Mayın 17-də Azərbaycan İstiqlal Muzeyində “Avropa muzeylər gecəsi” aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi.
Muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək əlamətdar günün önəmindən danışdı. Qeyd etdi ki, bu gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm bir rol oynadığını göstərməkdir. Beynəlxalq bayram muzeylər arasında əlaqələrin güclənməsinə və səmərəli fəaliyyətə kömək edir.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev muzeylərin fəaliyyətinin daha da gücləndirilməsinin vacib olduğunu qeyd etdi. Muzeylərin milli mədəniyyətimizin, incəsənətimizin, tariximizin təbliğində böyük rolu olduğunu dedi. Bildirildi ki, muzeylərin əsas vəzifəsi eksponatların, sadəcə, qorunub saxlanılması, öyrənilməsi deyil, həm də onu təbliğ etməkdir.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə gənc rəssamların 100-dən artıq əl işi nümayiş olunurdu. Sərginin fəal iştirakçılarına təşəkkürnamələr təqdim edildi.
Daha sonra tədbir musiqi ilə davam etdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblı, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin muğam üçlüyü musiqili kompozisiya ilə çıxış etdi.
Fariz