Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, XX və XXI əsrlərin parlaq sənətkarları sırasında xüsusi yeri olan SSRİ və Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsi Fransanın paytaxtı Parisdə yad edilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Toğrul Nərimanbəyovun ailə üzvləri, fırça ustasının sənətinin pərəstişkarları iştirak ediblər.
Anma mərasimindən əvvəl rəssamın Parisin Passi məzarlığındakı qəbri önünə Azərbaycan hökuməti adından əklil qoyulub. Sonra Azərbaycan Mədəniyyət Mərkəzində anım mərasimi keçirilib.
Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov mərasimdə çıxış edərək rəssamın ömür yolundan, ailə şəcərəsindən söz açıb, sənətkarın ulu babalarının əslən Azərbaycanın Şuşa şəhərindən olduqlarını, yaşadıqları dövrlərin məşhur şəxsiyyətləri kimi tanındıqlarını bildirib. Toğrul Nərimanbəyovun atasının Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə bir qrup azərbaycanlı gənclə birlikdə Avropaya təhsil almağa göndərildiyi və burada fransız xanımı ilə evləndiyi, sonralar repressiyaya məruz qaldığı diqqətə çatdırılıb.
Hələ uşaq ikən rəssamlığa böyük həvəs göstərən Toğrul Nərimanbəyov bu sənətin sirlərinə tezliklə bələd olaraq özünü istedadlı rəssam kimi tanıdıb. Rəssamın “Muğam”, “İçərişəhər”, “Narlar”, “Xəzər üzərində şəfəq” və digər əsərləri ona böyük şöhrət gətirib, rəsmləri Fransa, Rusiya, ABŞ, Çin, İtaliya, Rumıniya, Belçika, Lüksemburq, Almaniya, Hindistan, Yaponiya və digər ölkələrdə müvəffəqiyyətlə nümayiş etdirilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında Toğrul Nərimanbəyovun Azərbaycanın tanınmış ziyalı ailəsində dünyaya gəldiyini, doğma vətənə vurğunluğun əsərlərində əksini tapdığını qeyd edib. Rəssamın yaradıcılığının əsasını mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı təşkil edir. Nazir müavini Toğrul Nərimanbəyovun SSRİ-nin və Azərbaycan Respublikasının Xalq rəssamı adına, Dövlət mükafatlarına layiq görüldüyünü, 2000-ci ildə ulu öndər Heydər Əliyevin, 2010-cu ildə isə Prezident İlham Əliyevin sərəncamları ilə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edildiyini, Prezidentin fərdi təqaüdçüsü olduğunu xatırladıb.
Qeyd olunub ki, məşhur fırça ustasının portret, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri kimi dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində nümayiş etdirilərək müəllifinə şöhrət gətirib. Nazir müavini görkəmli sənətkarın işıqlı xatirəsinin onu sevənlərin qəlblərində əbədi yaşayacağını vurğulayıb.
Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren rəssamla bağlı xatirələrini bölüşüb, Toğrul Nərimanbəyovun əsərlərinin nəinki doğma vətəni Azərbaycanda, habelə anasının vətəni Fransada müəllifinə böyük şöhrət qazandırdığını qeyd edib.
Rəssamın qızı Əsmər Nərimanbəyova isə atası ilə bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Mərasimdə Fransa ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və digər sənət adamları, rəssamın yaxın qohumları, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporumuzun təmsilçiləri və tələbələrimiz iştirak ediblər.
Qeyd edək ki, 1930-cu ildə Bakı şəhərində anadan olan Toğrul Nərimanbəyov 2013-cü il iyunun 2-də Fransada dünyasını dəyişib və Parisdəki Passi qəbiristanlığında dəfn olunub.