İyunun 6-da “Dalğa Plaza”da Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in yaranmasının 90 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə dövlət rəsmiləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

Yubiley mərasimində çıxış edən “Azərnəşr”in direktoru Azər Mustafazadə qurumun yaranmasından və fəaliyyətindən danışdı. Qeyd etdi ki, 1923-cü ildən fasiləsiz fəaliyyət göstərən “Azərnəşr” təkcə Azərbaycanda deyil, ümumilikdə müsəlman Şərqində ilk dövlət nəşriyyatı olub. Nəşriyyatda Azərbaycanın tanınmış şəxsləri - Ruhulla Axundov, Əhməd bəy Cuvarlı, Hökümə Sultanlı, Mustafa Əfəndiyev kimi insanlar çalışıb. Həmçinin ədəbiyyatımızın görkəmli nümayəndələri Əhməd Cavad, Salman Mümtaz, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Rəsul Rza “Azərnəşr”də fəaliyyət göstərərək Azərbaycanda əhalinin savadlanmasında, elmin, təhsilin, mədəniyyətin və ədəbiyyatın inkişafında böyük rol oynayıblar. Nəşriyyat fəaliyyəti dövründə yetişən nəslin, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verib. Vurğulandı ki, “Azərnəşr” ötən illərdə olduğu kimi, bundan sonra da xalqımızın maariflənməsi, ölkəmizdə nəşriyyat işinin daha da inkişaf etdirilməsi, çap məhsullarında dövlətçiliyimizin, milli ruhun təbliği istiqamətində fəaliyyətini davam etdirəcək.
Azər Mustafazadə qeyd etdi ki, “Azərnəşr”də ötən illər ərzində on minlərlə müxtəlif profilli kitab çap olunub. Azərbaycan tarixinə, Qarabağ həqiqətlərinə həsr olunmuş onlarla kitab rus, ingilis, fransız və digər xarici dillərdə işıq üzü görüb. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını da “Azərnəşr” oxuculara təqdim edib. Son on ildə nəşriyyatda ümummilli lider Heydər Əliyevin çıxışları, bəyanatları, müsahibə və məktubları, digər sənədlər toplanan "Müstəqilliyimiz əbədidir” adlı 46 cildlik çapdan çıxıb. Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən "İnkişaf məqsədimizdir" çoxcildliyi də nəfis tərtibatda “Azərnəşr”də çap olunur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Azərnəşr”in Azərbaycanda mədəniyyətin inkişafında, gənc nəslin formalaşmasında, ədəbiyyatın təbliğində göstərdiyi xidmətlərdən və tutduğu önəmli mövqedən danışdı. Nazir ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə kitab və nəşriyyat işinə göstərdiyi diqqət və qayğıdan söz açdı: “Ölkəmizdə bütün sahələrdə olduğu kimi, nəşriyyat sahəsinə də xüsusi diqqət var. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunması bunun bariz nümunəsidir”.
Qeyd olundu ki, Azərbaycanda dövlət siyasətinin həyata keçirilməsi, dövlətçiliyin daha da möhkəmləndirilməsi, müstəqillik ideyalarının təbliğində mühüm xidmətlər göstərən “Azərnəşr” son illər bu istiqamətdə fəaliyyətini daha da genişləndirib. Nəşriyyatın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Nazir diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli sərəncamı ilə “Azərnəşr”in bir qrup əməkdaşı “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
Sonra Əbülfəs Qarayev mükafatları sahiblərinə təqdim etdi. Qasımov Mirqalim Mirabdulla oğlu, Məmmədyarova Elmira Kamil qızı və Mikayılzadə Pikəxanım Qulam qızına “Əməkdar mədəniyyət işçisi” fəxri adının vəsiqə və nişanı, Babayev Tofiq Ağababa oğlu, Əzizova Sevinc Aslan qızı, Fərəcov Etibar Zülfüqar oğlu, Hüseynova Aynaxanım Əliağa qızı, Kərimova İlhamə Ələkbər qızı, Məmmədova Lətifə Musa qızı, Nəcəfova Zoya Qurban qızı və Sadıqov İslam Hüseyn oğluna “Tərəqqi” medalı təqdim olundu.
Nazir mükafatlandırılanları və “Azərnəşr”in bütün kollektivini yubiley münasibətilə təbrik etdi, gələcək işlərində yeni-yeni uğurlar arzuladı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar