İyunun 4-də Niyazinin mənzil-muzeyində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Muzeyin foyesində sənətkarın həyat və fəaliyyətinə dair arxiv materialları əsasında hazırlanmış fotosərgi nümayiş olunurdu.
Tədbirdə muzeyin direktoru Rza Bayramov çıxış edərək Lütfiyar İmanovun Azərbaycan vokal ifaçılığına yeni rəng qatan sənətkar olduğunu vurğuladı.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Lütfiyar İmanovun həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbini bitirən L.İmanov dövlət estrada orkestrində, sonralar Musiqili Komediya Teatrında çalışıb. 1958-ci ildə gənc müğənni maestro Niyazinin diqqətini çəkib. Ona Akademik Opera və Balet Teatrında Koroğlu rolunu oynamaq təklif edilib. Bir çoxları Lütfiyarın hələ gənc olduğunu və bu rolun öhdəsindən gələ bilməyəcəyini desə də, o, 1959-cu ildə Moskvada tamaşaya qoyulan “Koroğlu” operasında baş rolu böyük ustalıqla oynayıb.
Bundan sonra onun opera səhnəsində çıxışları daha geniş vüsət alır, Azərbaycan musiqisini xaricdə layiqincə təbliğ edir. Sənətkar ilk dəfə 1960-cı ildə Hindistanda qastrol səfərində olur və mahnıları Azərbaycan dili ilə yanaşı, hind dilində də ifa edir. Sonralar Türkiyə, Bolqarıstan, Norveç, Kuba, Çexiya, Polşa, Almaniya və digər ölkələrdə də musiqimizin şöhrətini yayır.
Xalq artistləri Canəli Əkbərov, Xuraman Qasımova və sənətkarın ailə üzvləri çıxış edərək müğənninin zəngin yaradıcılıq yolundan söz açdılar, xatirələrini bölüşdülər.
Lütfiyar İmanovun yaradıcılığını əks etdirən videoçarx, “Koroğlu”, “Vaqif”, “Otello” operalarından videogörüntülər nümayiş etdirildi.
Tədbir Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı ilə davam etdi. Bakı Musiqi Akademiyasının tələbələrinin və Azərbaycan Televiziyası və Radiosunun solistlərinin ifasında “Laçın”, “Ay dilbər”, “Aman ovçu” xalq mahnıları, “Gülə bilməz bahar sənsiz”, “Sənə də qalmaz”, “Koroğlu” operasından Koroğlunun ariyası, “Sevil” operasından Sevilin ariyası və başqa musiqilər səsləndirildi.
Fariz Hüseynov