Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirib.

Avropa Şurasının mənzil iqamətgahında keçirilən tədbirdə təşkilatın rəsmləri, Strasburqda akkreditə olunan diplomatik korpusun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak ediblər.
Nümayəndəliyin rəhbəri səfir Emin Eyyubov çıxış edərək müsəlman Şərqində 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqil və demokratik dövlətin yarandığını, cəmi 23 ay fəaliyyət göstərən bu dövlətin tarixdə mühüm iz qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra yenidən müstəqilliyini bərpa edən Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatı sürətlə inkişaf edən ölkəyə, Cənubi Qafqazda lider dövlətə çevrilib.
Azərbaycanı Avropada tanıtmaq istiqamətində bir çox layihələr həyata keçirən Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) Belçika təmsilçisi Roman Huna çıxışında Respublika Gününün Avropa Şurası kimi nüfuzlu bir təşkilatın mənzil iqamətgahında qeyd olunmasından cəmiyyətin məmnunluq duyduğunu bildirib. Qeyd edilib ki, tədbir Azərbaycanın Avropa Şurası Nazirlər Şurasına sədrlik dövrünə təsadüf etməsi ilə də əlamətdardır.
Çıxışlardan sonra Avropada tanınmış azərbaycanlı skripkaçı, AAC-ın mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Sabina Rakşeyeva və “Deco” ansamblının ifasında konsert proqramı təqdim olunub. Proqramda Argentina bəstəkarı Astor Piazzollanın və caz-muğamın banisi Vagif Mustafazadənin əsərləri ifa olunub.