Özbəkistan nümayəndə heyəti Milli İncəsənət Muzeyi ilə tanış olub
Xəbər verdiyimiz kimi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri - tanınmış elm və mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti iyunun 2-dən ölkəmizdə səfərdədir. Azərbaycanın mədəniyyəti, incəsənəti, elm və təhsil sahələri ilə tanışlıq, bu istiqamətlərdə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə reallaşan səfərin zəngin proqramı var.
İyunun 4-də nümayəndə heyəti R.Mustafayev adına Milli İncəsənət Muzeyində oldu. Ekspozisiya barədə qonaqlara məlumat verən muzey bələdçisi burada qədim əsrlərdən müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin nümayiş olunduğunu bildirdi. Qeyd olundu ki, Azərbaycan, Qərbi Avropa, rus, Şərq ölkələri incəsənətinin nümunələri yer alıb. 1920-ci ildə təşkil edilən muzey hazırda iki korpusda yerləşir.
Qədim tarix-mədəni irs nümunələri, e.ə. VI-IV minilliklərə aid edilən məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc, mis məmulatları, şəbəkə, döymə, oyma üslublarında yaradılmış zərgərlik nümunələri qonaqlarda zəngin təəssürat yaratdı. XIX əsr Azərbaycan təsviri incəsənəti ilə tanış olan qardaş ölkənin təmsilçilərinə görkəmli fırça ustaları Mirzə Qədim İrəvani, Mir Mövsün Nəvvab, Abbas Hüseynin əsərlərindən söz açıldı. XX əsrin əvvəllərində yaşayıb-yaratmış Bəhruz Kəngərli və Əzim Əzimzadənin yaradıcılığında realist təsvir formalarının daha qabarıq hiss olunduğu bildirildi. Azərbaycan incəsənətinin mühüm və ən geniş yayılmış növlərindən olan xalça sənətinin nəfis nümunələri, müxtəlif dövrlərdə toxunmuş xovlu və xovsuz, mövzulu və ornamental xalçalar da maraqla qarşılandı. Müasir Azərbaycan təsviri incəsənəti (boyakarlıq, heykəltəraşlıq, qrafika, dekorativ-tətbiqi sənət) ekspozisiyası da qonaqları heyran etdi.
Sonra nümayəndə heyəti muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevlə və muzey əməkdaşları ilə görüşdülər. Xatirə hədiyyələrinin qarşılıqlı təqdimatından sonra iki dost ölkə arasında əlaqələr barədə fikir mübadiləsi aparıldı. Muzey işi sahəsində görülə biləcək işlər, qarşılıqlı sərgilərin təşkili, təcrübə mübadiləsi, müasir muzeyşünaslıq kimi məsələlərdən söz açıldı.
Görüşdən sonra qonaqlardan bəzilərinin təəssüratlarını öyrəndik. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin professoru, tarix elmləri doktoru Erkin Nuriddinov mədəni əlaqələrin bundan sonrakı inkişafı üçün mübadilə amilindən danışaraq, elm xadimlərinin bu işdə xüsusi fəallıq göstərməsini vacib saydı: “Özbəkistan hökuməti xalqlar arasında əlaqələrin qurulmasına, mədəni əməkdaşlığa xüsusi diqqət göstərir. Azərbaycana gəlincə, iki ölkənin başçısının rəhbərliyi ilə əlaqələrimiz uğurla davam etdirilir. Bu sırada Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də öz yeri var. Cəmiyyət Azərbaycanın Daşkənddəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə mədəniyyət, elm, təhsil sahəsində layihələr həyata keçirir. Bu sıx əməkdaşlıq çərçivəsində kitab sərgiləri, ədəbiyyat xadimlərinin, şair və yazıçıların yaradıcılıq gecələri, bundan başqa hər iki xalqın milli bayramları və digər tarixi günlərlə bağlı müxtəlif tədbirlər reallaşdırılır. Bunun davamlı olması üçün biz səfirlik və mərkəzlə sıx əlaqədəyik. Azərbaycanın gözəl mədəniyyət və incəsənət inciləri ilə bilavasitə tanışlıq, keçirdiyimiz görüşlər təəssüratlarımızı daha da zənginləşdirdi və əlaqələrimizin sonrakı mərhələsinə müsbət təsir göstərəcək. Qonaqpərvər, açıqürəkli xalqınıza təşəkkür edir və dostluq, qardaşlıq əlaqələrimizin davamlı, daha möhkəm və sıx olmasını arzulayıram”.
K.Behzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutunun prorektoru, professor Dilfuza Raxmatullayeva Bakıda olmasından böyük məmnunluqla danışdı, bu səfərin yaddaşında dərin iz salacağını dedi: “Azərbaycan və özbək xalqlarını qədim və çox dərin tarixi izlər birləşdirir. Ona görə də bu doğma insanlar arasında olmaqdan ayrı bir sevinc duyuram. Bizi çox səmimi, mehriban və doğma qarşıladılar. İnsanların çöhrəsindəki sevgi və səmimiyyət hər şeyi izah edir. Oxşar mədəniyyət, incəsənət, irs, milli-mənəvi dəyərlər bizi bir daha ovsunladı. Hazırda olduğumuz bu muzey unikallığı və Azərbaycan mədəniyyətinin ən müxtəlif çalarlarını gözəl çiçək buketi kimi təqdim etdiyindən sadəcə heyran qaldım. Muzeyin müasir formada tərtibatı və təqdimatı təqdirəlayiqdir. Ona görə də düşünürəm ki, bundan sonra da iki ölkə arasında qarşılıqlı əlaqələr, mədəni mübadilə davamlı olmalıdır”.
Daşkənd Dövlət Pedaqoji İnstitutunun nəzdində yaradılan informasiya resursları mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor İbrahim Yoldaşov isə eyni dil və milli dəyərləri yaşadan ölkələrin tarix səhifəsində minilliklər əvvələ bağlı yaxınlığından söz açdı: “Bizim mədəniyyətlərimiz və dilimiz müştərəkdir. Demək, bu dostluq qədimlərə dayanır. Dil, din, məişətimiz də yaxın və çox bənzərdir. Hər iki ölkənin müstəqilliyinə qovuşması ilə bu dostluq, qardaşlıq əlaqələri daha da intensivləşdi. Yəni iki xalq bir-birini əskidən tanıyır, sevir. Tərcüməsiz klassik şairlərimiz mütaliə olunur, ədəbi-elmi əlaqələr möhkəmlənir. Amma düşünürəm ki, bu ortaq əlaqələr daha da inkişaf etməlidir. Elmi əməkdaşlıq, mədəni görüşlər, konfranslar, incəsənət tədbirlərinin qarşılıqlı və çox olmasını arzu edirik”.
Xatırladaq ki, Özbəkistan nümayəndə heyətinin səfəri iyunun 9-dək davam edəcək.
Həmidə Nizamiqızı