
Sonra söz musiqiyə verildi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında konsert proqramı təqdim olundu. Konsertdə Tofiq Quliyevin “Bakı haqqında nəğmə”, “Sevgilim”, “Sənə də qalmaz”, Niyazinin “Vətən mahnısı”, Rauf Hacıyevin “Leyla”, Vaqif Mustafazadənin “Mart”, Fərhad Bədəlbəylinin “Dəniz”, Faiq Sücəddinovun “Vətən haqqında ballada”, Fərəc Qarayevin “Cənab Bilayn”, Firəngiz Əlizadənin “Landscape” əsərləri səsləndirildi. Mahnıları Fərid Əliyev, Fidan Əhmədova, Nərgiz Əliyarova, Aysel Şahbazlı və başqaları ifa etdilər.
Tədbirdə “İçərişəhər” Tarixi Muzeyi tərəfindən hazırlanmış “Qədim Bakıya səyahət” filmi, “Bakı - dünən, bu gün və sabah” videoçarxı təqdim edildi.

F.Hüseynov