Mayın 23-də «Azər-İlmə» şirkətinin 20 illik yubileyi və «Azərbaycan xalçaları» jurnalının 10-cu nömrəsinin çapdan çıxması münasibətilə tədbir keçirildi. Tədbirdə millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycanda akkreditə olunmuş xarici ölkə diplomatları iştirak edirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov mərasimi açaraq mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edən xalça sənətimizdən, qədim sənətin bu gün yaşadılmasında «Azər-İlmə»nin rolundan danışdı: “Zaman-zaman zəifləyən, dövrün tələblərinə uyğun olaraq tənəzzülə uğramış xalçaçılıq sənəti Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən dirçəlməyə başladı. Respublikada iş adamlarının uğurlu fəaliyyətini təmin etmək məqsədilə özəl sektorun inkişafına dair proqramlar qəbul edildi, çoxsaylı fərmanlar imzalandı. «Azər-İlmə» də məhz bu dövrdə təşəkkül tapmış müəssisələrdəndir”. «Azərbaycan xalçaları» jurnalının əhəmiyyətindən danışan millət vəkili bildirdi ki, 2011-ci ildən Azərbaycan, rus, ingilis dillərində işıq üzü görən jurnal Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə «Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin reyestri»nə daxil edilib.
«Azər-İlmə» şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi qurumun uğurlarından, həyata keçirdiyi layihələrdən danışdı. Qeyd olundu ki, 1994-cü ildə yaranan, Azərbaycanın həyatında mədəni-iqtisadi hadisə olan «Azər-İlmə» 20 il ərzində şərəfli yol qət edib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həm paytaxtda, həm də bölgələrdə ayrı-ayrı xalq sənəti sahələrinin inkişafına diqqət və qayğısı öz bəhrəsini verməkdədir. Azərbaycan mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişafı, onun nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu əvəzsizdir: “Bizim də əsas məqsədimiz Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa etmək, milli xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan xalçasının beynəlxalq miqyasda layiqli şəkildə təbliğinə nail olmaqdır. 20 il ərzində bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan «Azər-İlmə» tarixən qədim toxuculuq mərkəzləri olan Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaradıb, əsrlər boyu formalaşmış milli ənənələri yüksək səviyyədə yaşadaraq böyük nüfuz qazanıb».
Vidadi Muradov qeyd etdi ki, hazırda «Azər-İlmə»nin 700 nəfərlik kollektivi formalaşıb: «Xalçaçılıq tədqiq olunaraq inkişaf etdirilən sənətdir. «Azər-İlmə»nin «Azərbaycan xalçaları bütün qrupları ilə» adlı fundamental layihəsi çərçivəsində reallaşdırdığı tədqiqatlar zamanı ayrı-ayrı bölgələrimizdə əsrlər boyu təşəkkül tapmış xalçaçılıq ənənələri, çeşnilər, üslublar, rəng və kolorit xüsusiyyətləri, ustad xalçaçılar, onların davamçıları haqqında dəyərli məlumatlar əldə edilib. Toxuduğumuz xalçalar 1997-ci ildə Atlanta (ABŞ), 1999-cu ildə Hannover (Almaniya), 2003-cü ildə Moskva (Rusiya) şəhərlərində uğurla sərgilənib. ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İtaliya və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın bir növ təmsilçisi olub. Şirkət «Uğur», “Caspian Energy İnternational Award”, «Kraliça Viktoriya adına eksklüziv» mükafatı, «Avropa keyfiyyət mükafatı», “İlin brendi” mükafatlarına layiq görülüb».
Tədbirdə Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu və digər çıxış edənlər əlamətdar yubileylər münasibətilə «Azər-İlmə»nin kollektivini və «Azərbaycan xalçaları» jurnalının əməkdaşlarını təbrik etdilər. Müxtəlif qurumlar tərəfindən «Azər-İlmə»yə diplom və hədiyyələr təqdim edildi.
Fəxriyyə Abdullayeva