Respublika Günü münasibətilə təntənəli mərasim

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyev çıxış edərək, mərasim iştirakçılarını və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. 96 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirən dövlət başçısı bugünkü müstəqil Azərbaycanın müsəlman Şərqində yaradılmış ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Dövlət başçısı təəssüflə bildirib ki, o zaman müstəqilliyimiz çox qısamüddətli olub, iki ildən sonra Xalq Cümhuriyyəti süqut edib. Ancaq bu müddətdə böyük işlər görülüb.
Xalqımızın Cümhuriyyətin yaradıcılarının xatirəsinə həmişə böyük ehtiramla yanaşdığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı. Dövlət başçısı vurğulayıb ki, Sovet İttifaqı tərkibində olduğu illərdə Azərbaycan tarixinin ən uğurlu səhifələri ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ildə ölkəmiz ikinci dəfə müstəqilliyə nail olsa da, o vaxtki rəhbərlik həmin tarixi şansdan istifadə edə bilməmiş, nəticədə Azərbaycan ağır böhranlı vəziyyətə düşmüşdü. Ulu öndərin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini və müstəqilliyini xilas etdi.
Prezident ölkədə demokratik təsisatların məhz ulu öndərin təşəbbüsü ilə yaradıldığını və möhkəmləndirildiyini, dünyaya inteqrasiyanın başladığını, iqtisadi islahatların aparıldığını, milli ideologiyanın yaradıldığını xatırladıb. “Biz bu gün o illərdə müəyyən edilmiş strategiya çərçivəsində fəaliyyətimizi aparırıq, Azərbaycanı inkişaf etdiririk”,- deyən dövlət başçısı qeyd edib ki, bu siyasi xəttin alternativi yoxdur.
Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı təəssüflə vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb. Prezident bir daha bəyan edib ki, münaqişə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu məsələdə ölkə iqtisadiyyatının güclənməsi mühüm rol oynayır və Ermənistanın təcrid vəziyyətində saxlanılması davam edəcək.
Son 10 ildə əldə olunan nailiyyətlərdən danışan Prezident regionların inkişafı ilə bağlı proqramların uğurla icra edildiyini, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artdığını, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, güclü enerji potensialının yaradıldığını, güclü ordunun formalaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan xalqı sözün əsl mənasında müstəqil olması ilə fəxr edir.
“Bizim yolumuz azadlıq, müstəqillik yoludur”,- deyən Prezident İlham Əliyev ən böyük sərvətimiz olan müstəqilliyimizin bundan sonra da qorunacağını vurğulayıb.
Sonra Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub. Təltif olunanlar mükafatlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Tədbir incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar