İyunun 9-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi II Fəxri xiyabanda Xalq artisti Məlik Dadaşovun məzarını ziyarət edib. Görkəmli aktyorun xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov sənətkarın milli kino sənətimizə, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirilib ki, Məlik Dadaşovun böyük aktyor kimi teatr və kinoda, bir pedaqoq kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin yetişməsində əvəzsiz rolu olub: “Belə sənətkarlarımızı yaddan çıxarmamalıyıq. “Azərbaycanfilm” kinostudiyasında əməyi olan korifeyləri yad etmək mənəvi borcumuzdur”.
Bu il Məlik Dadaşovun 90 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran kinostudiyanın direktoru aktyorun sənətkarlığından, fitri istedad və peşəkarlığından söz açıb.
Əməkdar artist Ənvər Həsənov və digər çıxış edənlər unudulmaz sənətkarın yaradıcılığı haqqında fikirlərini söyləyib, xatirələrini bölüşüblər. Məlik Dadaşovun aktyorluq məharətinin, kinoda yaratdığı rolların bu sənətdə ilk addımlarını atan gənclər üçün məktəb olduğu vurğulanıb.
Məlik Dadaşov 1924-cü ildə Bakıda dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra Asəf Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Zaqatala və Şəmkir dram teatrlarında, Gənc Tamaşaçılar Teatrında, Akademik Dram Teatrında aktyor kimi çalışıb, Dövlət Rus Dram Teatrına rəhbərlik edib.
Kinoda 1947-ci ildə “Fətəli xan” tarixi-bioqrafik filmində debüt edib. Aktyorun kinodakı rolları sırasında “Dəli Kür” bədii filmində molla Sadıq surəti və “Axırıncı aşırım” filmindəki Qəmlo rolu xüsusilə seçilir. Görkəmli sənətkar “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə yaddaqalan və maraqlı obrazlara da ekran həyatı verib. 1996-cı ildə dünyasını dəyişib.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar